Şrift:
Bu gün İranda parlament və Üləma Məclisi seçkiləri keçirilir
26.02.2016 [12:25] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Fevralın 26-da İranda 10-cu çağırış parlamet seçkiləri keçirilir. Seçkilərə yerli vaxtla sübh saat 8-də start verilib.
İran Daxili İşlər Nazirliyinin fevralın 25-də yaydığı açıqlamaya görə, ölkədə 54 milyon, 915 min nəfər səsvermə hüququna malikdir. Əhali arasında aparılan sorğunun nəticələrinə əsasən səsvermə hüququna malik olanların 65-70 faizinin səsvermədə iştirak etməsi proqnozlaşdırılır. Bildirilir ki, ölkədə vətəndaşların səs verməsi üçün 120 min səsvermə qutusu möhürlənərək yerli icra hakimiyyətlərinin ixtiyarına verilib.

İran daxili işlər naziri Əbdülrza Rəhmani Fəzlinin jurnalistlərə açıqlamasına görə, bu gün keçirilən parlament seçkilərində 4 min, 844 namizəd parlamentin 290 yeri uğrunda bir-biri ilə rəqabət aparacaq. Seçkilərin dinc şəraitdə keçirilməsini təmin etmək məqsədilə ölkənin hər yerində müəyyən təhlükəsizlik tədbirlərinin görüldüyünü vurğulayan nazir, seçki nəticələrinin fevralın 27-si günorta saatlarına qədər elan ediləcəyini də bildirib.

Qeyd edək ki, bu gün İranda parlament seçkiləri ilə yanaşı, eyni vaxtda həm də Üləma Məclisi seçkiləri də keçirilir.
Bu xəbər oxucular tərəfindən 741 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed