Şrift:
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 15 illiyi münasibətilə konfrans keçirilib
21.06.2016 [14:06] - Gündəm, İslam dini
Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 15 illiyi ilə bağlı “Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi – 15: Dünən, bugün və sabah” adlı konfrans keçirilib.

Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Növruzov, dini icma rəhbərləri və digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Komitə sədr M.Qurbanlı ölkədə dini durum və Komitənin fəaliyyəti haqqında məlumat verib. O qeyd edib ki, Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədə qurulub.

M.Qurbanlı bildirib ki, Azərbaycanda dövlət tərəfindən dinə diqqət və qayğı hər zaman özünü biruzə verir. Komitə sədri qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə ölkədə fəaliyyət göstərən ayrı-ayrı dini icmalara yardımlar göstərilir.

M.Qurbanlı əlavə edib ki, rəhbərlik etdiyi qurum yarandığı gündən indiyənə qədər fəaliyyətini xeyli genişləndirib, regional bölmələrinin sayı artırılıb. M.Qurbanlı həmçinin bildirib ki, Komitə müvafiq dövlət qurumları ilə sıx əməkdalıq edir.

Tədbirdə çıxış edən QMİ sədri A.Paşazadə Azərbaycanda mövcud dini durum haqqında danışıb və ölkədə dini sahədə heç bir problemin olmadığını diqqətə çatdırıb.

A.Paşazadə bildirib ki, Dövlət Komitəsi ilə dindarlar arasında əməkdaşlıqda bir harmoniya var. O bildirib ki, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşavirliyinin yaradılması da dindarların işini asanlaşdırır: “Milli Məclisdə Siyavuş Novruzovun sədrliyi ilə müvafiq komitənin yaradılmasını da təqdir edirik. Aşağı səviyyədə bəzi məsələləri istifadə etmək cəhdləri olur, bu, yuxarı səviyyədə, bizim aramızda yoxdur. Ona görə də Qafqaz Müsəlmanları İdarəsi, Dövlət Komitəsi və Milli Məclisin müvafiq komitəsi arasında görüşün keçirilməsinə ehtiyac var. Bizim aramızda inam var. Anlaşılmazlıqlar varsa, aradan qaldırılacaq”.

Tədbirdə çıxış edən K.Abdulla Komitənin bir qrup əməkdaşının Azərbaycan Prezidenti tərəfindən mükafatlandırıldığını diqqətə çatdırıb. O, Komitənin fəaliyyətini yüksək qiymətləndirib və bildirib ki, Azərbaycanda multikultural ənənələrin qorunması və saxlanması üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin böyük rolu var.

Daha sonra çıxış edən S.Novruzov da ölkədə dini sahədə sabitliyin olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, Azərbaycanda dini proseslərdə stabillik və qarşılıqlı anlaşma var: “Bu sahədə çalışan qurumların fəaliyyəti təqdirə layiqdir. Bu prosesin tənzimlənməsi üçün hansı qanunlara ehtiyac varsa, çalışırıq ki, bu qanunları qəbul edək. Komitənin siyasəti çox düzgün istiqamətdə qurulub. Azərbaycanda hər bir sahədə olduğu kimi, dini sahədə də düzgün model tətbiq olunub”.

Tədbirdə Azərbaycanda fəaliyyət göstərən yəhudi, rus və digər dini icma rəhbərləri də çıxış edərək Azərbaycanda multikultultural ənənələrin və tolerantlığn yüksək səviyyədə təmin edildiyini diqqətə çatdırıblar.
Bu xəbər oxucular tərəfindən 862 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed