Şrift:
BİZİ BU DƏRD İLƏ BARIŞDIRMAYIN
26.05.2016 [00:22] - Gündəm, Mədəniyyət, DAVAMın yazıları
İnsan da öləri bir məxluqatdır,
Yaşadan-öldürən onu həyatdır,
Ruhun özü sirdir, sirri min qatdır,
Canı həyatıyla yarışdırmayın,
Bizi bu dərd ilə barışdırmayın.

Hər ağrı-acıdan keçmək olardı,
Hər zülmü sinədən biçmək olardı,
Zəhəri şərbəttək içmək olardı,
Vətəni bazarla qarışdırmayın,
Bizi bu dərd ilə barışdırmayın.

Quş da yuvasının üstünə gəlir,
Dil də duasının üstünə gəlir,
Düşmən yurd-yuvanın qəsdinə gəlir,
İşğalın min üzün araşdırmayın,
Bizi bu dərd ilə barışdırmayın.

Hər şeydən üzünü döndərmək olar,
Başına daş-qaya əndərmək olar,
Yağını ayağa endirmək olar...
Dərdi içimizlə vuruşdurmayın,
Bizi bu dərd ilə barışdırmayın.

Başsız yurdlarımız yavrudu, fələk,
Bu imansız yağı gavurdu, fələk,
Ürəyi sac üstə qovurdu, fələk,
Onu qaysaq ilə sarışdırmayın,
Bizi bu dərd ilə barışdırmayın.

Şadiman içindən bağrıqan olub,
Ağlayan göz olub, yanan can olub,
Qarabağ ah edir, ah hicran olub,
Ey bizim dillilər, duruş durmayın,
Bizi bu dərd ilə barışdırmayın,
Bizi bu dərd ilə barışdırmayın.
05.03.2011.
Şirin Xanım Kərimbəyli Şadiman
Bu xəbər oxucular tərəfindən 879 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed