Şrift:
Bəhreyn İranla bütün diplomatik əlaqələrini kəsib
05.01.2016 [11:06] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bəhreyn hökuməti Səudiyyə Ərəbistanına dəstək verərək İranla bütün diplomatik əlaqələrini kəsib. Mənamənin Tehranla münasibətlərini dayandırması, Ər-Riyadın İranla bütün diplomatik əlaqələrini kəsməsindən bir gün sonraya təsadüf edib.
Bəhreynin media işləri üzrə naziri İsa əl Həmdani yanvarın 4-də jurnalistlərə açıqlamasında deyib ki, Mənamə Tehranın bu ölkənin daxili işlərinə qarışmasına və Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücuma etiraz olaraq İranla bütün diplomatik əlaqələrini kəsib: “İranın ölkəmizdəki səfirinə və digər iranlı diplomatlara 48 saat vaxt verilib ki, Bəhreyn torpağını tərk etsinlər”.

Xatırladaq ki, yanvarın 2-də Səudiyyə hökuməti terrorçu fəaliyyətlərdə günahlandırdığı İrana bağlı radikal şiə lideri şeyx Nimr Baqir əl-Nimri edam edib. Müxalif axund ölkədə ictimai asayişi pozmaqda, ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda və xarici qüvvələrlə əlbir olaraq ölkəyə qarşı terrorçu fəaliyyətlərdə təqsirli bilinərək edam edilib.

Həmin günün axşam saatlarında Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə və onun Məşhəddəki baş konsulluğuna hücum edilib. “Sepah”, “Bəsic” və “Ənsar Hizbullah”ın iki yüzə yaxın üzvü bu ölkənin Tehrandakı səfirliyinin binasına od vurublar. Eyni hadəsə Məşhəddə də baş verib. Yanvarın 3-də isə Səudiyyə Ərəbistanı baş vermiş hadisəyə etiraz olaraq İranla bütün diplomatik əlaqələrini kəsib.
Bu xəbər oxucular tərəfindən 520 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed