Şrift:
Urmu gölünün quruması şimal-qərb bölgəsinin təbii ehtiyatlarını məhv edir
12.03.2016 [11:22] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
“Urmu gölünün quruması nəticəsində bir çox canlı, o cümlədən bitkilər ətrafa yayılan duz zərrəcikləri böhranı ilə üz-üzə qalır və bu şəkildə ölkənin şimal-qərb bölgəsində təbii ehtiyatlar məhv olur.” Bu sözləri Şərqi Azərbaycan Təbii Ehtiyatlar Təşkilatının baş direktoru Şəbistərin Şindabad kəndində deyib.
Urmu gölünün yaxşı vəziyyətdə olmadığını diqqətə çatdıraraq Davər Namdar bildirib ki, “Urmu gölünün quruyub məhv olması, ətraf məntəqələrə ciddi təsir göstərəcək və bu ərazilərdə duz zərrəciklərinin yayılmasına səbəb olacaq.”

Duz zərrəciklərinin vurduğu ziyanlara işarə edən D.Namdar vurğulayıb ki, “Urmu gölünün quruması nəticəsində bir çox canlı, o cümlədən bitkilər ətrafa yayılan duz zərrəcikləri böhranı ilə üz-üzə qalır və bu şəkildə ölkənin şimal-qərb bölgəsində təbii ehtiyatlar məhv olur.”

Şərqi Azərbaycan Təbii Ehtiyatlar Təşkilatının baş direktoru ətrafa yayılan duz zərrəciklərinin miqdarını azaltmaq üçün görülən işlərdən də danışıb. O bildirib ki, “ətraf mühiti qorumaq məqsədi ilə Urmu gölü ətrafında əkin sistemi dəyişdirilir, icazəsiz quyuların qazılmasının qarşısı alınır və ən önəmlisi gölün ətrafında suya az ehtiyacı olan çoxsaylı bitki əkilir. Bu bitkilərin əkilməsində əsas məqsəd duz zərrəciklərinin yayılmasının qarşısını almaqdır.”

Qeyd edək ki, hazırda Urmu gölü sürətlə quruyur və artıq 95%-nin quruduğu bildirilir. Bir çox ekspert gölün qurumasında İran rejimini təqsirli bilir. Bəzi ölkə rəsmiləri isə gölün canlandırılması ilə bağlı müəyyən tədbirlərin alındığını bildirir. Lakin Ekoloji məsələləri üzrə bir çox ekspert, həmçinin Təbriz və Urmiyə şəhərlərinin millət vəkilləri hökümətin Urmu gölü ilə bağlı əməli addımlar atmadığını və yalnız konfranslar və seminarlar təşkil etməklə kifayətləndiyini bildirirlər.
Bu xəbər oxucular tərəfindən 670 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed