Şrift:
Professor Qulamzra Səbri Təbrizi: “Güney Azərbaycanın tək bir təşkilatı var, bu Milli İradədir”
02.12.2015 [13:41] - Güney Azərbaycan xəbərləri, Müsahibə, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) sədri professor Qulamrza Səbri Təbrizi İran televiziyasının türkləri təhqir etməsi və Azərbaycan türklərinin etirazı barədə “Hüriyyət” qəzetinə geniş Müsahibə vertib.
Müsahibəni olduğu kimi təqdim edirik:
“Tehrandan yayımlanan “İRİB TV-2” kanalında Türkləri təhqir edən “Fitileh” (Fitil) uşaq proqramında verilişin yayımından sonra, Güney Azərbaycanın başkəndi Təbriz başda olmaqla, Urmu, Zəngan, Qəzvin, Sulduz, Həmədan, Savə, Ərdəbil, Meşkin, Əhər, Culfa, Mərənd, Miyana, Xoy, Marağa, Xalxal və başqa şəhərlərdə etiraz dalğası o qədər güclü oldu ki, hətta dünyanın bütün informasiya agentlikləri, televiziya kanalları və qəzetləri də bu olayları geniş şəkildə işıqlandırararaq, günün ana olayı kimi təqdim etdilər. Güney Azərbaycanda xalq sadəcə “İRİB TV-2”-yə deyil, toplam bölgənin bütün problemlərinin qabardılmasını gündəmə gətirdi.
Yaranmış durumla bağlı bir neçə il öncə proqnozlarını vermiş, proseslərin daha üstün səviyyədə xalqımızın mübarizə əzmi ilə gündəmdə olacağını deyən GAMAC (Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi) lideri professor Qulamrza Səbri Təbrizinin bir daha fikirlərini öyrənməyə çalışdıq.

–Qulamrza Bəy, siz XXI yüzildə dünyada əsarətdə olan xalqların özgürlük davasının önündə lider qismində gedəcək tək bir toplum olaraq Güney Azərbaycanın olacağını neçə il öncə açıqlamışdınız. Bu gün də həmin fikirdə qalırsınızmı?

–Əlbəttə. Bizim milli davamızın axarı da bunu sübut edir. Biz xalqların özgürlük davasını başqa toplumlar kimi hansısa böyük dövlətlərin iradəsi, silahlı mübarizə metodu, terror eyləmləri müstəvisində aparmırıq. Bütün bunlar qonşu xalqlarla sabah illərlə sonu tükənməyən, münasibətlərə zərər vermiş qaydada olmamalıdır. Güney Azərbaycanın fundamental təməllər üzərində köklənmiş milli mübarizəsini önə çəkirik. Unutmaq olmaz ki, 1925-ci ildən bu yana Güney Azərbaycan Türkünü inkar siyasəti aparılıb. Ötən 90 ildə qəddar və rəzil pəhləvilər, indi hakimiyyətdə olan mollakratiya rejimləri o qədər dərin yaralar vurublar ki, onun fəsadlarını aradan qaldırmaq üçün bir insan ömrü belə yetərli deyil.

–Həmin problemləri bir qədər açıqlaya bilərsinizmi?

–Pəhləvilər və indiki mollakrat rejimləri dönəmində Güney Azərbaycan Türkünü inkar yolu rəsmi dövlət siyasətinə çevrilmişdir. Ana dilində təhsilin yasaqlanması, milli təsisatların qarşısının alınması, mədəni azadlıqların inkar edilməsi, “arizm” xəstələyinin virus kimi yayılması, dini-klerikal düzəndə ümmtəçilik adı ilə daha dərin fəsadların irəli sürülməsi Güney Azərbaycanın milli faciələrinin təməl prinsipidir. Başqa bir tərəfdən isə Güney Azərbaycanın pəhləvilər, həm də indiki molla rejimi dönəmində təbii sərvlətlərinin talan edilməsi, əhalinin daim aclıq, yoxsulluq, səfalət və cəhalət içində yaşamasına səbəb olmuşdur. Bütün bunlar azmış kimi, hər iki rejim Güney Azərbaycan üzərində hərbi-polis siyasətini tətbiq etmişdir. Etiraz edən, haqsızlıqlara görə səsini çıxaran hər bir insanı yerindəcə edam etmişlər. Bu edamların tək hədəfi var. Kim səsini çıxararsa, yaşanılan aqibətin onu da gözlədiyinə açıq şəkildə işarədir. XX və XXI yüzildə dünyada bunca rəzalətlə üz-üzə qalan, yaşamağa məcbur edilən ikinci xalq tanımıram.

–İndi bütün bunlardan çıxış yolunu nədə görürsünüz?

–Bəlli bir dünya təcrübəsi var. Bu, hər millətin öz kimliyi, dəyərləri və istiqbalı uğrunda aparacağı mübarizə, onun taktiki hədəfləri sayəsində mümkün ola bilən milli iradəyə bağlıdır. Onan görə də, bir yandan Güney Azərbaycanın daxilində, başqa bir yandan isə mühacirətdə yaşayan soydaşlarımızın milli təşkilatlanma hədəflərini ortaya qoymuşuq. Artıq xalqımız daxili və dış faktorları milli müstəvidə ortaq bir nöqtəyə yönələndirməyin hədəflərini belə, indi çoxları dərk etməyə başlayıb. Əlbəttdə, başqa xalqlardan fərqli olaraq, bizim milli mübarizə yolumuz çox ağrılı və çətinliklərlə başa gəlir. Ona görə ki, dünyanın güc mərkəzlərini təmsil edən dövlərlərdə hələ də tarixi türk düşmənçiliyi siyasəti davam edir. Bax buna görə də, hansısa dövlətin dəstəyi yoxdur. Bizə Türkiyə və Quzey Azərbaycandan olan mənəvi dəstək vardır. Böyük güclərin bölgəsəl strateji hədəfləri olduğu üçün, heç bir zaman Güney Azərbaycan uğrunda milli davamıza dəstək olmayacaq. Bizim milli dava uğrunda apardığımız tək güvənc yerimiz elə Güney Azərbaycanın özüdür.

–Güneydə son etiraz hərəkatı sizin fikrinizcə hansısa bir nəticəni əldə edə bildimi?

–Tehran rejimi ilk dəfə idi ki, əməlli başlı təlaşa düşdü. Sadəcə Güney Azərbaycanda deyil, indi əhalisnin sayı 15 milyonu ötən Tehrandakı 5 milyonluq soydaşlarımız da mollakratiya rejimini çalxalayan, titrədən, diz üstə çökməyə məcbur edən proseslərə qatıldılar. Xalq bu etirazlarda sadəcə hansısa TV kanalda millətin təhqir olunmasını deyil, həm də illərlə yığılıb qalmış sosial-iqtisadi problemləri də gündəmə gətirdi. Buna görə də, Urmu gölünün qurudulması üçün illər öncə axarı başqa səmtə yönəldilən iki çayın məcrası dəyişdirildi. İndi bu çaylar Urmu gölünə təbii axarla yönəldilmişdir. Biz Urmu gölü ilə bağlı neçə illərdir mübarizə aparırdıq. Dünyanın ən böyük duzlu gölünün quruması bölgədən azından 5-8 milyon əhalinin başqa yerlərə məcburi miqrasiyası, bunun ardınca isə bəşəriyyətin ən böyük ekoloji faciəsi kimi tarlaların, meşələrin, ətraf mühitin tamamilə quruması halları baş verirdi. Bax, Güney Azərbaycan Milli Hərəkatı bu üzücü problemin qarşısını beləcə aldı. İndi sırada sosial-iqtisadi problemlərin qarşısının alınması, ana dilində təhsil, milli nəşriyyatların, mədəni təsisatların yaradılması kimi problemlərin həllinə çalışacağıq. Biz bu hədəflərə doğru ancaq intellektual səviyyədə addım atmalıyıq. Həmin intellektual düzənin milli iradəyə çevrilməsinə çalışırıq.

–Son etiraz hərəkatında Güney Azərbaycan davasını aparan təşkilatlar birlik nümayiş etdirdilər.

–Bəli, bu belə də olmalı idi. GAMAC, GAMOH, GAİB və başqa milli təşkilatlar vahid cəbhədə birləşdilər. Elə Güney Azərbaycanın daxilindəki sosial və milli təşkilatlar da birlik və bərabərlik nümayiş etdirdilər. İlk dəfə idi ki, bu prosesdə “lider davası” ortaya atılmadı. Tək bir lider var, o da Güney Azərbaycan xalqının Milli İradəsidir. Bunu indi hər kəs dərk etməyə başlayıb. Bizlər sadəcə təşkilat olaraq, bu mübarizənin bir parçasıyıq. Unutmaq olmaz ki, XXI yüzil liderlər üzərində qurulan siyasətlə deyil, cəmiyyətin sosial sifarişləri ilə idarə olunur. Siyasi və ictimai qurumlar isə həmin prosesləri həyata keçirir. Mən GAMAC başqanı olaraq, bu möhtəşəm prosesdə GAMOH lideri doktor Mahmudəli Çehreqanlıya xüsusilə təşəkkür edirəm. Güney Azərbaycan Milli Davasına qoşulan hər bir soydaşımızı bağrıma basıram. Bizlər təşkilatlar olaraq birlikdə mübarizə apardıqca, daha möhtəşəm oluruq. Bunu son etiraz hərəkatında Güney Azərbaycanda və bütün dünya boyunca birlikdə bu birliyi, gücü və qüdrəti nümayiş etdirdik. Xüsusilə Təbriz, Urmu, Zəngan, Qəzvin, Ərdəbil və başqa şəhərlərdəki universitet tələbələrinin etiraz hərəkatımızın önündə getməsi çox böyük mənada qürurverici gücümüz oldu. Onların hər biri sabahımızın mütəxəssisləri, alimləri, mühəndisləri, milli iradəmizin yetənəkli kadrları sayılırlar. Hansı xalqın milli mübarizəsində tələbə hərəkatı öndə gedirsə, bilin ki, həmin xalqın gələcəyi də möhtəşəm və etibarlı əllərdə olması deməkdir. Mühacirətdə fəaliyyət göstərən milli təşkilatlarımız beynəlxalq birliyi bizim haqlı davamızın yanında olmasına vadar etdi. Bu da bizim uzun illərdir apardığımız haqlı tələblərimizə dəstək verilməsində mühüm rol oynadı. ABŞ, İngiltərə, Almaniya, Fransa, Türkiyə, Kanada, İtaliya və başqa ölkələrin mətbuatında ilk dəfə idi ki, Güney Azərbaycandakı etiraz hərəkatı geniş şəkildə işıqlandırıldı. Mən bu prosesdə dünyanın aparıcı TV kanalları qismində BBC, CNN, Sky News, TBS News, France-24, DW TV (Deutsche Welle), Euronews, Türkiyənin bütün TV kanallarına təşəkkür edirəm. Quzey Azərbaycandakı bütün KİV-lərə isə xüsusi sayğılarımızı bildirirəm.


–Sizin fikrinizcə dünya birliyinin Güney Azərbaycana olan diqqətinin səbəbləri nədən ibarət idi?

–Bilirsinizmi, Orta Şərqdə gedən prosesləri diqqətlə izləyəndə bəlli olur ki, hər bir xalqın özümlü şəkildə coğrafi sərhədləri çərçivəsində yaşamaq və mövcud olmaq kimi strateji hədəfləri mövcuddur. Güney Azərbaycanda göllərin, içməli su hövzələrinin qurudulması, əhalinin ağır şərtlər altında sosial-iqtisadi həyat tərzinin bunca davam etməsi kimi üzücü problemlərin çözümü vacib məsələlərdən biridir. Biz hansısa xalqın ərazisinə iddialar etmirik. Biz milli mücadiləmzi silahlı mübarizə və müharibələr yolu ilə aparmağı hədəf seçməmişik. Ona görə də dünyanın özü belə, heyrət içində idi. Xalq ayağa qalxan kimi dərhal Təbrizdən və Urmudan olan millət vəkilləri Məhəmməd İsmayıl Səidi və Cavad Cahangirzadə, alimlər, işadamları, ziyalılar, hətta vətənpərvər din xadimləri də bizim irəli sürdüyümüz milli iradəyə qoşuldular. Dinc şəkildə küçə nümayişləri və yürüşlər, irəli sürülən tələblər terror eyləmlərinə, qanlı savaşlara çağırışlar kimi səsləndirilmədi. Sivil yolla milli iradəni ortaya qoymaqla Güney Azərbaycan xalqının savadlı bir şəkildə ictimai proseslərin axarını dəyişmək hədəfi dünya güclərinin də heyrətinə səbəb oldu. İndi Orta Şəqr xalqlarının mübarizəsi silahlı, radikal dinçi qruplar, əşirətlərin mənfəətləri üzərində köklənib. Güney Azərbaycanda isə bunların heç biri yoxdur. Biz ana dilində təhsil, milli kimliyimizin qəbul edilməsi, mədəni təsisatlarımızın bərpa edilməsi, coğrafi hüdudlarımız çərçivəsində sosial-iqtisadi problemlərimizin həlli kimi tələblərlə çıxış edirik.

–Bundan sonra Güney Azərbaycanda nələri proqnozlaşdırmaq olar?

–Fikrimizcə öncələrdə olduğu kimi, insan haqları və milli hüquqların, milli təsisatların güclü şəkildə müdafiəsini təşkil etməliyik. Bu prosesdə hansı təşkilat daha güclü şəkildə fəal olacaqsa, onları da dəstəkləməliyik. GAMAC təşkilatı olaraq, biz daim bu hədəfləri ortaya qoymuşuq. Bizim milli tribunamız kimi fəaliyyət göstərən “GünAz TV” kanalının fəaiyyətlərində də bütün bunları müşahidə etmək mümkündür. Bundan əlavə, çoxsaylı internet resurslarımız, digər KİV yayınlarımızın da tək hədəfi milli davamızın milli iradə şəklində inkişaf etdirilməsinə yönləndirilib. Dünya düzənində artıq diktatrura rejimləri bir-bir çökməkdədir. Bu rejimlərin illər boyu yaratdığı fəsadların qarşısını almaq hər bir xalqın milli iradəsinə çevrilməlidir. Xalqlar və ölkələr hansısa təşkilatların, şəxsiyyətlərin, əşirətlərin hüdudsuz iradəsi ilə deyil, demokratik qanunların düzənində inkişaf yolunu hədəf seçməlidir. Ən güclü silah demokratiya uğrunda aparılan hədəfə bağlı olmalıdır. Bir xalqın ki, milli kimliyi və iradəsi ağır şərtlər altındadırsa, deməli orada hər hansı bir inkişafdan, demokratik dəyərlərdən danışmağına dəyməz. Dünyada XXI yüzilin şərtləri məhz demokratik və qanunların üzərində köklənmiş iradəni başlıca hədəf olaraq qəbul edir. GAMAC təşkilatı bu prinsiplər əsasında hərəkət etməklə milli davanın iradəsini təkcə Güney Azərbaycanda deyil, dünya və beynəlxalq təşkilatlarla birlikdə bu hədəflərə doğru addımlamışdır. Biz Güney Azərbaycanda və beynəlxalq düzəndə təkcə ona nail ola bilmişik ki, tarixi torpaqlarımızda hər hansı bir vətəndaş savaşı yoxdur.”

(ardı var)
Söhbətləşdi Ə. Yusifoğlu
Bu xəbər oxucular tərəfindən 1143 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed