Şrift:
Sentyabrda Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması rekord həddə çatıb
05.10.2011 [17:56] - Köşə yazarları
Sentyabr ayında Ermənistan ordusu tərəfindən Qarabağ cəbhəsində və Ermənistan-Azərbaycan dövlət sərhədində atəşkəs rejiminin pozulması halları bu ilin ötən dövrü ərzində maksimum həddə çatıb.

Ermənistan ordusu tərəfindən Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri 119 dəfə pozulub. APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqə görə, atəşkəsin pozulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 4 hərbi qulluqçusu (1 zabit) yaralanıb.

Sentyabr ayında atəşkəsin ən çox pozulması halı cəbhənin Füzuli rayonu istiqamətində qeydə alınıb – 27 fakt. Ermənilər Tərtər istiqamətində 15, Ağdam istiqamətində 14, Xocavənd istiqamətində 12, Goranboy istiqamətində 9, Cəbrayıl istiqamətində 7, Göygöl istiqamətində 1 dəfə atəşkəsi pozublar.

Ermənistan-Azərbaycan dövlət sərhədində isə Ermənistan ordusunun atəşinə ən çox məruz qalan Qazax rayonunun yaşayış məntəqələri və Azərbaycan ordusunun bu istiqamətdəki bölmələri olub. Qazax istiqamətində atəşkəs rejimi 12 dəfə pozulub. Bundan başqa, Tovuz istiqamətində 9, Gədəbəy istiqamətində 7, Ağstafa istiqamətində 4, Daşkəsən istiqamətində isə 2 dəfə atəşkəs rejiminin ermənilər tərəfindən pozulması faktı qeydə alınıb.

APA-nın apardığı monitorinqin nəticələrinə görə, 2011-ci ilin yanvar-sentyabr aylarında (9 ayda) Ermənistan Silahlı Qüvvələri tərəfindən cəbhə xəttində və dövlət sərhədində atəşkəs rejimi 601 dəfə (yanvar ayında 24, fevralda 56, martda 80, apreldə 36, mayda 80, iyunda 69, iyulda 68, avqustda 69 dəfə, sentyabrda 119 dəfə) pozulub. Ümumilikdə, 2011-ci ilin ötən dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəsin pozulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 10 hərbi qulluqçusu, 4 mülki sakin (2 uşaq və bir sakin minaya düşərək) şəhid olub, 18 nəfər isə (3 mülki sakin, biri minaya düşərək) yaralanıb.
Bu xəbər oxucular tərəfindən 468 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed