Şrift:
BU GÜN SU ÇƏRŞƏNBƏSİDİR...!!!
21.02.2012 [11:22] - Güney Azərbaycan xəbərləri
Bu gün Azərbaycanda ilk çərşənbə qeyd olunur. Artıq bu həftədən su çərşənbəsi ilə Novruz bayramına hazırlıqlar başlayır. Novruz qədim ənənələrə söykənən Azərbaycan dövlətinin milli ünsürlərini özündə birləşdirən əsas bayramlardan biridir. Novruz gəlməmişdən öncə onun ilk carçısı kimi hər həftə ocaqlar qalanır. Bu, demək olar ki, 4 həftəni özündə birləşdirir.
Deyilənə görə, Tanrı suyu ilk olaraq yaratdığı üçün ilk çərşənbə kimi su çərşənbəsi qeyd edilir. Bəzi mənbələrdə ona "əzəli çərşənbə", "gül çərşənbə" də deyirlər. Bu çərşənbədə suyun dirilməsi özünü göstərir. Qədim inanclara görə, bu çərşənbə suya tapınma inancı ilə başlayır. İnanca görə, "təzə su", yəni səhər dan yeri sökülməmiş götürülən köpüklü ağ su min bir dərdin dərmanı sayılır.
Yaz fəslinin gəlişini xəbər verən Novruz bayramı ilin başlanğıcı kimi də qəbul edilir. Məhz buna görə də insanlar sudan onun kimi şəffaf və gözəl bir ilin keçməsini arzulaya bilərlər. İlk tonqalın su çərşənbəsində yandırılması buzların əriməsi, artıq qışın arxada qalmasının göstəricisidir. Çünki kiçik çillə artıq öz yerini "boz ay"a verir və havalar atalarımız demişkən "ağara-bozara" düzəlməyə başlayır.
Su çərşənbəsində kənd yerlərində qadınlar, qızlar, hətta bütün insanlar çaya gedirlər, yaxud axan suda əllərini, üzlərini yuyurlar. Bu inanca görə onların üzərilərində olan bütün pisliklər həmin suya tökülərək məhv olacaq və onlar da yeni ilə saf daxil olacaqlar. Su çərşənbəsində masa üzərinə su qoymaq, masada suyun aşması xeyirliyə yozulur. Əgər süfrənizdə su aşıb tökülərsə, həmin ilin sizin üçün bol bərəkət gətirəcəyi gözlənilir. Su çərşənbəsində "Vəsfihal" adlanan nəğmələr oxunulur.
Su çərşənbəsi günü lal axan suyun üzərindən keçmək uğursuzluq əlaməti sayılır, həmçinin bu gün övladı olmayan bir qadının başından qırxaçar qabla su töksən, onun övladı dünyaya gələ bilər. Su çərşənbəsində hamının həyətində tonqal qalanır və bayram əhval-ruhiyyəsinin yaxınlaşdığı nəzərə çatdırılır. Həmin gün insanların bir-birinin üzərinə su atması da uğura işarədir.
Novruz Azərbaycana martın 20-si saat 09:14 dəqiqədə gələcək. Həmin gün Günəş yaz bərabərliyi nöqtəsində olacaq, gecə ilə gündüz bərabərləşəcək. Həmin nöqtədən sonra Günəş Şimal yarımkürəsinə keçəcək.
Bu xəbər oxucular tərəfindən 1655 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed