Şrift:
Rəfsəncaninin qızı: “Mühafizəkarlar xalqın səsindən ehtiyatlanırlar”
10.12.2015 [09:06] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi ayətullah Haşimi Rəfsəncaninin qızı Fatimə Haşimi dekabrın 7-də Tehran Universitetinin ədəbiyyat fakültəsində tələbələrlə görüşərək qarşıdan gələn parlament seçkisindən danışıb.
Fatimə Haşimi deyib ki, seçki ərəfəsində islahatçı şəxslərin müxtəlif tədbirlərdə çıxışına yaradılan maneələr və onların toplantılarının təzyiq qrupları tərəfindən dağıdılması mühafizəkarların (üsulçuların) nigaranlığından xəbər verir: “Əhali arasında aparılmış bəzi sorğu nəticələri göstərir ki, qarşıdan gələn parlament seçkisində səslərin 70 faizi islahatçı namizədlərə, 20-30 faizi isə mühafizəkarlara məxsus olacaq. Hesab edirəm ki, özündə güc hiss edən hər kəs namizədliyini irəli sürməli, səlahiyyətinin rədd edilib-edilməyəcəyindən qorxmamalıdır.

Mühafizəkarlar, qarşıdan gələn seçkidə əhalinin islahatçılara verəcəyi səsindən ehtiyatlanır, indidən nigaranlıq hissi keçirirlər. Onların əhali arasında ümidsizliyə rəvac verməsi və onları pasivləşdirmək istiqamətindəki cəhdləri də elə həmin qorxu və nigaranlığa görədir. Bu seçkinin yaxşı və müsbət cəhətlərindən biri odur ki, onu icra edən və ona nəzarət edən qurum eyni deyil. Belə ki, Ruhani hökuməti ilə Konstitusiyaya Nəzarət Şurası arasında fikir baxımından fərqlər var. Elə buna görə də səsvermə zamanı heç kəs sandıq başında istədiyini edə bilməz”.

Qeyd edək ki, İran parlamentinə seçkilər 2016-cı ilin martında keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 329 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed