Şrift:
İşıqla müalicə
05.10.2011 [12:58] - Sağlıq
İnsan dünyaya göz açarkən ilk gördüyü şey işıqdır. Bununla da həyatın başlanğıcı işıq terapiyasının birinci seansına çevrilir. Hər səhər pəncərənin pərdələrini açarkən biz işıqla üzləşir və bununla da günümüz başlayır. Gecə ilə gündüzün, yaxud ilin fəsillərinin bir-birini əvəzləməsini yer üzündəki bütün canlıların ölümü və dünyaya gəlməsi ilə müqayisə etmək olar. İşığın yoxa çıxması ilə yaşlı, xəstə nə varsa, hamısı məhv olur, günəşin ilk şüaları göründükdə isə yenidən doğulurlar. İşığın sehrli qüvvəsi ilə xəstəliklərdən yaxa qurtarmağı öyrənən insan da cana gəlir...

Müalicə prosesində işığın rolu
İşıqla müalicə (helioterapiya) minillik tarixə malikdir. Bu müalicə üsulu qədim dövrlərdən Çində mövcud olub. Ondan Qədim Roma və Orta Asiyada da istifadə ediblər. Tibbə dair qədim elmi əsərlərdə də bu mövzuya toxunulub. Məşhur alim İbn-Sina da bu barədə yazıb. Qədim Misirdə işıqla müalicə məqsədilə xüsusi məbəd də inşa edilib. Hippokratın dövründə dəri, əsəb sistemi, oynaq xəstəlikləri işıqla sağaldılıb. XIX əsrin sonlarında Danimarkada işıqla müalicə üçün xüsusi müəssisə yaradılıb. XX əsrin əvvəllərində isə məşhur rusiyalı nevropatoloq Bexterevin «Əsəb xəstəliklərinin müalicəsində işıqla müalicə» kitabı çapdan çıxıb.

Günəş - başlıca şəfaverənimiz

Bizim əhval-ruhiyyəmiz çox vaxt təbii gün işığının elektromaqnit şüalarının orqanizmə təsirindən asılıdır. Məsələn, Sankt-Peterburq şəhərinin əhalisi, digər şimallılar kimi payız və qışda günəş şüalarının çatışmazlığını hiss edir və bunun onlara pis təsirini bilirlər. Bir çox sahələrdə çalışanların - şaxtaçılar, metro işçilərinin sağlamlığı, onların nə qədər gün işığı görməsilə birbaşa bağlıdır.
Günəş şüaları orqanizmdə sümüklər üçün faydalı olan D vitamininin və stressi aradan qaldıran serotoninin yaranmasını stimullaşdırır.
Göz üçün günəş işığı (parlaq olmayan, axşama yaxın) ideal sayılır. Buna görə də yayda günəş qürub edərkən açıq havada gəzmək yaxşıdır. Bu zaman gün ərzində yorulmuş gözlər dincəlir.
Əsas şəfaverici sayılan Günəşin bizə nə qədər lazım olduğunu hər an hiss edirik. Amma unutmaq olmaz ki, hər şey həddində yaxşıdır. Günəş şüalarından bolluca istifadə etmək olmaz.
Günəş şüaları çatışmadıqda isə onu təkcə rahatlıq deyil, həm də sağlamlıq gətirən vasitələrlə əvəz edirlər. İşıqla müalicə vasitələrindən birində passiyenti adi lampa ilə müqayisədə daha böyük intensivliklə işıq buraxan xüsusi konstruksiyalı qutunun qarşısında əyləşdirirlər. Mövsümlə əlaqədar xəstəliklərə düçar olanlara və qışda yuxusuzluq, depressiyadan əziyyət çəkənlərə bu prosedur kömək edir.

Rəngli işıqların əhəmiyyəti
Xalq təbabətində səslər, bitkilər, ətirlərlə müalicə ilə yanaşı, işıqla müalicə də öz yerini tapıb. Rəngli işıqlarla müalicə metodu daha məşhurdur. Bu metod hər bir rəngin özünəməxsus informasiya daşıyan şüalanmaya malik olmasına əsaslanır. Müəyyən daxili orqana işıqla təsir göstərməklə onu sağaltmaq, fəaliyyətini normallaşdırmaq, güc və qüvvəsini bərpa etmək mümkündür.
Rənglər hüceyrələrin elektromaqnit sahəsinə birbaşa təsir etmək imkanına malikdir.
Rənglərlə müalicə bir neçə
üsullarla həyata keçirilir:
1. Hansı orqana təsir etməyinizdən asılı olaraq, sizə lazım olan rəngdə kağız-vərəq götürün. Vərəqin ölçüsü 20x45 sm-dən kiçik olmamalıdır. Vərəqi özünüzdən 1-1,5 metr aralıda qoyub, 10-15 dəqiqə ona baxın.
2. Bu variant isə təxəyyülü yaxşı inkişaf etmiş şəxslər üçün əlverişlidir. Oturub, gözlərinizi yumun və təsəvvür etməyə çalışın ki, əyləşdiyiniz otağın divarının rəngi sizin müalicənizə kömək edən rəngdədir. Əgər bunu etmək çətindirsə, onda sizi əhatə edən əşyalardan lazımı rəngi seçib, onu yaddaşınıza həkk edin. Sonra isə gözlərinizi yumub müalicəyə başlayın.
Rəngləri, göy dəniz, mavi səma, yamyaşıl ot, narıncı portağal, qırmızı qərənfil şəklində təsəvvür edə bilərsiniz.
Müalicəvi məşq 10 dəqiqədən 20 dəqiqəyə qədər davam etməlidir.
3. Mağazadan rəngli lampalar alın. Sizə lazım olan rəngi istənilən işıq mənbəyinə tərəf yönəldin. Digər işıqları söndürməyin. Rəngli lampanın təsiri 2-3 saat ərzində özünü göstərə bilər. Bu vaxt istədiyiniz işlə məşğul ola bilərsiniz.

Müalicə üçün rəng seçək
QIRMIZI. Bu işıq gərginliyi aradan qaldırır. Stolüstü lampanın üstünə qırmızı yaylıq atıb, 20 dəqiqə divanda uzanmaqla yorğunluğunuzu götürə, həyat gücünüzü bərpa edə bilərsiniz. Bundan başqa, qırmızı işıq orqanizmdəki zəhər və tullantıların xaric olmasına təsir edir.
HALOGEN lampaya yaxşı olar ki, diqqətlə baxmayasınız. Bu lampada gözlər üçün ziyanlı olan ultrabənövşəyi şüalar var.
GÖY rəng yüksək hərarətverici qüvvəyə malikdir. Soyuqdəymə zamanı göy rəngli gecə lampasını, yaxud göy işıqlı lampanı xəstənin yatdığı otaqda yanına qoymaq lazımdır. Bununla temperatur tezliklə aşağı düşəcək. Bir çoxları bilir ki, qulaq ağrısı və haymorit zamanı göy işıqdan istifadə olunur və bununla ağrı kəsilir. Stomatologiyada göy işıqla plombu bərkidirlər.
Əgər gümrahlığınızı tez bərpa etmək istəyirsinizsə, onda sizə SARI işıq lazım olacaq. Bundan başqa, bu işıq iştahanı artırır, şişmiş dalağın kiçilməsinə kömək edir, ürəyi möhkəmləndirir və qanda şəkərin miqdarını normallaşdırır.
SARI işıq həzmetməni yaxşılaşdırır, əsəb, endokrin sistemlərini möhkəmləndirir, mədəni stimullaşdırır, möhkəmləndirir. Mədə-bağırsaq pozulmaları zamanı demək olar ki, sarı işıqdan istifadə olunur. Bu işıq açıq yaşıl və mavi rənglərlə sintezi diş həkiminin qəbulunda olan pasiyentin qorxusunun azalmasına kömək edir.
YAŞIL işıq sakitləşdirir və nikbin əhval-ruhiyyə yaradır. MAVİ rəng isə yorğun gözlərin dincəlməsinə kömək edir.
BƏNÖVŞƏYİ rəng şüura güclü təsir göstərdiyi üçün ondan tez-tez meditasiyada çox istifadə olunur. Bundan başqa, dalaq pozğunluğu zamanı, limfa düyünlərinin dövranını gücləndirmək üçün istifadə olunur. Yetkinlik yaşına çatmamış uşaqların 75 faizi, həmçinin, hamilə qadınlar bənövşəyi rəngə üstünlük verirlər.

Sadə məsləhətlər
Lazer şüaları haqqında ilk məlumata Aleksey Tolstoyun «Mühəndis Qarinin hiperboloidi» fantastik romanında rast gəlinib. Məhvedici yaşıl işığın köməyi ilə dünyanı fəth etmək istəyən Qarinin kəşfi bu gün tibb aləmində müvəffəqiyyətlə tətbiq edilir və bir çox ciddi xəstəliklərin müalicəsində mühüm rol oynayır. Lazer işığının imkanları əvvəlcə heyvanlar üzərində sınaqdan çıxarılıb. Aşkar olunub ki, yalnız göy və ya qırmızı işığın parametrlərini, tezliyini, həcmini, dalğalarının uzunluğunu dəyişməklə, müalicə aparmaq mümkündür. Onların hər biri özünəməxsus təsirə malikdir. Ümumilikdə təkcə işıqla deyil, yeni səviyyəyə və unikal xassəyə malik, rənglərlə müalicə yaranır. Həkimlər müəyyən ediblər ki, işıqla müalicə soyuqdəymə və yaraların tez sağalmasına effektli təsir göstərir, immuniteti aktiv surətdə bərpa edir, sinir sistemini tənzimləyir. İrkutsklı alimlər belə işığın hüceyrəyə təsirini müşahidə ediblər. Bu zaman xəstə hüceyrədə çıxıntı, oyuq əmələ gəlir. Onu işıqla şüalandıran kimi hüceyrə sağlam oval formasına düşür.

Ultrabənövşəyi və infraqırmızı işıq
Yəqin ki, işığın dalğa halında olduğunu orta məktəbdə fizika fənnindən xatırlayırsınız. Hər rəng uzunluğuna müvafiq olaraq infraqırmızı və ultrabənövşəyi şüalara ayrılır.
İnfraqırmızı şüa istilikverici təsirə malikdir, şüalandığı hissənin temperaturunu artırır, əzələ ağrılarının götürülməsinə kömək edir, maddələr mübadiləsini yaxşılaşdırır, damarları genişləndirir. İnfraqırmızı işıqla revmatizmi, bronxiti, traxeiti, pnevmoniyanı, haymoriti, faringiti müalicə edirlər.
Ultrabənövşəyi şüalar toxumalara dərindən nüfuz edə bilməsə də, fotokimyəvi təsirə malikdir. Onun köməyi ilə orqanizmdə bioloji aktiv maddələr yaranır. Bu şüalar solyarilərdə günəş şüalarını əvəz edirlər. Lakin həkimlər ultrabənövşəyi işıqla çox ehtiyatla davranmağı məsləhət görürlər. Dozadan artıq olduqda o, orqanizmdə susuzlaşdırma yaradır ki, bunun nəticəsində də dəri vaxtından əvvəl qocalır, onkoloji xəstəliklərin inkişaf etmə ehtimalı artır.
Arzu
Bu xəbər oxucular tərəfindən 2384 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed