Şrift:
"Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, şikayətlərə baxılma Qaydası" təsdiq olunub
28.02.2012 [12:39] - Hüquq
Azərbaycan Nazirlər Kabineti "Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, şikayətlərə baxılma Qaydası"nı təsdiq edib. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Qaydalara əsasən, məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, həmin şikayətə məişət zorakılığından zərər çəkmiş şəxsin yaşadığı yerin icra hakimiyyəti orqanı tərəfindən baxılır. Şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, həmin şikayət yalnız zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı olduqda araşdırılır. Şikayətin araşdırılması nəticəsində cinayət işinin başlanılması üçün əsaslar müəyyən edilmədiyi halda, cinayət təqibini həyata keçirən orqan həmin şikayəti zərər çəkmiş şəxsin yaşadığı yerin icra hakimiyyəti orqanına göndərir.

Məişət zorakılığı ilə bağlı şikayətə 5 gün müddətində baxılmalı və müvafiq qərar qəbul edilməlidir. Zərər çəkmiş şəxslərdən biri 16 yaşınadək və ya sağlamlıq imkanları məhdud şəxs olduqda, aparılan araşdırma və dinləmələrdə pedaqoqun və ya psixoloqun iştirakı təmin edilməlidir.

Qaydalara əsasən şikayətlərə baxılmasının nəticələrindən asılı olaraq, bir sıra qərarlar qəbul edilə bilər. Məişət zorakılığı ilə bağlı hərəkətlər törətmiş şəxsə cinayət və inzibati məsuliyyət izah edilməklə, hərəkətlərinin təkrarlanmaması barədə xəbərdarlıq edilə, zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderi verilə bilər. Bundan başqa, məişət zorakılığı ilə bağlı hərəkətlər törətmiş şəxsin valideynlik hüququndan məhrum edilməsi və ya valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət olunması mümkündür. Həmçinin zərər çəkmiş şəxs yardım mərkəzində sığınacaqla təmin edilə bilər.
Bu xəbər oxucular tərəfindən 1141 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed