Şrift:
100-ə yaxın ziyalı, İranda həbsdə saxlanılan türkmən alim Ümid Kvkəbi ilə bağlı Pan Gi Muna məktub yazıb
28.04.2016 [07:38] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda və xarici ölkələrdə yaşayan 100-ə yaxın tanınmış ictimai-siyasi fəal, jurnalist, yazıçı, alim, həkim, universitet müəllimi və digər ziyalılar, Tehranın Evin zindanında saxlanılan gənc türkmən alim Ümid Kövkəbinin durumu barədə BMT baş katibi Pan Gi Muna birgə məktub yazıb.

Məktubda bildirilir ki, BMT baş katibi, daşıdığı mühüm məsuliyyətinə görə və insanlıq naminə İranda həbsdə saxlanılan gənc alim Ümid Kövkəbiyə qarşı edilən ədalətsizliyə reaksiya verməli, onun azadlığa buraxılması üçün öz nüfuzundan istifadə etməlidir: “Ümid Kövkəbinin həbs olunmasının əsas səbəbi, onun İran İslam Respublikasının hərbi proyekt (proje) və planları ilə əməkdaşlıqdan imtina etməsidir. O əsassız ittihamlarla, o cümlədən xarici ölkələrin ali təhsil ocaqları və onların elmi mərkəzləri ilə əlaqə saxlamaqda günahlandırılaraq 10 il müddətinə azadlıqdan məhrum edilib.

Həbsdə saxlanıldığı müddətdə böyrək xərçənginə tutulan və son günlərdə əməliyyat olunaraq sağ böyrəyi bədəniundən çıxarılan gənc alimin həbsdəki ağır durumu, onun həyatını ciddi təhlükə ilə üz-üzə qoyub. Alimin səhhəti elə ağırdır ki, həkimlərin dediyinə görə o həbsdə saxlanılacağı təqdirdə, onun sağlamlığına daha ciddi xələl gələ bilər. Ümid Kövkəbi lazımi səviyyədə həkim nəzarətində olmaq və normal müalicə almaq üçün azadlığa buraxılmalıdır. Bunun üçün isə İran İslam Respublikasına təzyiq göstərilməlidir. Biz, Ümidin həyatının nicatı üçün sizin atacağınız addımı gözləyir, buna ümid edirik”.

ABŞ-ın Texas Universitetinin fizika elmləri üzrə doktorantı Ümid Kövkəbi, 2010-cu ildə valideynlərini görmək üçün İrana səfər edib. O, həmin ilin fevral ayında təhsilini davam etdirmək üçün ABŞ-a gedəndə Tehranın hava limanında tutulub. Tehran məhkəməsi, gənc alimi düşmən ölkələrlə əlaqə saxlamaqda, onlarla əməkdaşlıqda, bu yolla qanunsuz gəlir əldə etməkdə və casusluqda günahlandıraraq 10 il müddətinə azadlıqdan məhrum edib. O, həmin vaxtdan Tehranın Evin zindanında saxlanılır.

Qeyd edək ki, Ümid Kövkəbiyə dəstək məqsədilə Pan Gi Muna yazılan məktubu imzalamaq üçün İnternetdə imzatoplama kampaniyası da keçirilib. Son məlumatlara görə, indiyə qədər 16 min nəfərdən çox insan həmin məktubu imzalayıb.
Bu xəbər oxucular tərəfindən 658 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed