Şrift:
28 May - Respublika Günü İndoneziyada qeyd olunub
28.05.2016 [03:03] - Xəbərlər, Gündəm, Diaspor
28 May - Respublika Günü münasibəti ilə Azərbaycanın İndoneziya, Timor-Leste, Filippin və Sinqapurdakı Səfirliyi Cakartada rəsmi qəbul keçirib.

Səfirlikdən verilən məlumata görə, tədbirdə İndoneziya Respublikasının iqtisadi məsələlər üzrə əlaqələndirici naziri Sofyan Cəlil əsas qonaq qismində olmaqla, Parlamentin nümayəndələr palatasının sədr müavini Fəxri Həmzə, regional nümayəndələr şurasının sədr müavini Faruq Məhəmməd, xarici işlər nazirinin müavini Əbdurrəhman Məhəmməd Faxir, İndoneziyada fəaliyyət göstərən diplomatik nümayəndəliklər, bəzi QHT və KİV nümayəndələri, iş adamları, Azərbaycanlı tələbələr və sair digər qonaqlar iştirak ediblər.

Səfir T.Qarayev qonaqlara müasir müstəqillik tariximizin 1991-ci ildən başlamasına baxmayaraq, nə üçün Respublika Gününün 97-ci ildönümünü qeyd etməyimiz barədə məlumat verərək bildirib ki, Azərbaycan xalqi 1918-ci ildə Şərqdə ilk qurulmuş, həmçinin milli məclisində qadın nümayəndələrin də təmsil olunduğu, 23 aylıq Azərbaycan Demokratik Respublikasının ildönümünü qeyd edir. 71 ildən sonra təkrar qurulan bugünkü Azərbaycan Respublikası 1918-ci ildəki Respublikanın dirçəlişi və mirası olduğunu vurğuladı.

Səfir qeyd edib ki, müstəqilliyinin ilk dövrlərindən hərbi təcavüzə və işğala məruz qalmasına, bunun nəticəsi olaraq, 1 milyona yaxın qaçqın və məcburi köçkünlərin mövcudluğuna və iqtisadiyyatın tamamilə çökməsinə baxmayaq, Azərbaycan Respublikası inkişaf etməyi bacardı və bu gün bütün sahələr üzrə göstəricilərə görə regionda lider dövlət olaraq beynəlxalq aləmə inteqrasiya yolunu seçib.

Bu istiqamətdə Azərbaycanın atdığı addımlara və uğurlarına misal olaraq, T.Qarayev 16 gündən sonra Birinci Avropa Oyunlarının başlayacağını, 2016-cı ildə Formula Bir tədbirinin Bakıda keçiriləcəyini və 2017-ci ildə Azərbaycan öz qapısını İslam Həmrəylik Oyunlarının üzünə açacağını bildirdi və qonaqları yuxarıda sadalanan möhtəşəm tədbirlərə şahidlik etmək üçün Azərbaycana dəvət edib.

Daha sonra səfir qonaqlara Azərbaycan - İndoneziya ikitərəfli əlaqələr haqqında qısa məlumat verib, siyasi münasibətlərin ən yüksək səviyyədə olduğuna görə, hazırda illik dövriyyəsi 2.5 milyard ABŞ dolları olan iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində işlərin davam etdiyini vurğulayıb.

Öz növbəsində çıxış edən əlaqələndirici nazir Sofyan Cəlil ikitərəfli əlaqələrin daha da inkişafına dair gələcək plan və layihələrdən danışdı və Azərbaycan xalqının bayramını təbrik edib.

Rəsmi mərasimdən sonra iştirakçılara Azərbaycanın milli xörəkləri və şirniyyatlarından ibarət olan ziyafət verilib.

Tədbir İndoneziya dövlət televiziyası TVRİ, "Liputan" və digər KİV vasitələri tərəfindən işıqlandırılıb. İştirakçılara Azərbaycan haqında müxtəlif nəşrlər, həmçinin İRS jurnalının İngilis və İndoneziya dillərinə tərcümə olunmuş versiyaları paylanılıb.
Bu xəbər oxucular tərəfindən 1108 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed