Şrift:
Ankara şəhərində Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) IX Qurultayı keçirildi
11.02.2012 [17:10] - Güney Azərbaycan-Təbriz
Fevralın 4-də Türkiyənin paytaxtı Ankara şəhərində Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) IX Qurultayı keçirilib. KAMUSEN-in mərkəzi qərargahında keçirilən qurultayda GAMOH üzvləri, Azərbaycan, Türkiyə və digər türk dövlətlərinin ictimai-siyasi xadimləri, QHT rəhbərləri, qəzetlərin baş redaktorları və s. iştirak ediblər.
Tədbirə internet vasitəsilə qatılan və hazırda ABŞ-da siyasi mühacir həyatı yaşayan GAMOH lideri, doktor Mahmudəli Çöhrəqanlı çıxışında bunları deyib: «Biz amerikapərəst deyilik, qərbpərəst deyilik. Şərəfimiz və namusumuz üzərinə and içirik ki, bizə qərbpərəstlik, amerikapərəstlik lazım deyil. Bizim torpağımız işğal altındadır, millətimiz əsir düşüb. Türkiyədə heyvanlara verilən haqq bizim insanlarımıza İranda verilmir. Millətimizi müdafiə edə bilmək üçün mütləq ABŞ-ın uşağı olmaq lazımdırmı? Haqqı müdafiə edənlərə ABŞ-ın uşağımı deyərlər? Bu mənim namusum deyilmi? Mənim millətim milliyyətim, milli varlığım, milli hissiyyatım, şərəfim deyilmi?». Onun sözlərinə görə, Güney Azərbaycanın istiqlaliyyətri çox yaxındadır: «Şübhəsiz ki, bu istiqlaliyyəti istəməyən qüvvələr çoxdur. Hə Rusiya, nə ABŞ, nə Avropa, nə də ərəb ölkələri Güney Azərbaycanın müstəqil olmasını istəmir. Ancaq onların istəyib-istəməməsi bizim üçün o qədər də önəmli deyil. Ən böyük şərəf, qürur, nemət və dəyərli şey hürr, azad olmaq, istiqlal əldə etməkdir. Biz də onu alacağıq. Türkiyə bilməlidir onun uğruna mən və ailəm və bütün hərəkatçılar can verməyə hazırdır. Ancaq böyük qardaşımızdan gözləntilərimiz var. Bizi bu ölüm-qalım savaşında yalnız buraxmasın. Lütfən əlimizə əl versin, səsimizə səs versin».
GAMOH sədrinin müavini Cavad Abbasi isə çıxışında bildirib ki, Güney Azərbaycan Milli Hərəkatı «ərəb baharı» deyil: «Bu hərəkat 100 il əvvəl başlayıb. Bizim hərəkatımızı «yaşıl hərəkat»a bağlamaq yanlışdır, bu bir tələdir». O, Güney Azərbaycan üzərindən oynanılan oyunlara da toxunub: «Bu gün Türkiyə-İran arasındakı 287 kilometrlik sərhəd çox önəmlidir. Buralar Güney Azərbaycandır və Türk Dünyasının birləşməsini təmin edəcək bölgədir. Bu sərhədə İran dövləti kürdləri köçürür, onlar silahlandırılır. İraq türkmənlərinin Kərkükdə yaşadığı acı olayları Güney Azərbaycan türkləri olaraq yaşamaq istəmirik. Atalarımız yaxşı deyib ki, insan umduğu yerdən küsər. Bu günə qədər Türkiyədən lazımi dəstəyi görməmişik. Türk Dünyasının liderisiniz, İslam dünyasının böyüyüsünüz, min illik dövlətçilik təcrübəniz var. Qonşuyuq, din qardaşıyıq, soydaşıq, türkük. Biz hər zaman tarix yazmışıq, yenə də bunu bacaracağıq».
Bundan əlavə, tədbirdə professor, doktor Xanım Xəlilova, BBP sədrinin müavini Yaqub Demirkale, Türk Dünyası İnsan Haqları Dərnəyinin sədri Abdullah Buksur, KAMUSEH-in icraçı katibi Faxrettin Yokuş, İraq Türkləri Dərnəyinin sədri Həsən Dəmirçi çıxış ediblər.
Qurultayda GAMOH-un qurucusu, lideri doktor Mahmudəli Çöhrəqanlı bir müddət əvvəl istefa verdiyi təşkilatın yenidən sədri seçilib, yeni nizamnamə qəbul olunub. Eyni zamanda 17 nəfərlik İdarə Heyəti formalaşıb. Onlardan 10 nəfəri Güney Azərbaycandandır, qalan 7 nəfər isə xaricdə yaşayan azərbaycanlılardır. Sonda GAMOH adından bəzi qonaqlara mükafatlar verilib.
Bu xəbər oxucular tərəfindən 1413 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed