Şrift:
Sumqayıt hadisələrinin 24-cü ildönümü yaxınlaşır
29.02.2012 [11:07] - DAVAMın yazıları
Fuad Ələsgərov: "Kütləvi iğtişaşların təşkilatçılarını aşkara çıxara bilən məlumatlar ört-basdır edilib"

"Uzun illər ərzində erməni tərəfi öz separatçı və işğalçı siyasətinə, Xocalı soyqırımına və Azərbaycan torpaqlarında törətdiyi digər cinayətlərə bəraət qazandırmaq məqsədilə Sumqayıt hadisələrinə istinad edir. Ölkəmizin ərazisinin 20 faizini işğal etmiş və etnik təmizləmə siyasəti həyata keçirmiş Ermənistan Sumqayıt hadisələrini Azərbaycanın təşkil etdiyi məqsədyönlü akt kimi təqdim edir". Bu fikirləri Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov səsləndirib. Onun sözlərinə görə, 1988-ci ildə başlanmış bu təbliğat kampaniyası dünya ictimaiyyətinə azərbaycanlıların ermənilərə qarşı qəddarlığı, ermənilərin azərbaycanlılarla bir dövlət tərkibində birgə yaşamalarının mümkün olmaması ideyasının aşılanmasına yönəlib: "Erməni tərəfi öz yalanlarını həqiqət kimi təqdim etmək məqsədi ilə faktların təhrif edilməsi, sənədlərin saxtalaşdırılması və tarix boyu tətbiq etdiyi digər çirkin üsullara tərəddüd etmədən əl atır. Belə uydurma məlumatlar İnternet şəbəkəsində kütləvi şəkildə yerləşdirilir, onların yayılması üçün xüsusi saytlar yaradılır..."

O həmçinin əlavə edib ki, erməni millətçiliyinin ideoloqları - Şahnazarov, Aqanbekyan, Kaputikyan, Balayanın separatçı ideyalarının təsiri altında olan, eyni zamanda, öz siyasi maraqlarını güdən Qorbaçov tərəfindən erməni separatçılarına göstərilən dəstək artıq çoxdan sübut olunub. Məhz Mixail Qorbaçovun Silva Kaputikyan və Zori Balayan ilə görüşü bütün erməni millətçilərini ruhlandırıb. Onlara Dağlıq Qarabağın Azərbaycandan qopardılması üzrə mübarizənin "rəsmi səbəbi" kimi yalnız qanlı təxribat lazım idi. Belə "rəsmi səbəb" isə Sumqayıt iğtişaşları oldu: "Çox təəssüf ki, Sumqayıt şəhərində təşkil olunmuş kütləvi iğtişaşlarla bağlı 1988-90-cı illərdə aparılmış istintaq və məhkəmə prosesləri nəticəsində həmin hadisələrə ədalətli hüquqi qiymət verilməyib. Onun əsl sifarişçiləri və təşkilatçıları müəyyən edilib məsuliyyətə cəlb olunmayıblar. Əksinə, SSRİ Prokurorluğunun istintaq qrupu Mixail Qorbaçovun göstərişi ilə hadisələrin xuliqanlıq edən elementlər tərəfindən törədilməsi versiyası üzərində dayanıb və həmin versiyanın rəsmiləşdirilməsi istiqamətində iş aparıb". Sumqayıt hadisələrinin SSRİ xüsusi xidmət orqanları tərəfindən təşkil edilməsi barədə məlumatların hələ 1989-90-cı illərdə aparılmış istintaq zamanı əldə edildiyini deyən F.Ələsgərov bildirib ki, bu məlumatlar SSRİ Prokurorluğunun istintaq qrupu tərəfindən araşdırılmayıb: "Əksinə, kütləvi iğtişaşların təşkilatçılarını aşkara çıxara bilən məlumatlar ört-basdır edilib. İstintaq Eduard Qriqoryan istisna olmaqla iğtişaşların yalnız azərbaycanlı iştirakçılarının məsuliyyətə cəlb edilməsi ilə məhdudlaşıb. Başqa sözlə, iğtişaşlarda bilavasitə iştirak edən erməni millətindən olan digər təxribatçılar məsuliyyətə cəlb olunmayıblar.

Azərbaycanın hüquq-mühafizə orqanlarının sorğularına Ermənistandan və Moskvadan abstrakt, heç bir informasiya daşımayan cavablar göndərilib, E. Qriqoryanın erməni millətçiləri ilə əlaqələrinin müəyyən edilməsinə yönəlmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə imkan verilməyib. Belə şəraitdə talanların kimlər tərəfindən təşkil edilməsi, Sumqayıt provokasiyasının arxasında kimlərin dayanması ilə bağlı əsas suallar cavabsız qalıb.

Yeni faktlar isə onu göstərir ki, iğtişaşların törədilməsinə hazırlıq hələ xeyli müddət əvvəl başlayıb. Sumqayıt hadisələri ərəfəsində Ermənistandan və Dağlıq Qarabağdan Sumqayıt və Bakı şəhərlərinə çoxlu sayda milliyyətcə erməni olan şübhəli şəxslər gəlib, onların bir qismi kompakt olaraq mehmanxanalarda və yerli ermənilərin mənzillərində yerləşdirilib. Həmin şəxslər Sumqayıtda yaşayan ermənilərlə çoxsaylı görüşlər keçirib, onları təlimatlandırıb, baş vermiş kütləvi iğtişaşlardan dərhal sonra isə yoxa çıxıblar..."

Əli Zülfüqaroğlu
Bu xəbər oxucular tərəfindən 1263 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed