Şrift:
Ermənistanın hərəkətləri iyun görüşünü poza bilər
25.05.2016 [00:42] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşündən sonra ermənilər atəşkəslə bağlı öhdəliklərinə əməl etmirlər. Bunu Trend İnformasiya Agentliyinin Baş direktorunun müavini, politoloq Arzu Nağıyev deyib.

A.Nağıyevin sözlərinə görə, məlumdur ki, Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşündən sonra iyun ayında növbəti görüşün keçirilməsi nəzərdə tutulub: "Azərbaycan Vyana görüşünə diqtə edən tərəf kimi getmişdi. Bu görüş ermənilərə ona görə sərf edirdi ki, artıq Ermənistanda sabitlik pozulub, iqtisadi vəziyyət daha da ağırlaşıb və onlar bu görüşdən müəyyən bir vaxt udmağa çalışırdılar. Lakin bütün gedişat göstərir ki, ermənilər bu vaxtdan heç də atəşkəsə əməl etmək üçün istifadə etmirlər".

Politoloq qeyd edib ki, Ermənistanın müdafiə naziri Seyran Ohanyanın Dağlıq Qarabağ ərazisinə səfəri, orada qoşunların təmas xəttində və Azərbaycanın dinc sakinlərinin yaşadığı ərazilərə yaxın məsafələrdə hərbi təlimlərin keçirilməsi, Serj Sarkisyan tərəfindən baş qərargah rəisi müavininin və digər hərbçilərin işdən azad edilməsi göstərir ki, onlar atəşkəsi pozmağa meyillidirlər: "Bu isə çox acınacaqlı fəsadlara gətirib çıxara bilər. Ermənilər beynəlxalq ictimaiyyətə söz vermişdi ki, iyun ayı ərəfəsində atəşkəs pozulmayacaq, ancaq verdikləri sözü tutmurlar. Yenə də çalışırlar ki, status-kvo saxlanılsın və danışıqlar prosesi pozulsun. Əgər proseslər belə getsə, düşünmürəm ki, iyun ayında danışıqlar uğurla baş tutsun".
Bu xəbər oxucular tərəfindən 995 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed