Şrift:
İranda islahatçı namizədlərin 30 faizi qadınlar olacaq
09.12.2015 [16:54] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İslahatçılar İranda gələcək parlament seçkilərində qadınların 30 faizlik iştirakına inanır və bunun üçün var gücləri ilə çalışacaqlar. ISNA agentliyinin verdiyi məlumata görə, bunu İslahatçıların Siyasətini Müəyyənləşdirən Şuranın sədri Məhəmmədrza Arif bu gün Tehranda keçirilən "Qadın məsələləri üzrə qanunvericiliyə təsir edən amillər" adlı seminarda çıxışı zamanı deyib.

M.Arif qeyd edib ki, ölkənin inkişafı üçün İranda gedən proseslərdə qadınların hərtərəfli iştirakına ehtiyac var: “İctimai və siyasi proseslərdə qadınların iştirakını fəallaşdırmaqda məqsəd ölkənin inkişafında qadınların rolunu artırmaqdır. Hazırda bunun üçün əlverişli şərait var”.

O bildirib ki, cəmiyyətimizin 50 faizini qadınlar təşkil edir və onlar ölkənin inkişafında yardım etməlidirlər: “İctimai işlərdə qadınların rolunu artırmaq üçün onların qanunların qəbulu prosesində iştirakını artırmaq lazımdır”.

Qeyd edək ki, İranda parlament (İran İslami Məşvərət Məclisi) seçkiləri dörd ildən bir keçirilir. İranda IX çağırış parlament seçkiləri 2012-ci il martın 2-də keçirilib. Əli Laricaninin sədrlik etdiyi Məclisdə hazırda 290 deputat var. X çağırış parlament seçkiləri 2016-cı il fevralın 26-da keçiriləcək.

İran mətbuatının məlumatına əsasən, indiyədək İranda partiya, cəmiyyət, hərəkat və digər formalarda 2500-dən artıq siyasi təşkilat qeydiyyatdan keçib. Lakin onlardan 60 faizinin fəaliyyət göstərdiyi bildirilir. İranda partiyalar üç - mühafizəkar, islahatçı və mötədil düşərgələrində siyasi mübarizə aparırlar. İslahatçılar düşərgəsində 47, mühafizəkarlarda 35, mötədillərdə isə 25 partiya fəaliyyət göstərir. Onlardan isə yalnız 10-15 partiya aktivdir.
Bu xəbər oxucular tərəfindən 394 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed