Şrift:
Qarabağda ilk şəhidləri verməyimizdən 24 il ötür
22.02.2012 [13:39] - Hərb
Fevralın 22-də Əsgəranda Əli Hacıyev və Bəxtiyar Quliyev şəhid ediliblər

Canına yağı daraşmış yurdumuzun məcburən cəlb edildiyi haqsız və ədalətsiz savaş 1988-ci il fevralın 22-dən başladı - Əli Hacıyevin və Bəxtiyar Quliyevin Əsgəranda şəhid olduğu gündən. 1988-ci ildə sovet rejiminin “yenidənqurma”, “aşkarlıq” və “demokratiya” şou-çağırışları altında maskalanan və himayədarlarından dəstək alan Ermənistan Azərbaycana qarşı yenidən torpaq iddiasına başladı. Düşmən bu oyunlara çoxdan hazırlaşsa da, bu fitnələrdən xəbəri olmayan Azərbaycan tamamilə gücsüz, köməksiz idi.

...Ssenari davam edirdi. Növbəti dalğa başlandı. 1988-ci il fevralın 21-də Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin yalnız erməni deputatlarının iştirakı ilə keçirilən növbədənkənar legitim olmayan iclasında vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın inzibati-ərazi bölgüsünə daxil edilməsi barədə qərar qəbul edilir. Sessiyada Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında Azərbaycan və Ermənistanın hakimiyyət orqanlarına müraciət olunur. Həmin vaxt ermənilər Xankəndidə vilayət Partiya Komitəsinin binası qarşısında mitinq keçirir, Azərbaycana qarşı əsassız iddialar səsləndirir, qərarın dərhal SSRİ Ali Sovetinə göndərilməsini tələb edirlər. İrəvandakı doqquz cümə məscidindən qalmış sonuncu məscid - şəhərin bəzəyi olan Göy məscid də yandırılıb dağıdılır. Fevralın 21-də Sovet İttifaqı KP MK-nın Siyasi Bürosunda Stepanakertdən göndərilən məsələnin müzakirəsinə başlanılır. SSRİ-nin ilk və sonuncu prezidenti olan Mixail Qorbaçov ali və yerli qanunvericiliyin tələblərinə, xüsusilə SSRİ-nin imzaladığı beynəlxalq sənədlərə məhəl qoymadan regionda sülh və sabitliyin bərpasına, müttəfiq respublikaların ərazi bütövlüyünün təminatına yönəldilməli olan tədbirlər görmək, separatçıların qərarına sərt reaksiya vermək əvəzinə, əksinə, onların üzlərinə güldü.

Belə bir məqamda Azərbaycan rəhbərliyi sussa da, Qarabağ əhalisi bələd olduğu erməni məkrini dayandırmaq üçün səfərbər olur, SSRİ rəhbərliyindən ədalətsizliyə son qoyulmasını tələb edirdi. Hadisələrin şahidi, o vaxt Xankəndi televiziyasında çalışan Hidayət Vəliyev danışır ki, ermənilər hədlərini aşırdılar, hər gün bizi təhqir edir, dalaşır, mitinq keçirir, Qarabağın Ermənistana birləşməsini tələb edən şüarlar səsləndirirdilər: “Hərəkətverici qüvvələri kilsə rəhbərləri idi, hər pisliyin altından din xadimləri çıxırdı. Azərbaycanlılar işə gedib-gələ bilmirdilər, çörək almaq üçün dükana gedəndə də təzyiqlərlə üzləşirdilər. Bir neçə gənc çətinliklə də olsa Ağdama gəldik, qarşı tərəfə etiraz olaraq mitinq planı hazırladıq. Fevralın 21-də həmin mənfur qərar SSRİ Ali Sovetində müzakirə olunmalı idi. Bakıdan da xəbərlər gəlirdi ki, orada da mitinqlər başlayıb. Fevralın 21-i səhər saatlarında Ağdamın mərkəzində minlərlə insan toplaşmışdı. Qonşu rayonlardan, hətta Qazaxdan, Tovuzdan da gələnlər vardı. Havanın şaxtalı olmasına baxmayaraq, kütlə, xüsusən cavanlar bir-birinin ardınca Əsgərana doğru hərəkət etdi. Təbii ki, silahsız-sursatsız. Əli və Bəxtiyar kimi yüzlərlə gənc Qarqar çayı boyu Əsgərana yürüş etdi. Yürüş edənlərin məqsədi dava salmaq yox, yaranan anlaşılmazlığa son qoymaq idi.

Dağlıq Qarabağ erməniləri yaxşı silahlanmışdılar. Azərbaycanlı ziyalılar erməniləri nə qədər dinc söhbətə, mehriban qonşuluğa səsləsələr də, xeyri olmadı. Onlar getdikcə azğınlaşır, Qarabağın Ermənistan ərazisi olduğunu bildirirdilər. Beləliklə, mitinqçilərlə separatçılar arasında başlanan gərginlik getdikcə məcrasını dəyişirdi. H.Vəliyev xatırlayır: "Bir gün əvvəldən başlayan mitinq fevralın 22-də günortaya çəkdi. SSRİ Ali Sovetindən gələn xəbərlər də ürəkaçan deyildi. Soyuq adamı qılınc kimi kəssə də, tərəflər alovun üstündəki körüyü xatırladırdılar. Günortaya yaxın vəziyyət nəzarətdən çıxmışdı. Əli ilə Bəxtiyar da mitinqçilər sırasında idilər və haqsızlığa qarşı var səsləri ilə hayqırırdılar. Azğın düşmən tərəfdən açılan qəfil atəşlə Əli və Bəxtiyar bir-birinin ardınca qarın üstünə yıxıldılar. Biz o gün iki oğlumuzu millətimiz uğrunda fəda etdik”.

Fevralın 22-də hakimiyyətin qadağalarına baxmayaraq, Bakıda da ilk ümumxalq mitinqi keçirilir. Xalq Moskvadan ədalətli olmasını, problemə son qoyulmasını istəyirdi. Ölkə rəhbərliyindən isə tələb olunurdu ki, Qarabağda baş verən hadisələr xalqdan gizlədilməsin, hakimiyyət problemin ciddiliyini qəbul edib tədbir görsün, Qarabağda insanları silah-sursatla təmin etsin.

Ermənistanda isə etnik təmizləmə siyasəti həyata keçirilərək fevralın 23-də 4 mindən çox azərbaycanlı oradan qovuldu. Bununla da bitmək bilməyən müharibə başladı. Əli ilə Bəxtiyarın dəfn günü bütün Azərbaycanın ürəyi Ağdamda döyünürdü. Ətraf və uzaq rayonlardan Ağdamın dərdinə şərik olmağa gələnlərin sayı minlərlə idi.

Düşmənin torpaq iddiası getdikcə böyüyür, insan ölümləri, yanğınlar, tez-tez törədilən terror hadisələri ilə müşayiət olunurdu. Münaqişənin başlandığı ilk dövrlərdən işğalçı Ermənistan Azərbaycanı həm də informasiya blokadasına aldı, reallığın beynəlxalq təşkilatlar və ictimaiyyət arasında yayılmasının qarşısının alınması üçün ən radikal yollara əl atdı. Münaqişə barədə əsl həqiqətin dünya ictimaiyyətinə çatdırılmaması, hadisələrin obyektiv mənzərəsinin çox hallarda qəsdən təhrif olunması, xüsusilə də Azərbaycanın informasiya blokadasında saxlanması uzun müddət bu problemə düzgün və operativ münasibətin formalaşdırılmasına ciddi maneə yaratdı. Hətta dünya birliyinə daxil olan ölkələrdə elə təsəvvür yaradıldı ki, bu müharibə lokal qarşıdurma xarakteri daşıyır, digər dövlətlər üçün təhdid mənbəyi ola bilməz. Bu səbəbdən erməni təbliğatının təsiri altına düşən və daha çox şəxsi maraqlarına üstünlük verən dövlətlər Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi və minlərlə günahsız insanın ölümü ilə nəticələnən terror-təxribat aksiyalarını "münaqişədə iştirak edən tərəflərin daxili işidir" deyib əsl həqiqətdən yan keçdilər. Azərbaycan Respublikasının müxtəlif dövrlərdə beynəlxalq qurumlara etdiyi müraciətlər heç bir səmərə vermədi, təcavüzkar cəzalandırılmadı, separatçılıq fəaliyyəti beynəlxalq hüquqi normalara uyğun dəyərləndirilmədi.

Nəticədə beynəlxalq aləmdən və rəsmi Moskvadan güclü dəstək alan Ermənistan münaqişənin miqyasını genişləndirir, Dağlıq Qarabağ ərazisini işğal edərək azərbaycanlıları yurd-yuvalarından didərgin salırdı. 1991-ci il oktyabrın 30-da Tuğ və Salakətin kəndlərini erməni terrorçuları işğal edib xeyli insanı qətlə yetirdilər. Noyabrın 19-da Xocavənd odlara qalandı. 1992-ci ilin fevralında Qarabağın ən iri yaşayış məntəqələrindən olan Malıbəyli, Aşağı və Yuxarı Quşçular kəndləri işğal edildi. Kənddə silah-sursat olmadığından 3 minədək əhali düşmən əlinə keçməmək üçün Xocalıya və Ağdama sığınmaq məcburiyyətində qaldı. Fevralın 21-də Malıbəyli, Aşağı və Yuxarı Quşçular camaatı dağları, meşələri aşıb keçərək çətin bir yol qət etdilər. Ağbulaq və Pircamal kəndləri yaxınlığındaki zirvələrdə mövqe tutan ermənilər əhalini gülləyə tutdular. Xocavənd rayonunun Qaradağlı kəndinin işğalı isə Xocalı soyqırımına bərabər faciə ilə nəticələndi. Bundan sonra Xocalıya yollar açıldı. M.Qorbaçovun əmrinə uyğun olaraq Ə.Vəzirov və A.Mütəllibov tərəfindən adi ov tüfəngləri də müsadirə olunan azərbaycanlı əhali ən müasir hərbi sursatla təchiz olunan, yüksək təlim keçən erməni silahlıları ilə üzbəüz qalmışdı. 1992-ci ilin ilk günlərindən etibarən Dağlıq Qarabağın azərbaycanlılar yaşayan məntəqələrinin işğalına başlanıldı. Yanvarın 15-də Kərkicahan, ardınca da digər kəndlər işğal olundu. Daşaltı əməliyyatı da uğursuzluqla nəticələndi. Bu itkilər Xocalının mühasirəsini daraltdı. Xocalının sahibsiz olmasından bir az da həvəslənən separatçılar 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xankəndidə yerləşən keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıda azərbaycanlılara qarşı dəhşətli soyqırımı aktı törətdilər.

İşğal getdikcə böyüyürdü. 1992-ci ilin mayında Şuşanın süqutu ilə faktiki olaraq bütün Dağlıq Qarabağın ərazisi zəbt olundu. Laçının işğalı ilə Ermənistandan Dağlıq Qarabağa dəhliz açıldı və bu dəhliz qanlı körpüyə çevrildi. Qısa zamanda Laçın vasitəsilə külli miqdarda silah, döyüş sursatı, hərbi qüvvə əldə edən ermənilərin daha sonra işğal etdikləri Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının ərazisi (17 min km) Dağlıq Qarabağın ümumi ərazisindən (4400) dörd dəfə böyük idi. Ermənistanın işğalçı hərbi dəstələri Azərbaycan sərhədlərinin 360 km-lik sahəsində irəliləyərək ərazilərimizin 20 faizini işğal etdilər, Füzuli rayonundaki Horadiz qəsəbəsindən Zəngilanadək 198 km-lik Azərbaycan-İran sərhədlərini nəzarət altına aldılar.
Bu xəbər oxucular tərəfindən 1716 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed