Şrift:
Ərdəbil Apellyasiya Məhkəməsi 5 azərbaycanlı fəala çıxarılan həbs qərarını qüvvədə saxladı
23.02.2016 [16:04] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ərdəbil Apellyasiya Məhkəməsi ilkin məhkəmənin 5 azərbasycanlı fəal Tohid Əmir Əmini, Meysəm Colani, Murtuza Pərvin, Saleh Piçqanlu və Mustafa Pərvinə çıxardığı 30 şallaq zərbəsi və 3 aylıq həbs qərarını təsdiqləyərək qüvvədə saxlayıb.
Fəallar, 2015-ci ilin noyabr ayında Ərdəbildə yerli “Şəhrdari” komandasının Hormozqanın “Alüminium” komandası arasında keçirilən görüşdə milli şüarlar səsləndirməkdə və yazılı plakatlar qaldıraraq tanınmış fəal Abbas Lisani və digər siyasi məhbusların azadlığa buraxılmasını tələb etdiklərinə görə tutulmuşdular. Ərdəbil məhkəməsi qiyabi olaraq hər beş fəalı milli şüarlar səsləndirməklə ictimai asayişi pozmaqda günahlandıraraq, onlardan hər birini 30 şallaq zərbəsinə və 3 ay həbsə məhkum etmişdi.

Qeyd edək ki, fəallardan 3-ü, Meysəm Colani, Tohid Əmir Əmini və Saleh Piçqanlu 2015-ci il, noyabrın 9-da dövlət televiziyasında yayımlanan və azərbaycanlıları təhqir edən “Fitilə” adlı proqrama qarşı kütləvi etirazlarda da tutulmuşdular. Onlar 1 ay həbsdə saxlanıldıqdan sonra mülk girovu qoyaraq müvəqqəti azadlığa buraxılmışdılar. Ərdəbil məhkəməsi onlardan hər birini 3 ay həbsə məhkum etsə də, fəallar buna etiraz bildirmiş, işə apellyasiya Məhkəməsində baxılmasını tələb etmişdilər. Ərdəbil Apellyasi Məhkəməsinin isə işə fevralın 23-də baxacağı bildirilir.
Bu xəbər oxucular tərəfindən 642 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed