Şrift:
Azərbaycanda saxta ali məktəb diplomları yeni üsulla üzə çıxarılacaq
15.02.2012 [13:05] - Mədəniyyət
Azərbaycanda işbazlar tərəfindən hər hansı şəxsə verilmiş saxta ali məktəb diplomları yeni üsulla üzə çıxarılacaq.

Təhsil Nazirliyindən bildiriblər ki, artıq ölkədə təhsil almış məzunların diplomlarının bazasının yaradılmasına başlanılıb. Bu baza ali təhsil pilləsi üzrə yaradılan Təhsilin idarəolunmasının məlumat sisteminin tərkib hissəsidir.
Məlumata görə, ilk mərhələdə son 10 il ərzində Azərbaycanın ali məktəbləri tərəfindən verilmiş diplomların bazası yaradılacaq. İlkin olaraq, bu iş özəl, daha sonra isə dövlət ali məktəbləri ilə bağlı olacaq. Baza əsasında hansı nömrəli diplomun kimə verildiyi məlum olacaq. Bu məlumatlar açıq olacaq. Onlar nazirliyin saytında və təhsil portalında yerləşdiriləcək.
Məlumatda bildirilir ki, bazanın yaradılmasının işəgötürənlər üçün çox əhəmiyyətli olacaq.
"Saxta diplomlar olduğu üçün hazırda işəgötürənlər həmin sənədin həqiqi olub-olmadığını öyrənmək istəyirlər. Bunun üçün işəgötürənlər çox tez-tez nazirliyə müraciət edirlər. Son vaxtlar isə bu müraciətlərin sayı daha da artıb. Amma artıq yeni yaradılacaq baza vasitəsilə işəgötürənlər özləri işə qəbul olunmaq üçün müraciət edən şəxsin diplomunun saxta olub-olmadığını öyrənə biləcəklər" məlumatda qeyd olunub.
Yeni üsulun tətbiqi zamanı işəgötürən diplom ona təqdim edildikdə bazaya daxil olub baxacaq ki, diplom həqiqidir, ya yox. Bazada yoxlanılan zaman da saxta diplomun nömrəsi ya hansısa qanuni diplomun nömrəsi ilə üst-üstə düşəcək, ya da ümumiyyətlə, bazada həmin seriyalı diplom olmayacaq.

Diplom bazasının bu ilin sonunadək hazır olacağı gözlənilir.
Bu xəbər oxucular tərəfindən 3152 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed