Şrift:
Vatikanın məxfi arxivindən Azərbaycana gətirilən sənədlərin tərcüməsinə başlanılıb
09.02.2012 [15:15] - Mədəniyyət
Vatikan arxivlərində Azərbaycana aid sənədlər isə bərpa olunur

Ötən il dekabrın 7-də Vatikanın məxfi arxivindən Bakıya gətirilən sənədlərin tərcüməsinə başlanılıb. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutunun tərcümə və informasiya şöbəsinin müdiri Fərid Ələkbərli bildirib. Onun sözlərinə görə, sənədlərin tərcümə olunması ilə bağlı siyahı müəyyənləşdirilib. Sənədlər həmin siyahıya uyğun olaraq ardıcıl şəkildə tərcümə ediləcək. İlkin olaraq latın dilində olan sənədlərin tərcüməsinə başlanılıb: “Bu sənədlər XV-XVI əsrlərə, Səfəvilər dövlətinə aiddir. Tərcümə xeyli vaxt aparacaq. Bunlar qədim sənədlərdir və çox keyfiyyətli tərcüməsinə ehtiyac var”.

F. Ələkbərlinin sözlərinə görə, bunlarla yanaşı, Vatikan arxivlərində Azərbaycana aid sənədlərin bərpası prosesi də davam edir. Heydər Əliyev Fondu tərəfindən maliyyələşdirilən bərpa prosesini Vatikanın yerli mütəxəssisləri aparır. Artıq bərpaya təqdim edilən 40 əlyazmanın yarısı bərpa edilib. F. Ələkbərli bildirib ki, Vatikan arxivlərində Azərbaycanla bağlı araşdırmalar davam edəcək, lakin hələlik araşdırmaların nə zaman başlayacağı və konkret hansı dövrləri əhatə edəcəyi ilə bağlı təfərrüatlar məlum deyil.

Qeyd edək ki, Vatikanın məxfi arxivlərində Azərbaycana aid tapılan sənədlərin surəti dekabrın 7-də Bakıya gətirilib. Sənədlər ümumilikdə 1000 səhifə həcmindədir. Bu sənədlər Elxanilər, Atabəylər, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər və Qacarlar dövlətlərinin hökmdarlarının Vatikana məktubları və onlara yazılmış cavab məktubları, Vatikandan sözügedən dövlətlərin hökmdarlarına məktublar və onlara yazılmış cavablar, müxtəlif missionerlərin Azərbaycandakı siyasi cərəyanlarla bağlı gizli hesabatları və s. sənədlərdən ibarətdir.
Bu xəbər oxucular tərəfindən 811 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed