Şrift:
Xocalı faciəsi günlərində Sankt-Peterburqda Azərbaycan diaspor təşkilatının konsert təşkil etməsi etirazla qarşılanıb
18.02.2012 [12:16] - Mədəniyyət
Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti adlı təşkilatın bu il fevralın 27-də konsert keçirməsi etirazla qarşılanıb.
Beynəlxalq Diaspor Mərkəzi (BDM) Xocalı Soyqırımını Tanıtım İctimai Birliyi və bir sıra digər təşkilatlar dünyanın hər yerində Azərbaycan diasporunun Xocalının anım tədbirləri keçirdiyi vaxtda Sankt-Peterburqdakı diaspor nümayəndələrinin konsert şənliyi təşkil etməsindən hiddətləniblər.
Konsertin təşkilatçısı olan Vaqif Məmişov APA-ya açıqlamasında belə bir tədbirin keçiriləcəyini təsdiqləyib: “Birincisi, burada 380 min azərbaycanlı yaşayır. İkincisi, Xocalı faciəsi fevralın 25-dən 26-a keçən gecə baş verib, 27-də yox ki! Biz də hər il fevralın 25-26-da bu hadisəni bir yerdə yığışıb yada salırıq. Bu il də yığışıb yada salarıq”.
V. Məmişov onların ünvanına səslənən ittihamları əsassız adlandırıb: “20 yanvar faciəsindən sonra ayın 21-də Azərbaycanda da konsert olur. Bizim burada fevralın 27-də keçirəcəyimiz konsert Rusiyada prezident seçkilərinə dəstək konsertidir. Burada gün seçmək bizdən asılı olmadı. Sankt Peterbuqrdakı 12 min nəfərlik sarayda yalnız ayın 27-də boş yer var”.
Qeyd edək ki, həmin konsertdə iştirak etmək üçün Azərbaycandan müğənnilər Eyyub Yaqubov, Rəhim Rəhimli, Sevda Yəhyayevə, Namiq Qaraçuxurlu, İbrahim Borçalı, Rafael və Coşqun dəvət olunublar.
Azərbaycan qeyri-hökumət təşkilatları bununla bağlı bu il fevralın 20-də Xocalı faciəsinin şahidləri, Qarabağ veteranları, şəhid ailələri, QHT nümayəndələri və sənətçilərin iştirakı ilə etiraz tədbiri keçirəcəklər.
Bu xəbər oxucular tərəfindən 1410 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed