Şrift:
Rəfsəncani: “Diplomatik korpuslara hücum, regional böhranları daha da dərinləşdirir”
05.01.2016 [10:56] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi ayətullah Haşimi Rəfsəncani yanvarın 3-də jurnalistlərə açıqlamasında Səudiyyə Ərəbistanının Tehran və Məşhəddəki diplomatik korpuslarına edilən hücuma münasibət bildirib.
Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə və onun Məşhəddəki konsulluğuna edilən hücumu qınayan Rəfsəncani deyib ki, bu kimi hərəkət və rəftarlar müsəlman ölkələrin arasındakı ixtilafların həllinə yardım etmir: “Hər fenomen özünün məntiqli və münasib yollarla həllini tələb edir. Elə buna görə də hesab edirəm ki, radikal və ifratçı hərəkətlər, diplomatik korpuslara qarşı hücuma keçmək, zorakılıq edərək dağıntılara səbəb olmaq ixtilafların həllinə aparan yolu daha çətinləşdirər və regional böhranların daha dərinləşdirilməsinə gətirib çıxarar”.

Xatırladaq ki, yanvarın 2-də Səudiyyə Ərəbistanı hökuməti terrorçu fəaliyyətlərdə günahlandırdığı İrana bağlı radikal şiə lideri şeyx Nimr Baqir əl-Nimri edam edib. Müxalif axund Səudiyyə Ərəbistanında ictimai asayişi pozmaqda, ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda və xarici qüvvələrlə əlbir olaraq ölkəyə qarşı terrorçu fəaliyyətlərdə təqsirli bilinərək edam edilib.

Həmin günün axşam saatlarında Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə və onun Məşhəddəki baş konsulluğuna hücum edilib. “Sepah”, “Bəsic” və “Ənsar Hizbullah”ın iki yüzə yaxın üzvü bu ölkənin Tehrandakı səfirliyinin binasına od vurublar. Eyni hadəsə Məşhəddə də baş verib və konsulluq binası yandırılıb.

Yanvarın 3-də Səudiyyə Ərəbistanı baş vermiş hadisəyə etiraz olaraq İranla bütün diplomatik əlaqələrini kəsib.
Bu xəbər oxucular tərəfindən 480 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed