Şrift:
“Rus şovinizmi tarixən türk düşmənçiliyi üzərində qurulub”- İlyas İsmayılov
18.02.2016 [12:46] - Köşə yazarları, Müsahibə
Son zamanlar Rusiya-Türkiyə münasibətləri xeyli gərginləşib. Tərəflər bir-birini olduqca sərt tonda günahlandırır, az qala, müharibə ilə təhdid edirlər. Bəs, görəsən, bölgədə get-gedə gərginləşən münasibətlər bizi hara aparır?

Ədalət Partiyasının sədri İlyas İsmayılovla söhbətimiz bu mövzu ətrafında oldu. Moderator.az İlyas İsmayılovun Srtateq.az-a müsahibəsini təqdim edir:

-İlyas müəllim, ictimaiyyət Sizi həm Rusiya siyasi mühitini yaxşı bilən, həm də Türkiyə siyasi çevrələriylə isti əlaqələri olan ziyalı kimi tanıyır. Son zamanlar bu iki dövlət arasında gərginləşən münasibətlərlə bağlı Sizin fikirlərinizi öyrənmək maraqlı olardı…

-Rusiya-Türkiyə arasında gərginləşən münasibətlər, hər bir azərbaycanlı kimi məni də narahat edir. Hər iki ölkə yaşadığımız regionun ən güclü dövlətləridir. Sözsüz ki, onlar arasındakı münasibətlərin pisləşməsi təkcə iki dövlətin problemi olaraq qalmır, bütün regiona öz mənfi təsirlərini göstərir. Ən çox təsirlənən isə Azərbaycandır. Biz bir dövlət olaraq Rusiya ilə uzun bir tarixi müştərəkliyi bölüşmüşük. İstəsək də, istəməsək də eyni dövlətin parçaları olmuşuq. Mən də müəyyən müddət Rusiyada yaşamışam, orada oxumuşam, işləmişəm, o ölkəyə və onun xalqına böyük hörmətim var. Türkiyə isə dar ayaqda dadımıza çatan qardaş dövlətdir. 1918-ci ilin 15 sentyabrında Bakını düşmənlərdən azad edib, bizə ərmağan verən Nuru paşa fenomenini heç bir azərbaycanlı unutmamalıdır.İstərdim ki, bu iki dövlət arasında yaxın münasibətlər yenidən qurulsun. Hər iki tərəf iqtisadi əməkdaşlıq edərək böyüsün və regional qüvvələr də bundan faydalansın. Təəssüf ki, bu zamana qədər mövcud olan isti münasibətlər getdikcə gərgin ziddiyyətlərə çevrilir. Bu məsələdə isə Rusiyanın Suriyada apardığı siyasətin mühüm rolu var. Dünya hegemoniyası uğrunda ABŞ-la rəqabətə girən Rusiya Yaxın Şərqdə günahsız insanların qanını tökür. Eyni dini-mənəvi dəyərləri daşıyan Türkiyə isə bu siyasətə laqeyd qala bilmir, nəticədə tərəflər arasında ziddiyyətlər ortaya çıxır.
-Deməli, Siz birmənalı olaraq Rusiyanı günahlandırırsınız. Rəsmi Moskva isə başqa şeylər deyir. Onun iddiasına görə, Türkiyə rus təyyarəsini vurmaqla bu ziddiyyətlərin əsasını qoydu…

-Sizcə, Türkiyə nə etməli idi? Hər bir dövlətin toxunulmaz dəyərləri var. Torpaq bütünlüyü, sərhədlər, öz ərazisində suverenlik haqları bu toxunulmazlıqların başında gəlir. Rusiya təyyarəsi Türkiyənin sərhədlərini niyə pozurdu ki, Türkiyə də onu vursun? Ümumiyyətlə, Rusiyanın bu məsələdə irəli sürdüyü arqumentlərin heç biri haqlı deyil.
Mən məsələlərə həmişə hüquqi cəhətdən baxmışam. İddiaları da bu aspektdən qiymətləndirmişəm. Cəsarətlə deyə bilərəm ki, Türkiyəni məlum təyyarə hadisəsində heç bir hüquqi əsasa görə ittiham etmək mümkün deyil. Əvvəla, beynəlxalq hərbi aviasiya qanunvericiliyinə əsasən, hərbi təyyarələrin uçuş məkanları var və bu məkanlar başqa ölkələrin hava sərhədlərindən kənardadır. Hərbi təyyarələr bu hava sahələrini pozanda ölkələr ona xəbərdarlıq etməli, öz ərazilərindən uzaqlaşdırmalıdır. Əgər bu xəbərdarlıqlar heç bir nəticə vermirsə, təyyarələrin hərəkətləri təcavüz kimi qiymətləndirilir və cəza tədbirləri gündəmə gəlir. Türkiyə son ana qədər bu qaydalara əməl edib. Dəfələrlə sərhədlərini pozan Rusiya təyyarələrinə xəbərdarlıqlar göndərib. Hətta Rusiya səfirini Xarici İşlər Nazirliyinə çağırıb vəziyyəti siyasi yolla həll etməyə çalışıb. NATO-nu hadisələrə müdaxilə etməyə çağırıb. Daha nə etməliydi? Rusiya isə tələb edir ki, Türkiyə üzr istəsin. Nə deyib üzr istəməlidir? Desin ki, yaxşı edib, mənim sərhədlərimi pozubsan, mən də düz etməyib, beynəlxalq hüquq çərçivəsində bu təcavüzə adekvat cavab vermişəm? Belə bir üzrün tələb edilməsi, ilk növbədə, diplomatik etikaya, siyasi əxlaqa ziddir.

Üstəlik, Türkiyənin vurduğu təyyarənin üzərində hansısa dövlətə mənsubiyyəti göstərən hər hansı işarə olmayıb. Türkiyə, faktiki olaraq, mənsubiyyəti bilinməyən və öz hava ərazisinə soxulan təyyarəni zərərsizləşdirib. O, hardan bilməlidir ki, bu təyyarə Rusiyaya aiddir?

Hüquqa görə, hər hansı əmələ qiymət vermək üçün nəticədən çox, niyyətə baxmaq lazımdır. Türkiyənin hava sərhədlərini pozan təyyarəni vurarkən, niyyəti heç də Rusiyaya göz dağı vermək olmayıb. O, sadəcə, mənsubiyyəti qeyri-məlum bir təcavüzkarın qarşısını alıb. Həmin təyyarə Suriyanın da ola bilərdi, dünyada terror təşkilatı kimi tanınan İŞİD-in əlinə keçmiş hərbi texnika da. 11 sentyabr hadisələri göstərdi ki, terrorçular hətta ABŞ kimi yaxşı mühafizə olunan ölkədə belə bir sərnişin təyyarəsindən bomba kimi istifadə edə bilər. Vurulan təyyarə isə Suriya kimi hər an nəyin yaşandığı bəlli olmayan, heç bir dövlətin nəzarət edə bilmədiyi məkandan gəlir. Üzərində də heç bir işarə yoxdur və xəbərdarlıq siqnallarına da cavab vermir. Sözsüz ki, belə bir vəziyyətdə təyyarə hansısa dövlətin yox, təcavüzkar terrorçuların ələ keçirdiyi hərbi vasitə təəssüratı yaradır. Bu vəziyyətdə istənilən ölkənin reaksiyası Türkiyədən fərqli ola bilməzdi. Əgər günahkar axtarmaq lazımdırsa, burda Türkiyədən məsum tərəf yoxdur. Günah ya Türkiyəni oyuna çəkmək istəyən Rusiya hərbi iradəsində, ya da təyyarəni öz istədiyi kimi idarə edən pilotdadır.
Açığı, mən birinci versiyanı daha ağlabatan hesab edirəm. Hadisənin sonrakı inkişafı da Rusiyanın qəsdən Türkiyəni təxribat çəkmək istədiyini təsdiqlədi. Rəsmi Ankara ən yüksək səviyyələrdə Moskvaya görüş təklifi etdi. Prezidentdən tutmuş, müxtəlif nazirlərə qədər… Rusiya isə ona uzadılan bütün bu əlləri havada buraxdı. Vladimir Solovyovun 1-ci kanalda apardığı verilişlərə baxmaq kifayətdir ki, Türkiyəyə qarşı düşmənçilik siyasəti yürüdüldüyünü anlaya biləsən. Belə görünür ki, Rusiyaya problem lazım idi və öz təyyarəsini qurban verərək istəyinə nail oldu…

–Elədir, Rusiyanin kürd separatizmiylə bağlı siyasəti bunun ən bariz sübutudur…

-Doğrudur. Moskvada Türkiyəni parçalamaq istəyən kürd terrorçularının nümayəndəliyi açıldı. Baş terrorçu Öcalanın şəkilini bu nümayəndəlikdə divardan asdılar.
Məsələyə aydınlıq gətirmək üçün bir az da irəliyə gedək. Xatırlayırsınızsa, Rusiya Krımı işğal edəndə Ukrayna və Qərb ölkələri deyirdilər ki, Rusiya qeyri-qanuni olaraq Krıma qoşun yeridib. Rusiya isə, başda Putin olmaqla, bunu danırdı. Orada mənsubluğu bilinməyən qoşun var idi. Onlar Ukraynadan yarımadaya gələnlərin qabağını kəsirdilər. Sonradan məhz Putin özü etiraf etdi ki, bu, rus əsgərləridir və onların orda olması böyük təhlükənin qarşısını aldı. İndi eyni xətlə mənsubiyyəti bilinməyən təyyarələr Türkiyənin hava sərhədlərinə soxulur, xəbərdarlıqlara baxmayaraq, ucuşu davam etdirir. Türkiyə qanuni tədbirlərə əl atanda isə Rusiya deyir ki, bəs, bu mənim təyyarəm idi və Moskva bizə arxadan bıçaq vurdu. “Qara qutu” ilə bağlı da çox hay-həşir salındı. Gördülər ki, bu təbliğat işə yaramadı, yeni bir yalan ortaya atdılar…

-Maraqlı olan da elə budur. Türkiyə 32 milyard dollarlıq ticarət dövriyyəsilə Rusiyanın ikinci böyük bazarı sayılır və Qərb dünyasının sanksiyalarıyla ciddi iqtisadi böhran yaşayan Moskva üçün bu bazarı itirmək ölümcül səhvdir. Putin niyə bu səhvə gedir?

-Zənnimcə, bunun bir neçə səbəbi var. Səbəblərdən biri Avropanın sanksiyalarına qarşı ərəb köçlərindən istifadə etməkdir. Bu yaxınlarda amerikalı milyarder Sorosun yaxşı bir məqaləsini oxumuşdum. Soros deyir ki, Rusiya Suriyanı bombardıman etməklə, faktiki olaraq, Avropaya axışan ərəb əhalisinin köçünü sürətləndirir. Bununla da Avropada stabilliyin pozulmasına yol açır. Həm qitəyə qaçan müsəlman əhalisini yerləşdirmək və himayə etmək çoxlu iqtisadi xərc tələb edir, həm də bu, terrorizm təhlükəsini artırır. Axı, qaçqınların içərisində Qərbdən qisas almaq istəyənlər də az deyil. Hətta bu cür olmasa belə, qərblilər onlara ehtiyatla yanaşırlar. Qitədə millətçilik əhval-ruhiyyəsi artır və bu da Avropa Birliyini dağılmağa doğru aparır. Köçkünlərin ucuz iş qüvvəsi olmasını nəzərə alsaq, prosesin davamı Avropada yerli işsizlərin sayına da ciddi təsir göstərəcək və sosial narazılıq artacaq. O da mümkündür ki, yerlilərlə gələnlər arasında ciddi qarşıdurmalar yaransın. Avropa ölkələri istər-istəməz bu köç hadisəsindən mənfi yöndə təsirlənirlər və Rusiyadan bir an öncə hərbi müdaxiləni dayandırmasını gözləyirlər. Təsadüfi deyil ki, Rusiya da məhz bu məqamda hər kəsi danışıqlar masasına oturmağa çağırır, əks halda tərəf-müqabillərini 3-cü Dünya Müharibəsiylə təhdid edir və bunun əyani nümunəsini Suriyada onlara göstərməklə fikrində ciddi olduğunu büruzə verməyə çalışır. Məqsəd, təbii ki, zor gücünə əvvəlki vəziyyəti yenidən canladırmaqdır.
Məkan olaraq Suriyanın seçilməsinin bir başqa səbəbi də neft hasilatçısı olan Səudiyyə Ərəbistanına göz dağı verməkdir. Məlum olduğu kimi, beynəlxalq bazarda neftin qiymətinin yüksəlməsinin əsas səbəblərindən biri Səudiyyə Ərəbistanının hasilatı artırmasıdır. Bunu özünə qarşı tərşkil olunan beynəlxalq sanksiyaların əsas tərkib hissəsi kimi qəbul edən Rusiya Ərəbistanın öz təsir dairəsinə almaq istədiyi Suriyada vəziyyəti İranın xeyrinə dəyişdirir. Ölkədəki vətəndaş müharibəsini məzhəblərarası ixtilaf zəminində ortaya çıxarmaqla, prosesin körfəz ölkələrinə də yayılmasına yol açır. Beləcə, Səudiyyə Ərəbistanındakı 20%-lik şiə əhalisi də rəsmi Riyada qarşı aktivləşdirilir. Ərəbistanın neft ehtiyatlarının 80%-i, bildiyiniz kimi, şiələrin yaşadığı ərazilərdə yerləşir və orada vəziyyətin nəzarətdən çıxması qlobal neft bazarında qiymətləri kəskin şəkildə artıra bilər. Üstəlik, bu münaqişənin körfəz ölkələriylə İran arasında gərginliyə səbəb olma riski də var. Gərginlik hətta Hörmüz boğazının bağlanmasına qədər uzana bilər. Bildiyiniz kimi, dünya neft ehtiyatının 60%-nin toplandığı Bəsrə körfəzinə açılan yeganə qapı Hörmüz boğazıdır. O da bağlansa, qiymətlərin dəfələrlə bahalaşması qaçınılmaz olacaq. Mümkündür ki, Rusiyanın əsas hesablarından biri də budur.
Digər bir səbəb Rusiyanın daxili vəziyyəti ilə bağlıdır. Beynəlxalq sanksiyalara məruz qalan Rusiyada sosial-iqtisadi vəziyyət getdikcə pisləşir. Bütün güclü dövlətlər belə vəziyyətlərdə xalqın narazılığını tamamilə başqa istiqamətlərə yönəltməyə çalışırlar. Bəzən bunun üçün yalançı düşmənlər və milli maraq əfsanələri yaradılır. Tarixən rus-türk müharibələrinin yaşanmış olması rus şonizminin təhtəlşüurundakı düşmənçilik hislərinin oyandırılması üçün münbit zəmin hazırlayır. Moskva rus xalqının zehniyyətində daha asan yaradılacaq düşmən obrazının türk düşmənçiliyi mifinin olduğunu yaxşı başa düşür və köhnə xatirələrlə dəstəklənən yeni şovinizm siyasətini körükləyir. Yəqin siz də izləmisiniz, bu yaxınlarda rus şovinstlərindən biri ortaya belə bir fikir atdı: 13 dəfə rus-türk müharibəsi olub və əksəriyyəti rusların xeyrinə nəticələnib. 14-cü müharibə isə həlledici qələbə gətirəcək. Hətta Jırnovski İstanbula atom bombası atıb bu şəhəri dənizə batırmağı məsləhət bildi.
Rus şovinizminə erməni millətçilərinin də dəstək verdiyi müşahidə olunur. Baqdarsarov deyilən bir erməni var. Dəfələrlə çıxış edib deyir ki, PKK-nı dəstəkləmək lazımdır. Yəni rus-erməni millətçiləri populyarlıq qazanmaq üçün bu gərginlikdən faydalanmağa çalışırlar.
Əslində bu tendensiya yeni hadisə deyil. Oljas Süleymanovun “Az Ya” əsərini oxumamış olmazsınız. “İqor polku haqqında dastan”ın təhlilinə həsr olunmuş kitabda yazar sübut edir ki, yer üzündə rus və türk xalqları qədər bir-birinə yaxın olan başqa bir millət yoxdur. Adət-ənənələrdən tutmuş, müxtəlif dünyagörüşlərinə qədər eyni təfəkkürə sahib bu iki xalqın bir çox ortaq tərəfləri var. Təsadüfi deyil ki, “İqor polku haqqında dastan” iki oxucuya-rus və türkə xitabən yazılıb. Dastanda bir çox türk mənşəli adlar sonradan dəyişdirilərək, yerli-yersiz rus adlarıyla əvəz olunub. Bu fakt bir daha göstərir ki, rus milli özünüdərk fəlsəfəsini qurmaq istəyənlər ilk növbədə onu türklərdən ayırmağa, araya düşmənçilik toxumları səpməyə çalışıblar. Yəni rus şovinizmi tarixən türk düşmənçiliyi üzərində qurulub.
Putin administrasiyası da ölkədəki sosial narazılığı məhz bu istiqamətə yönəltməklə vəziyyətdən çıxmağa çalışır. Jirnovski kimi şovinistlərin müharibə çağırışlarının cəzalandırılmaması da Kremlin bu məsələdəki niyyətinin göstəricisidir.

-Kremlin Türkiyədən tələblərindən biri də rus pilotunu vuran türkmənin cəzalandırılmasıdır. Məlumdur ki, hadisənin yaşandığı coğrafiya Türkiyənin ərazisi deyil və qardaş ölkə oraya nəzarət də edə bilmir. Belə olan təqdirdə bu tələbi nə qədər haqlı saymaq olar?

-Bu, sağlam düşüncəyə sığmayan, gülünc tələbdir. Axı Rusiya Suriyada hərbi əməliyyatlar aparmaq üçün Federasiya Şurasından icazə istəyəndə İŞİD-lə mübarizə aparacağını göstərmişdi. Əslində isə İŞİD əvəzinə, Bəşər Əsəd rejiminin əleyhinə olan qüvvələrə, o cümlədən Osmanlı imperiyasının süqutundan sonra Suriya ərazisində qalan rusların “turkman” adlandırdıqları 3.5 milyon türklərin ərazilərini bombardıman etdi. Ata-anası, oğul-uşaqları bu hücumlarda ölən türkmənlər də onları qıran təyyarəçini vurublar. Yoxsa, düşünürdülər ki, onları gül-çiçəkləmi qarşılayacaqlar? Buna görə həmin türkməni nə üçün cəzalandırmaq lazımdır? Bu yerdə Krılovun “Qurd və quzu” təmsili yada düşür.

Söhbətləşdi: Heydər Oğuz
Bu xəbər oxucular tərəfindən 920 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed