Şrift:
Səfir Aqşin Mehdiyev: “ATƏT-in fakt araşdırıcı missiyalarının Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı tövsiyələri kağız üzərində qalıb”
10.02.2012 [11:54] - Xəbərlər
“Azərbaycan ATƏT-in hərtərəfli, kooperativ və bölünməz təhlükəsizlik konsepsiyasını dəstəkləyir”.
Bu fikirləri Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyev fevralın 9-da Təhlükəsizlik Şurasının iclasında deyib.


“ATƏT üzv dövlətləri 1974-cü il Helsinki Aktına əməl etməyə həvəsləndirmək üçün potensial imkana malikdir. ATƏT bəzən səhv olaraq “Dağlıq Qarabağ ətrafında mübahisə adlandırılan Ermənistan-Azərbaycan münaqişəsinin həlli barədə müzakirələrdə forum rolunu oynayır. Təhlükəsizlik Şurası Azərbaycana qarşı qanunsuz güc tətbiqi və ərazilərinin işğalını pisləyən dörd qətnamə, Baş Assambleya isə Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı bir qətnamə qəbul edib. Buna uyğun olaraq, münaqişənin həlli ilə ATƏT-in Minsk Qrupu məşğul olur”.

Səfir Mehdiyev qeyd edib ki, Azərbaycan münaqişənin danışıqlar yolu ilə həllinə tərəfdardır. Onun sözlərinə görə, münaqişənin həlli Azərbaycan ərazilərinin qanunsuz işğalına son verilməsinə, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpasına, məcburi köçkünlərin öz evlərinə qayıtmasına və azərbaycanlılarla ermənilərin Azərbaycanın tərkibində olan Dağlıq Qarabağda dinc şəraitdə yaşamasına əsaslanmalıdır.

“Siyasi məsələlərdə razılığın olmaması beynəlxalq hüquqa hörmətsizlik üçün bəhanə kimi istifadə edilə bilməz”.

Səfir onu da qeyd edib ki, ATƏT-in fakt araşdırıcı missiyalarının 2005 və 2010-cu illərdə Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı tövsiyələri kağız üzərində qalıb və onların əməli şəkildə yerinə yetirilməsi üçün heç bir iş görülməyib.

Səfir ATƏT sədrliyinin münaqişələrin həlli istiqamətində səylərini davam etdirəcəyinə ümidvar olduğunu deyib: “ATƏT və BMT arasında sıx əməkdaşlıq transmilli təhlükələrin qarşısını almaq üçün möhkəm birlik yaradar. ATƏT həm də təhlükəsizlik standartlarına əməl olunması və vaxtı ötmüş atom enerjisi stansiyalarının bağlanması məsələsində forum rolunu oynaya bilər”.
Bu xəbər oxucular tərəfindən 1423 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed