Şrift:
Həbsdə olan Məhəmməd Nurizad iranın dini lideri Əli Xamneyiyə 22-ci açıq məktubunu yazıb
15.02.2012 [12:28] - Güney Azərbaycan xəbərləri
Məktubunda jurnalist ayətullah Xamneyini keçici olan qüdrət və hakimiyyət həvəsinə uymamağa, təvazökarlığa və xalqın tələblərinə cavab verməyə çağırıb.
Nurizad 2009-cu ilin iyununda keçirilmiş prezident seçkisinin rəsmi nəticələrinə qarşı kütləvi etirazlar zamanı dini rəhbərə repressiyalarla bağlı açıq məktublar yazıb zorakılığı pislədikdən, zindanlardakı acınacaqlı vəziyyəti açıqladıqdan sonra dəfələrlə tutulub həbsə salınıb. Tehran məhkəməsi onu hakimiyyətə qarşı təbliğatda və dini rəhbəri təhqirdə günahlandıraraq 3 il yarım həbsə və 50 şallaq zərbəsinə məhkum etsə də, o, mülk girovu qarşılığında müvəqqəti azadlığa buraxılıb.
Məhəmməd Nurizad 2009-cu ilin prezident seçkisinə qədər ayətullah Xamneyinin ən yaxın dostlarından və onun qatı tərəfdarlarından biri olub.
Məhəmməd Nurizadın dini liderə 22-ci açıq məktubunda deyilir: “2002-ci ilin noyabr ayında İsfahan əyalətinin gəncləri ilə görüşəndə sizi Həzrət Əli ilə eyni cərgədə qoyanlara belə demişdiniz: “Biz hara, Əli hara. Biz hara, Əlinin qulu olan Qəmbər hara. Biz Əlinin qulu olan Qəmbərin ayağının tozu da ola bilmərik”. Bu çox düzgün və ağıllı sözdür. Lakin mən sizin bu bir neçə cümlədə ardıcıl olaraq “biz” şəkilçisini işlətməyinizlə razılaşmıram”.
Məhəmməd Nurizad hesab edir ki, özünü həqiqətən Əlinin qulu Qəmbərin ayağının tozu da saymayan şəxs “Biz hara, Əli hara”, “Biz Əlinin qulu olan Qəmbərin ayağının tozu da ola bilmərik” kimi ifadələrin yerinə “Mən hara, Əli hara”, “Mən Əlinin qulu olan Qəmbərin ayağının tozu da ola bilmərəm” kimi ifadələr işlətməli idi. Məktub müıllifinin fikrincə, dini lider həmin vaxt “biz” ifadəsini işlətməklə əslində öz rütbəsini və yerini yuxarı tutub.
O, məktubunda daha sonra yazır: “Ey Əlinin qulu Qəmbərin ayağının tozu, eşit! Düzünü desəm, biz səndən gileyliyik. Çünki İran xalqı, hətta nüfuz sahibi olan iri vəzifə sahiblərimiz də səninlə rahat danışa bilmir. Əgər səni, sənin işlərini və ya sənin əlaltılarını tənqid etmək istəsələr, sənin əmrinə tabe olan məmurlarının qorxusundan, eləcə də Evin zindanında onları gözləyən ağır əzab-əziyyətdən, acınacaqlı taledən dilləri kəkələməyə başlayır, danışa bilmirlər. Geniş yayılmış bir adətə görə sizdən danışanlar yalnız yaltaqlanmaq məcburiyyətində qalır.
Ey Əlinin qulu Qəmbərin ayağının tozu, eşit! Mövlamız Həzrət Əli buyurur ki, bütün dünyanı da mənə versələr, mən (Əli) çəyirtkənin budunu zorla qarışqanın ağzından dartıb çıxartmaram. Lakin indi bax gör biz inqilabdan sonrakı bu illərdə, xüsusilə də sənin rəhbərlik etdiyin illərdə nələr etməmişik! Güman etmirəm ki, bu illərdə bizim adam öldürdüyümüzü sən inkar edəsən. Bəli, adam öldürmüşük! Daha doğrusu, biz Əlinin ədalətli hakimiyyətini bərpa etmək üçün yox, öz hakimiyyətimizi bərqərar etmək üçün adam öldürmüşük. Çəyirtkənin budu hara, adam öldürmək hara? Bəli, biz heç bir günahı olmayan adamları öldürmüşük, insan öldürmüşük! Biz qarət etmişik, qarət edirik, zindana salmışıq, zindana salırıq. Öz xalqımızın övladlarından bir qrupunu vətəndən qovub didərgin salmışıq, gənclərin edamı, ziyalıların ardıcıl qətli, tələbə yataqxanası hadisəsi, 2009-cu ilin qırğını və!..
Ey Əlinin qulu Qəmbərin ayağının tozu, eşit! Həzrət Əlinin maliyyə durumu və hesabı pak və şəffaf idi. Onun dünya və axirətə hesab qaytarmaq sarıdan qorxusu yox idi. İstər dost, istərsə də düşmən, hamı onun xalqın malına necə həssas yanaşdığını bilir, buna inanırdı. İndi görək səndən soruşmaq olarmı ölkəyə rəhbərliyə başladığın gündən bu günə qədər xalqın nə qədər pulu sənin birbaşa əmrinlə xərclənib və ya yerbəyer olub? Səndən bu suala cavab gözləmək təsəvvürümüzə sığmır. Lakin gəl heç olmasa özün özündən soruş ki, bu pulların yerbəyer olmasında, haralarasa xərclənməsində xalqın razılığı olubmu?
Ey Əlinin qulu Qəmbərin ayağının tozu, eşit! Gəl özün ol, bizlərdən biri ol. Əlinin qulu Qəmbərin ayağının tozunu tarixə burax. Biz istəyirik ki, sən Seyid Əli olasan. İstəyirik ki, bizlərdən biri olasan. Yəni cavabdeh olaraq tənqidə də dözümlü olasan. Çünki əgər sən belə olsaydın, ad-san sahibi olan oğrular sənin sayəndə özlərini təhlükəsiz saymaz, var-yoxumuzu talayıb yağmalamazdılar. Biz səninlə Allahın bəyəndiyi sadə, açıq və şəffaf bir dildə danışdıq. Biz səninlə kəkələmədən danışdıq. Bunu Allah bəyəndiyi kimi “Quran” da bəyənir. Bunu bizim və sizin mövlamız Əli də bəyənir. Bunu insan da, ağıl da, bugünkü bəşəriyyət də bəyənir. Biz sənin açıq-aşkar yanlış və xətalardan uzaq olmağınızı istəyirik. Biz sənin xalqı və onun tapdanmış hüququnu düşünməyini istəyirik”.
Bu xəbər oxucular tərəfindən 1489 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed