Şrift:
Məhkəmə Abbas Lisaninin ailə üzvlərinə fəaliyyətlərini dayandırmaq üçün təzyiq göstərib
24.02.2016 [11:17] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Şiraz zindanında məhbus həyatı yaşayan tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin ailə üzvləri məhkəmənin çağırışına əsasən, Ərdəbil İnqilab Məhkəməsinin 9-cu şöbəsinə müraciət edib. Onlar fevralın 23-də (isfəndin 4-də) hakim Tahirifər tərəfindən dindirilib.
Məlumata görə, hakim ilk öncə A.Lisaninin həyat yoldaşı Ruqəyyə Əlizadəyə bir neçə sual ünvanlayıb. Xanım Əlizadə isə heç bir suala cavab verməyəcəyini bildirərək sükut edib.

Sonra A.Lisaninin böyük oğlu Əli Lisani hakimin ona ünvanladığı suallara cavab verib. O hakimin “Nə üçün icazə verirsiniz özgə insanlar evinizə gəlsin vəya ananıza zəng etsin” sualının cavabında bildirib ki, “sizin nəzərdə tutduğunuz insanlar mənim atamın fikirdaşlarıdır. Onlara hörmət etmək bizim borcumuzdur.”

Hakim, Əli Lisaniyə daha bir sual ünvanlayıb. Tahirifər soruşub ki, “əgər sizin hər ay 5-6 milyon tümən gəliriniz olursa, siz yenə də atanızla birgə hərəkət edərsiniz, yoxa atanızdan ayrılıb və öz şəxsi işlərinizlə məşğul olarsınız?”

Cənab Lisani hakimin bu sualını da cavabsız qoymayıb. O bildirib ki, “siz bu vədlərinizlə məni atamdan və onun ideyalarından ayrı sala bilməzsiniz.”

Hakim sonda A.Lisaninin ikinci oğlu Mehdi Lisanini dindirib. Mehdi Lisani hakimin ünvanladığı sualların cavabında bildirib ki, “xahiş edirəm bizi həbs edin. Biz zindanda olmasaq da, ama məhbus həyatı yaşayırıq. Siz elə edibsiniz ki, bizə qarşı müxtəlif ruhi və psixoloji təzyiqlər edilir və davamlı olaraq bizi uydurma bəhanələrlə məhkəməyə çəkirlər.”

İclasın sonunda Lisani ailəsinin heç bir üzvü məhkəmənin tələblərinə boyun əyməyib və heç bir vərəqəyə imza atmayıb. Onlar həmçinin vurğulayıb ki, “əgər belə suallar soruşulacaqsa, bundan sonra heç bir məhkəmə iclasına qatılmayacaqlar.”

Bu arada Abbas Lisani də Şiraz zindanından öz yaxınları ilə əlaqə saxlayıb. O mübarizənin davamına təkid edərək bildirib ki, bu kimi təzyiqlər ona və digər azərbaycanlı fəallara heç bir təsir etməyəcək və Azərbaycanın milli və mədəni hüquqları uğrunda mübarizə davam etdiriləcək.
Bu xəbər oxucular tərəfindən 369 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed