Şrift:
“Azər-Türk Bank” və “B.EST Solutions” şirkəti arasında ilk elektron müqavilə imzalanıb
04.07.2016 [11:02] - Gündəm, İqtisadiyyat
Azərbaycanın aparıcı banklarından olan və daim innovativ həlləri ilə öndə gedən Azər-Türk Bank bank sektorunda daha bir ilkə imza atmışdır – ölkədə ilk dəfə olaraq tərəfdaş xidmət təminatçısı ilə müqavilə elektron qaydada “Asan İmza” mobil elektron imzanın istifadəsi ilə imzalanmışdır.

Müqavilənin qarşı tərəfi qismində “Asan İmza” mobil elektron imzanın yaradıcısı və operatoru olan “B.EST Solutions” şirkəti çıxış edir. Sözügedən müqavilənin predmeti “Asan İmza” xidmətinin bankın “E-bank” İnternet bankçılıq proqramına inteqrasiyasını nəzərdə tutur və bu istiqamətdə işlər artıq uğurla başa çatdırılmışdır.

Qeyd edək ki, sənədlərin imzalanmasında “Asan İmza” mobil elektron imzadan istifadə vaxta və digər maddi resurslara qənaət edilməsi və əməliyyatların çevikliyi baxımından əlverişli və məqsədəuyğundur. “Asan İmza” kimi innovativ həllərin tətbiqi hazırda bank sektorunda proseslərin optimallaşdırılması istiqamətində mövcud olan çağırışlar şəraitində xüsusən aktualdır. Həm İnternet bank, həm də kargüzarlığın elektronlaşdırılması sahəsində “Asan İmza” texnologiyasının tətbiqi müştərilərə daha yüksək və operativ xidmət göstərilməsi və müştəri məmnunluğunun yüksəldilməsi ilə yanaşı, bankdaxili biznes proseslərin daha effektiv idarə edilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir.

Azər-Türk Bank bundan sonra da öz fəaliyyətində qabaqcıl texnologiyaların tətbiqinə geniş yer verəcək.

İqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin verilməsini özünün əsas missiyası kimi müəyyənləşdirmiş “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək mümkündür.
Bu xəbər oxucular tərəfindən 675 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed