Şrift:
Keçmiş deputat: “Mühafizəkar namizədlərin səsini artırmaq üçün 1 milyon kəndçini Tehrana gətirmək istəyirlər”
25.02.2016 [12:08] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran parlamentinin keçmiş deputatı, fəaliyyətinə qadağa qoyulmuş islahatçı Milli Etimad Partiyası sədrinin canişini, Rəsul Müntəcəbniya fevralın 23-də jurnalistlərə açıqlamasında qarşıdan gələn parlament seçkilərindən danışıb.
Axund Müntəcəbniya deyib ki, hakimiyyətdəki mühafizəkar cərəyanlar, parlament seçkilərində özlərindən olan namizədlərə veriləcək səslərin sayını artırmaq üçün qanuna zidd planlar qurublar: “Biz, bir neçə ay əvvəl xəbərdar olduq ki, radikal mühafizəkarlar (üsulçular) parlament seçkiləri ərəfəsində ölkənin müxtəlif yerlərindən 1 milyon insanı, o cümlədən də kəndçiləri Tehrana gətirmək istəyirlər. Məqsəd isə odur ki, paytaxta gətirilən həmin adamlar onların namizədlərinə səs versinlər və bununla da özlərindən olan namizədlərə verilən səslərin sayını çoxaltsınlar.

Bizdə olan məlumatlara görə, ifratçı cərəyanlar bu planı reallaşdırmaq üçün gizli iclaslar da keçiriblər. Elə buna görə də hesab edirəm ki, Daxili İşlər Nazirliyi bu məsələyə diqqət etməli, belə bir planın həyata keçirilməsinin qarşısını almalıdır. Çünki bəzi qurumlar, sadə insanların səsini qazanmaq üçün su-istifadə edərək “beytülmal” pulundan xərcləyirlər. Bu isə qanuna zidd addımdır və yolverilməzdir”.

Qeyd edək ki, Milli Etimad Partiyasını, islahatçı ruhani Mehdi Kərrubi 2006-cı ildə yaradıb. O, həmin partiyanın rəhbəri olub. 2009-cu ildə İranda keçirilən prezident seçkisinin rəsmi nəticələrinə qarşı kütləvi etirazlardan az sonra Kərrubi həbs edilib. Həmin vaxtdan isə partiyanın fəaliyyətinə qadağa qoyulub. İrandakı “yaşıl hərəkat”ın liderlərindən sayılan Mehdi Kərrubi, hərəkatın əsas lideri sayılan Mirhüseyn Musəvi və xanımı Zəhra Rəhnəvərdlə eyni vaxtda tutulub. Hər üç şəxs artıq 5 ildir ki, mühakimə olunmadan ev dustaqlığında saxlanılırlar.
Bu xəbər oxucular tərəfindən 508 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed