Şrift:
Rusiyada terror aktlarının sayı iki dəfə azalıb
15.02.2012 [12:28] - Hadisə
Ötən il Rusiyanın müxtəlif bölgələrində 365 terror aktı həyata keçirilib

Ötən il Rusiyada terror xarakterli cinayətlərin sayı iki dəfə azalıb. Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov bildirib. Onun sözlərinə görə, görülən tədbirlər sayəsində ölkədə terror aktivliyinin səviyyəsi aşağı düşüb. 2010-cu ildə ölkədə 779 terror aktı gerçəkləşibsə, ötən il bu rəqəm 365 fakt təşkil edib. FTX direktoru ötən il 94 terror aktının qarşısının alındığını bildirib: “Bu sırada “Sapsan” sürət qatarında, Mahaçqala şəhər məscidində, Xasavyurt ticarət mərkəzində, ölkənin bir sıra həyati əhəmiyyətli obyektlərində törədilməsi planlaşdırılan terror aktlarını qeyd etmək olar”. Bortnikov “Domodedovo” hava limanında törədilmiş terror aktının, Kabardin-Balkarda turistlərin güllələnməsinin, Volqoqrad şəhər daxili işlər idarəsinin binasında törədilən partlayışın, Dağıstan prezident administrasiyasının mətbuat xidmətinin rəisinin qətlə yetirilməsinin və digər səs-küylü terror aktlarının üstünün açıldığını bildirib. Bu cinayətləri törədənlərin şəxsiyyəti dəqiqləşib, icraçılar və sifarişçilərin əksəriyyəti həbs olunub və ya silahlı müqavimət göstərdiyinə görə öldürülüb. FTX direktoru ötən il 49 nəfərin terrorçu fəaliyyətdən könüllü imtina etdiyini deyib.
Bu xəbər oxucular tərəfindən 723 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed