Şrift:
“Sepah” rəsmisi: “Səudiyyə Ərəbistanı səfirliyinə hücum çox səhv addım idi”
06.01.2016 [12:01] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) Tehrandakı “Məhəmməd Rəsulullah” qüvvələrinin komandanı Möhsün Kazimeyni yanvarın 4-də qatıldığı bir tədbirdə çıxış edərək Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücuma münasibət bildirib.
Möhsün Kazimeyni deyib ki, Səudiyyə Ərəbistanının səfirliyinə hücum çirkin və pis bir iş idi: “Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə və onun Məşhəddəki konsulluğuna hücum planlaşdırılmış bir iş idi. Bu çox səhv bir addım idi. Əminik ki, bu hücumlar mömin və hizbullahçı qüvvələr tərəfindən həyata keçirilməyib. Bu tamamilə planlaşdırılmış bir addım olub”.

İranın Səudiyyə Ərəbistanını özünə təhdid saymadığını vurğulayan “Sepah” rəsmisi, bu ölkənin diplomatik korpuslarına qarşı həyata keçirilən hücumların arxasında hansı qüvvələr və ya cərəyanların olduğunu açıqlamayıb.

Yanvarın 2-də Səudiyyə hökuməti terrorçu fəaliyyətlərdə günahlandırdığı İrana bağlı radikal şiə lideri şeyx Nimr Baqir əl-Nimri edam edib. Müxalif axund ölkədə ictimai asayişi pozmaqda, ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda və xarici qüvvələrlə əlbir olaraq ölkəyə qarşı terrorçu fəaliyyətlərdə təqsirli bilinərək edam edilib.

Həmin günün axşam saatlarında Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə və onun Məşhəddəki baş konsulluğuna hücum edilib. “Sepah”, “Bəsic” və “Ənsar Hizbullah”ın iki yüzə yaxın üzvü bu ölkənin Tehrandakı səfirliyinin binasına od vurublar. Eyni hadisə Məşhəddə də baş verib. Səudiyyə Ərəbistanı yanvarın 3-də baş vermiş hadisəyə etiraz olaraq İranla bütün diplomatik əlaqələrini kəsib.

Ər-Riyadın ardınca, Bəhreyn və Sudan da İranla diplomatik əlaqlərini kəsib, Birləşmiş Ərəb Əmirlikləri də Tehranla münasibətləri minimuma endirib.
Bu xəbər oxucular tərəfindən 470 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed