Şrift:
İranlı deputat: “Fitilə” çilər Azərbaycan xalqından rəsmən üzr istəyiblər”
23.12.2015 [16:05] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran parlamentinin Qoşaçay, Tikab və Şahindej şəhərlərindən seçilmiş deputatı Seyid Mehdi İsazadə dekabrın 22-də jurnalistlərə açıqlamasında “Fitilə”çilərin Azərbaycan xalqından rəsmən üzr istəmələrindən xəbər verib.
Deputat deyib ki, “Fitilə” proqramının hazırlanmasında əməyi olan şəxslər, o cümlədən də prodüsser, rejissor və aktyorlar dekabrın 21-də İran parlamentinin ictimai komissiyasının iclasına qatılıblar: “Onlar “Fitilə” proqramının son verilişində azəridillilərə edilən təhqirə görə Azərbaycan xalqından üzr istəmək üçün parlamentin ictimai komissiyasına gəlmiş, deputatların istəyi ilə komissiyanın iclasında iştirak ediblər. Onlar həmin isclasda baş verən hadisəyə görə, Azərbaycan xalqından rəsmən üzr istədilər.

Onlar həmçinin bildirdilər ki, Azərbaycana gedib əhali qarşısında üzr istəyəcəklər. Deputatlar isə bildiriblər ki, onlar “Fitilə”çilərin üzrxahlığını yalnız o zaman qəbul edəcəklər ki, Azərbaycan xalqı da onu qəbul etsin. Bu şəxslər, vaxtilə haqsızlığa qarşı mübarizə apardığı cəbhələrdə olublar. Aydın məsələdir ki, bu təhqir qəsdən edilməyib. Lakin bununla belə hesab edirik ki, onlar azəridilli əhalini bu barədə qane etməlidirlər”.

Qeyd edək ki, noyabrın 6-da İranın djini lideri ayətullah Xamneyinin birbaşa nəzarətində olan dövlət televiziyasının 2-ci kanalından yayımlanan “Fitilə” adlı proqramda Azərbaycan türkləri iyrənc bir şəkildə açıq-aşkar təhqir edilib, alçaldılıb. Noyabrın 9-da isə İranın azərbaycanlılar yaşayan əyalətlərində yüz minlərlə əhali küçələrə axışaraq fars irqçılıyinə qarşı etiraz aksiyası və yürüşlər keçiriblər. Bir həftə davam edən etirazlarda Təbriz və Urmiya şəhərlərində polislə qarşıdurmada ən azı 129 azərbaycanlı tutulub, bir neçə nəfər bədən xəsarəti alıb.
Bu xəbər oxucular tərəfindən 478 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed