Şrift:
Metsamor AES: elan edilmiş faciə
03.09.2016 [08:33] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
"Köhnəlmiş və heç bir təhlükəsizlik standartına cavab verməyən Metsamor stansiyası günümüzdə və gələcəkdə nəinki Qafqaz, ö cümlədən Avropa və bütün dünya üçün saatlı bomba olaraq qalacaq. Beynəlxalq qurumlar, ictimai təşkilatlar və xalq səfərbər olmalı və Metsamor stansiyasının bağlanmasına nail olmalıdır. Biz minlərlə günahsız insanın məhvinə və bərpası mümkün olmayan ətraf mühit fəlakəti ilə nəticələnəcək növbəti zəlzələni gözləyə bilmərik".

Bu barədə italiyalı jurnalist Romolo Martelloninin İtaliyanın “Notizie Geopolitiche”, “L’Opinione” onlayn qəzetlərində dərc olunan “Təhlükəli və seysmik zonada yerləşən Metsamor nüvə stansiyasının bağlanmasına dair müraciət” məqaləsində qeyd olunur.

Müəllif yazır ki, son illərdə dünyanın hər tərəfində baş verən zəlzələ və təbii fəlakətlər qarşısında insanlıq acız qalıb: "Nəticədə qeydə alınan qurban və dağıntılar bizə xatırladır ki, yer kürəsi canlıdır, hərəkətdədir və bəzən üsyan edir. İtaliyanın mərkəzini darmadağın edən zəlzələ bir daha insanın təbiət qarşısında acizliyini nümayiş etdirdi. Elmin geoloji fenomenlərin tədqiqi və öyrənilməsində böyük irəliləyiş əldə etməsinə baxmayaraq, bu kimi fəlakətləri öncədən bilmək mümkün deyildir. Lakin, bunun əksinə, müəyyyən faciələr vardır ki, bəziləri bunları “elan edilmiş faciələr” adlandırır, qarşısı alına bilər. Çoxları nə ola biləcəyinin fərqindədir, lakin həqiqət gizlədilir, çünki bu, iqtisadi və siyasi maraqlar naminə edilmiş və bütün əhalini kataklizm təhlükəsi qarşısında qoyan qeyri-sivil seçimlərin ört-basdır edilməsi üçün yeganə yoldur. Həqiqətin ifşa edilməsi bu təhlükəni bilən və ya ən azında təsəvvür edən hər bir şəxsin borcudur".

Jurnalist qeyd edir ki, Avropa və Asiyanın qovşağında yerləşən Qafqazın qəlbində on min nəfər əhalisi olan Metsamor adlanan bir şəhər vardır: "Ermənistanda, Türkiyə sərhəddindən 16 km., Azərbaycan və Gürcüstan sərhəddindən 120 km. aralıda yerləşən bu şəhər, “Stop Metsamor Coalition” (Metsamora Dayan Koalisiyası) adlanan qeyri-hökumət təşkilatının bildirdiyinə görə “dünyanın ən təhlükəli nüvə stansiyası” olan Oktemberyan, daha çox isə Metsamor kimi adlanan nüvə stansiyasının fəaliyyət göstərdiyi yer kimi Qafqazda məşhurdur. Metsamor stansiyası Sovet dönəmində 70-ci illərin əvvəllərində seysmik aktivlik baxımından ən təhlükəli ərazidə inşa edilmişdir. Təsadüfi deyildir ki, 1989-cu ildə Ermənistanda 25 min nəfərin ölümünə səbəb olmuş zəlzələdən sonra Sovet hökuməti stansiyanın bağlanmasına qərar verir. Zəlzələnin episentri stansiyadan sadəcə 75 km. aralıda idi. Bağlanmasından 6 il sonra, Sovet İttifaqının dağılmasının ardınca, 1995-ci ildə qonşu Türkiyə və Azərbaycanla münaqişə səbəbindən təcrid olunmuş vəziyyətdə olan Ermənistan hökuməti əhalinin enerjiyə olan tələbatını ödəmək üçün Metsamor stansiyasının fəaliyyətini bərpa etmək qərarına gəlir".

Məqalədə həmçinin qeyd olunur: ""Stop Metsamor Coalition” QHT-sinin bildirdiyinə görə, bundan sonra uzun və verilən vədlərin tutulmadığı bir hekayə başlayır. Stansiya ölkənin enerji tələbatının 40 faizini təmin edir. Beynəlxalq qurumlar, ətraf mühitin qorunması üzrə təşkilatlar və akademik dairələrin alternativ enerji mənbələrinin tapılmasına dair etdikləri ciddi tələblər, həmçinin iqtisadi dəstəyin göstərilməsinə dair təkliflərinə baxmayaraq, Ermənistan hökuməti Metsamor stansiyasının bağlanmasını həqiqi olaraq nəzərdən keçirməyi rədd etmişdir. Əksinə, stansiyanın bağlanması əvvəl 2004-cü ildə nəzərdə tutulsa da, daha sonra 1 sentyabr 2016-cı il, ən son isə 2026-cı ilə qədər təxirə salınmışdır. “Stop Metsamor Coalition” QHT-sinin ifadəsi ilə, bəziləri üçün anlaşılan, digərləri üçün isə absurd və ölümcül seçimdir. Bəlkə də Çernobıl və Fukuşimadakı nüvə qəzalarında həyatlarını itirmiş minlərlə qurban, radiasiya sızması nəticəsində ətraf mühitə dəymiş çoxillik ziyan, bununla bağlı insan və heyvanlarda baş vermiş genetik mutasiyalar, insanların üzləşdiyi ağır iqtisadi sarsıntılar kifayət deyildir. Bir daha “Stop Metsamor Coalition” QHT-sinin müraciətinə dair: qurumlar heç bir şeyin baş verməyəcəyinə ümid edərək, müraciətə məhəl qoymurlar. Lakin hadisə baş verir, heç kimə xəbər vermədən. QHT etiraz edərək bildirir ki, köhnəlmiş və heç bir təhlükəsizlik standartına cavab verməyən Metsamor stansiyası günümüzdə və gələcəkdə nəinki Qafqaz, ö cümlədən Avropa və bütün dünya üçün saatlı bomba olaraq qalacaqdır. QHT-nin müraciətində qeyd olunur ki, beynəlxalq qurumlar, ictimai təşkilatlar və xalq səfərbər olmalı və Metsamor stansiyasının bağlanmasına nail olmalıdır. Biz minlərlə günahsız insanın məhvinə və bərpası mümkün olmayan ətraf mühit fəlakəti ilə nəticələnəcək növbəti zəlzələni gözləyə bilmərik".
Bu xəbər oxucular tərəfindən 780 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed