Şrift:
RUSIYANİN FƏALLİĞİ ÖZ MARAQLARİNA XIDMƏT EDIR
21.04.2016 [11:22] - Xəbərlər, Müsahibə, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Artıq Ermənistan tərəfi müəyyən məsələlərdə geri çəkilməyə məcburdur”


Son günlər Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan müzakirələr və verilən bəyanatlar xeyli intensivləşib. Hətta tərəflər arasında Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə münaqişəyə dair yeni danışıqların olacağı haqqında məlumatlar yayılıb. Bir sıra ekspertlər daha da irəli gedərək bu ilin sonuna doğru Dağlıq Qarabağ ətrafındakı 5 rayonun azad ediləcəyini deyiblər.

Təbii ki, bunlar hələlik iddia olaraq qalmaqdadır. Amma diqqəti çəkən əsas məqam odur ki, "dörd günlük” müharibədən sonra Rusiya xüsusi "canfəşanlıq” nümayiş etdirir. Qısa zaman ərzində rus rəsmilərin bölgəyə ardıcıl səfərləri də bu fəallığın bariz nümunəsi kimi dəyərləndirilir. Münaqişə ətrafında yaşanan son proseslərlə bağlı "Şərq”in suallarını cavablandıran Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev problemin həllinin uzaqda olmadığını düşünsə də, bunun Rusiyanın əli ilə olacağına inanmır. Millət vəkilinin sözlərinə görə, Kremlin sərgilədiyi mövqe eyniylə ermənilərin mövqeyidir...


- Fərəc bəy, münaqişənin həlli istiqamətində Rusiyanın xüsusi fəallıq nümayiş etdirməsini necə dəyərləndirirsiniz?

- Bir müddət əvvəl Azərbaycana səfər edən Rusiyanın Baş naziri Dmitri Medvedyev ölkəsinə qayıtdıqdan sonra açıq şəkildə bəyan etdi ki, onlar münaqişə tərəflərinə silah bazarı kimi baxırlar. O dedi ki, "əgər biz sizə silah satmasaq, başqa ölkələr satacaq”. Görünən odur ki, Rusiya münaqişənin indiki kimi qalmasında maraqlıdır. Digər tərəfdən Baş nazir söylədi ki, "cəbhədə itkilər verməkdənsə, indiki status-kvonun qalması daha məqsədəuyğundur”. Bu yanaşma birbaşa ermənilərin mövqeyi ilə üst-üstə düşür. Bu mənada Rusiyanın Azərbaycanın xeyrinə ədalətli davranış nümayiş etdirdiyi və bu istiqamətdə aktivlik göstərdiyi fikri ilə razı deyiləm. Rusların fəallığı öz maraqlarına xidmət edir. Moskva hökumətinin fəallığı öz mənafeyi naminə hər iki tərəfi sıxmaqla və müəyyən məsələləri diktə etməklə bağlıdır.

- Son günlər tez-tez səslənən və ciddi reaksiya doğuran fikirlərdən biri də rus sülhməramlılarının münaqişə zonasında yerləşdirilməsidir. Bu, Azərbaycan üçün nə deməkdir?

- Rus qoşunlarından ibarət "sülhməramlıların” Azərbaycana gəlməsi ölkə maraqlarına tamamilə ziddir. Əgər müəyyən razılaşmalar əsnasında sülhməramlılara icazə veriləcəksə, onlar Dağlıq Qarabağla Azərbaycanın digər əraziləri arasında deyil, Ermənistanla Azərbaycan arasında olmalıdır. Özü də sülhməramlı ordu sadəcə bir kontingentdən ibarət ola bilməz. Burada mütləq Almaniyanın, Türkiyənin, Pakistanın və ABŞ-ın qoşunları olmalıdır. Onlarla bərabər Rusiyanın hərbi qüvvələri də sülhməramlıların içində yer ala bilər.

- Çoxları hesab edir ki, "dörd günlük” müharibədən sonra Azərbaycanın əli daha da güclənib. Ona görə də danışıqlar masasında fərqli mənzərənin şahidi olacağıq. Siz necə düşünürsüz?

- Cəbhədə baş verən son fəal hərəkətlərdən sonra Azərbaycan diplomatiyası önə çıxdı. Biz artıq diktə edən tərəfə çevrilmişik. Azərbaycan ordusunun zəfərindən, əzələ nümayişindən sonra masa arxasında dövlətimizin mövqeləri xeyli inamlı görünür. Hər zaman vurğuladığımız kimi, bizim dəyişməyən prinsiplərimiz var: - Bütün məsələlərə ərazi bütövlüyü çərçivəsində baxılmalı və işğalçı ermənilər ölkəmizi tərk etməlidir. İndi ATƏT-in və başqa Avropa təşkilatlarının fəallaşmasını gözləyirik. Hesab edirik ki, bu il ərzində torpaqlarından qaçqın və köçkün düşən əhalinin öz yerlərinə qayıtması mümkün olacaq. Çünki artıq Ermənistan tərəfi müəyyən məsələlərdə geri çəkilməyə məcburdur. Əgər bunun əksi baş verərsə, Azərbaycan dəfələrlə bəyan etdiyi kimi, öz torpaqlarını hərbi yolla geri qaytaracaq.

- Münaqişənin həlli ilə bağlı səslənən təkliflərə münasibətiniz necədir? Bizə təqdim olunan planlar maraqlarımıza cavab verirmi?

- Münaqişənin çözülməsi istiqamətində paket şəklində mərhələli həll variantları irəli sürülür. Mərhələli həll planları əsasən "Madrid prinsipləri” və "Yenilənmiş Madrid prinsipləri” əsasında təklif olunur. Son olaraq da "Kazan formulu”nu gündəmə gətirirlər. Bilirsiz ki, danışıqlar masasında qəbul olunmayan variantları qapanmış mövzu kimi ATƏT-in baş ofisinə göndərir və digər versiyalara əl atırlar. Amma hələlik ATƏT-in ofisinə göndərilməyən ən son variant "Kazan formatı”dır. Bu variantların hər birində Dağlıq Qarabağ ətrafı rayonların mərhələli şəkildə qaytarılmasından söhbət gedir. Daha geniş anlamda əvvəlcə 5, sonra 2 rayonun boşaldılması, aralıq statusun verilməsi, sonra Dağlıq Qarabağın status məsələsi və sülhməramlıların yerləşdirilməsi öz əksini tapır. Amma bu müddəalar Ermənistan və Azərbaycan tərəfindən tam razılaşdırılmayıb. Məsələn, sülhməramlıların tərkibi ilə bağlı bizim ciddi etirazımız var. Çünki "Madrid prinsipləri”nə görə, sülhməramlılar dedikdə polis və mülki müşahidəçilər nəzərdə tutulur. Əgər burada konkret ordudan söhbət gedirsə, onda hansı ölkənin qüvvələri olacağı, harada yerləşəcəyi məsələləri tam aydınlaşmalıdır. Təbii ki, bunlar mükəmməl variantlar deyil. Hər halda bütün versiyaları müzakirə olunacaq predmet kimi qəbul etmək olar. Amma ana prinsipi, yəni Azərbaycanın ərazi bütövlüyünü əsas götürməklə problem həll olunmalıdır.

İsmayıl
Bu xəbər oxucular tərəfindən 1029 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed