Şrift:
Azərbaycanlı fəal Siyamək Seyfi tutulub
14.12.2015 [10:30] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda Azərbaycan milli kimliyi uğrunda dinc mübarizə apardığına görə ETTELAAT məmurları tərəfindən axtarılan gənc fəal Siyamək Seyfi tutulub.
İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları bir neçə həftədir axtarışda olan gənc fəalı dekabrın 10-da Meşkinşəhrdə tutub naməlum istiqamətə aparıblar. Fəalın hazırda harada saxlanıldığı və onun konkret nədə günahlandırılması haqda məlumat yoxdur. Son həftələrdə ETTELAAT məmurlarının Siyamək Seyfiyə və onun valideynlərinə qarşı təzyiqi artmışdı.

Bir neçə gün əvvəl İran təhlükəsizlik qüvvələri fəalı tutmaq üçün bir neçə dəfə onun qaldığı atası evinə basqın etsələr də, o, evdə olmadığına görə onun valideynlərini təhdid və təhqir etdikdən sonra əliboş çıxıb getmişdilər.

ETTELAAT əməkdaşları sonuncu dəfə dekabrın 9-u sübh saat 7-də yenidən fəalın atası evinə basqın etmişdilər. Lakin fəalın yenə evdə olmadığını görəndən sonra onun atasını kobud şəkildə təhdid edərək ona bunları demişdilər: “Oğlunuzu təhvil verin, yoxsa çox peşman olacaqsınız. O gəlib özünü təslim etməsə, biz yenə evinizə gələcəyik”.

Qeyd edək ki, son bir ayda Güney Azərbaycanın müxtəlif şəhərlərində rassizm və fars irqçiliyinə qarşı kütləvi etiraz aksiyaları keçiriləndən üzü bəri, milli-mədəni fəallara qarşı hökumət təzyiqi gücləndirilib.
Bu xəbər oxucular tərəfindən 567 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed