Şrift:
Azərbaycan Milli Dirəniş Təşkilatı, onun 2 saytına edilən kiber hücumu barədə rəsmi bəyanat yayıb
03.01.2016 [10:46] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycan Milli Dirəniş Təşkilatının (AMDT) saytları naməlum hakerlərin kiber hücumuna məruz qalıb. Hücum nəticəsində təşkilata məxsus 2 saytın fəaliyyəti dayandırılıb.
Azərbaycan Milli Dirəniş Təşkilatı (AMDT) yanvarın 1-də ona məxsus saytlara edilən kiber hücumu barədə rəsmi bəyanat yayıb. Bəyanatda deyilir: “Təəssüflər olsun ki, 2016-cı ilin başlanğıcının ilk saatlarında əvvəlcə təşkilatımızın xəbər orqanı kimi fəaliyyət göstərən “Araznews” saytı hücuma məruz qoyularaq sıradan çıxarılıb, bir neçə saatdan sonra isə təşkilatın rəsmi saytı olan “diranish.org” saytı hədəfə alınaraq fəaliyyəti dayandırılıb.

Əlbəttə saytlarımıza qarşı edilən hücumlar yeni hadisə deyil. Ötən aylarda saytlarımız yüngül haker hücumuna məruz qalsa da təşkilatın informatik komitəsinin yardımı ilə hücumların qarşısı alınaraq saytlarımızın fəaliyyəti bərpa edilib. Hər iki sayta servis verən tərəflərin isə bildirdiyinə görə, son hücumlar daha peşəkarcasına həyata keçirilib. Elə buna görə də hər iki saytımızın fəaliyyətinə ciddi xələl gətirilib.

Hazırda Azərbaycan Milli Dirəniş Təşkilatının informatik komitəsi saytlarımıza servis verən tərəflərin yardımı ilə yaranmış problemi aradan qaldırılmağa çalışır. Aydın məsələdir ki, baş vermiş hadisənin təfərrüatı barədə yaxın vaxtlarda Azərbaycan türk millətinə daha ətraflı məlumat veriləcək”.
Bu xəbər oxucular tərəfindən 614 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed