Şrift:
Sərhədsiz Reportyorlar Təşkilatı İranda məhbus jurnalistlərin durumundan narahatlığını bildirib
23.01.2016 [10:38] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Sərhədsiz Reportyorlar Təşkilatı yanvarın 21-də bəyanat yayaraq İranda həbsdə saxlanılan jurnalistlərlə bloqçular və internet fəallarının durumundan nigaran qaldığını bildirib.
Söz və ifadə azadlığının müdafiəçisi kimi tanınan qurumun yaydığı bəyanatda bildirilir ki, azərbaycanlı bloqçu Hüseyn Rövnəqi Məleki, jurnalist Səid Rəzəvi Fəqih, İnternet fəalı Röya Sabiri Nejad Nobəxt və İrandakı Hüquq Müdafiəçiləri Dərnəyinin sözçüsü, zəncanlı jurnalist Nərgiz Məhəmmədinin durumu ciddi nigaranlığa səbəb olub.

Bəyanatda bildirilir ki, 2010-cu ilin oktyabr ayında İnternetdəki fəaliyyətinə görə tutulan və İranın dini liderini təhqir etməkdə günahlandırılan Hüseyn Rövnəqi Məleki 15 il müddətinə azadlıqdan məhrum edilib. Bloqçu 2015-ci ilin iyun ayında səhhətindəki ciddi problemlərə görə 1 milyard, 400 milyon tümənlik mülk girovu qarşılığnda müvəqqəti azadlığa buraxılsa da, bu il yanvarın 20-də yenidən həbsxanaya qaytarılıb.

Həmçinin bildirilir ki, məhbus jurnalist Səid Rəzəvi Fəqihin səhhəti, ürəyində aparılmış cərrahiyyə əməliyyatına görə ağır olaraq qalır. 2013-cü ildə tutulan, sistemə qarşı təbliğat aparmaqda və İranın dini lideri Əli Xamneyini təhqir etməkdə günahlandırılan jurnalist 4 il yarım həbsə məhkum edilib.

Bəyanatda qeyd olunur ki, 2013-cü ildə tutulub həbsə salınan İnternet fəalı, həm İran, həm də Böyük Britaniya vətəndaşı Röya Sabiri Nejad Nobəxtin səhhəti qənaətbəxş deyil və o bir neçə xəstəlikdən əziyyət çəkir. Məhbus, müqəddəsləri təhqir etməkdə təqsirləndirilərək 5 il müddətinə azadlıqdan məhrum edilib.

Bildirilir ki, 2010-cu ildə ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda, sistemə qarşı təbliğat aparmaqda və İrandakı Hüquq Müdafiəçiləri Dərnəyinə üzv olmaqda günahlandırılaraq tutulan və 6 il müddətinə azadlıqdan məhrum edilən tanınmış hüquq müdafiəçisi Nərgiz Məhəmmədinin səhhəti təhlükəli dərəcədə ağırdır. Bu isə dünya ictimaiyyətinin narahatlığına səbəb olur.
Bu xəbər oxucular tərəfindən 690 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed