Şrift:
Komor adaları öz səfirini Tehrandan geri çağırıb
08.01.2016 [11:32] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Komor adaları İttifaqı Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə və onun Məşhəddəki konsulluğuna edilən hücuma etiraz əlaməti olaraq özünün İrandakı səfirini geri çağırıb.
Komor adalarının Xarici İşlər Nazirliyi yanvarın 7-də bəyanat yayaraq Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə və onun konsulluğuna hücumu kəskin pisləyərək bunun beynəlxalq qanunlara zidd olduğunu bildirib. Bəyanatda deyilir ki, İran diplomatik korpusların toxunulmazlığı ilə bağlı beynəlxalq qanunlara hörmətlə yanaşmalı, bu barədə üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir.
Yanvarın 2-də Səudiyyə hökuməti terrorçu fəaliyyətlərdə günahlandırdığı İrana bağlı radikal şiə lideri şeyx Nimr Baqir əl-Nimri edam edib.
Həmin günün axşam saatlarında Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə və onun Məşhəddəki baş konsulluğuna hücum edilib. “Sepah”, “Bəsic” və “Ənsari Hizbullah”ın iki yüzə yaxın üzvü bu ölkənin Tehrandakı səfirliyinin binasına od vuraraq içindəki əşyaları yağmalayıblar. Eyni hadisə Məşhəddə də təkrar olunub. Yanvarın 3-də isə Səudiyyə Ərəbistanı bu hücumlara etiraz əlaməti olaraq İranla bütün diplomatik əlaqələrini kəsib.
Xatırladaq ki, son günlərdə Səudiyyə Ərəbistanı ilə yaxın münasibətdə olan bir neçə ölkə Ər-Riyadla həmrəylik nümayiş etdirərək İranla diplomatik əlaqələrini kəsib, bəziləri də Tehranla münasibətləri minimuma endiriblər.
Bu xəbər oxucular tərəfindən 729 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed