Şrift:
Bakıda sürüşmə təhlükəsi ilə əlaqədar 9 mərtəbəli iki binanın sakinləri evakuasiya olunublar
03.03.2012 [21:56] - Gündəm, Hadisə
Bakıda Xətai rayonunun General Şıxliniski küçəsi ilə Gəncə prospekti arasındakı yaşayış massivindəki sürüşmə təhlükəsi ilə əlaqədar olaraq ərazidəki 9 mərtəbəli iki binanın sakinlərinin evakuasiya olunması işi başa çatdırılıb.
Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov jurnalistlərə açıqlamasında deyib ki, sürüşmə ilə bağlı elə də ciddi təhlükə yoxdur. Sadəcə geoloji proseslərin nəticələri tam aydın olana qədər sakinlər təhlükəsizlikləri üçün binadan köçürülüb.
Abutalıbov deyib ki, ən geci 1 həftəyə sakinlər öz evlərinə qaytarılacaq. Artıq binaya gedən elektrik enerjisi, su və qaz xətləri kəsilib. Onun sözlərinə görə, qalmağa yerləri olmayan sakinlər müvafiq yerlərdə yerləşdirilir.
Abutalıbov həmçinin bildirib ki, sürüşmə zonasında olan 58 binanın zirzəmisində artıq yoxlamalar aparılıb. Bunlardan cəmi birində - 57 saylı binanın zirzəmisində su sızması qeydə alınıb və bunun qarşısının alınması üçün lazımi tədbirlər görülüb.
Abutalıbov ərazidə olan qanunsuz tikililərin məsələsinə də baxıldığını qeyd edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev isə Trend-ə bildirib ki, sürüşmə getdikcə aktivləşir, çatlar böyüyür. Onun sözlərinə görə, sabah sürüşmə zonasında qazıntılar aparılaraq geoloji işlərə başlanılacaq.
Sürüşmə zonasında bərkitmə işlərinin aparılması üçün 100 maşın torpaq gətiriləcək.
Qeyd edək ki, Xətai rayonunun General Şıxliniski küçəsi ilə Gəncə prospekti arasındakı yaşayış massivi aktiv sürüşmə zonası hesab edilir.
Bu xəbər oxucular tərəfindən 1462 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed