Şrift:
Əli Həsənov: Erməni lobbisinin dəstəyi ilə işləyən mərkəzlər Azərbaycan-Türkiyə münasibətlərini pozmaq istəyir
07.02.2012 [17:14] - Türk dünyası-Turan
Prezident Administrasiyasının şöbə müdiri hesab edir ki, erməni lobbisinin dəstəyi ilə işləyən bəzi mərkəzlər Azərbaycan və Türkiyəni qarşı-qarşıya qoymaq istəyirlər.

"Erməni lobbisinin dəstəyi ilə işləyən bəzi mərkəzlər var ki, Türkiyə ilə Azərbaycan arasındakı dost və qardaş münasibətləri pozaraq qarşıdurma yaratmaq istəyirlər", - bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Həsənov bildirib ki, Azərbaycan-Türkiyə dostluğunu istəməyən bəzi mətbuat orqanları öz fantaziyalarını işə salırlar. Belə mətbuat orqanları həm Türkiyədə, həm Azərbaycanda, həm də başqa ölkələrdə var.
Türkiyənin bəzi mətbuat orqanlarında Azərbaycanın Fransa Senatında "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanunun qəbulu ilə bağlı Türkiyəyə lazımi dəstək vermədiyi barədə fikirlər səslənmişdi.
PA rəsmisinin sözlərinə görə, Fransada "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanunun qəbulu məsələsi ideya şəklində ortaya atılandan bəri Azərbaycan Türkiyənin yanında olub və hər zaman yanında olacaq.
Həsənov bildirib ki, Azərbaycanın dost və qardaş münasibətini, dəstəyini Türkiyənin rəsmi dairələri dəyərləndirir.
PA-nın şöbə müdiri Fransanın Minsk qrupu həmsədrliyindən çıxarılması təklifinə də münasibətini açıqlayıb.
"Türkiyə Minsk qrupunun üzvüdür və Fransanın qurumdan çıxarılması təşəbbüsünü irəli sürüb. Hər halda Minsk qrupunun növbəti toplantısında Türkiyə məsələni qaldıracaq və o zaman buna baxılacaq. Azərbaycanın rəsmi dairələri hüquqi cəhətdən hansı tədbirləri görmək mümkündürsə, bunları müzakirə edir", - Həsənov əlavə edib.
Yanvarın 23-də Fransa Senatı təxminən səkkiz saatlıq müzakirələrdən sonra qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul edib. Qanun layihəsinin lehinə 127, əleyhinə isə 86 senator səs verib.
Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.
Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.
Bu xəbər oxucular tərəfindən 1073 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed