Şrift:
Rusiya yeni prezidentini seçir
04.03.2012 [13:35] - Xəbərlər, Siyasət
Bu gün Rusiya vətəndaşları yeni prezident seçirlər. Seçiləcək prezident ölkəni əvvəlkitək 4 yox, 6 il idarə edəcək.
Ali vəzifə uğrunda 5 namizəd - «Yedinya Rossiya» partiyasının lideri, baş nazir Vladimir Putin, kommunistlərin lideri Gennadi Züqanov, «Spravedlivaya Rossiya» partiyasından Sergey Mironov, liberal-demokratlardan Vladimir Jirinovski və bitərəf milyarder Mixail Proxorov mübarizə aparırlar. 50%-dən artıq səs toplamış namizəd Rusiya prezidenti elan ediləcək. Əgər heç bir namizəd səslərin yarısından çoxunu toplaya bilməsə, birinci və ikinci yeri tutmuş namizədlər arasında ikinci tur təyin ediləcək. İkinci turda daha çox səs toplamış namizəd qalib elan olunacaq.
108 milyondan artıq insanın səs verə biləcəyi seçki məntəqələri yerli vaxtla saat səkkizdən 20.00-dək açıq olacaq. Səsvermə ilk olaraq Bakı vaxtı ilə 00.00-da Çukotka, Kamçatka və Maqadan vilayətində başlayıb. Daha sonra bu prosesə Uzaq Şərqin digər bölgələri və Sibirin ən şərqdəki Zabaykalye diyarı qoşulublar. Gecə saatlarında səsvermə bütün Sibir, Ural ərazisində, Perm, Orenburq və Başqırdıstan ərazisində başlayıb. Bakı vaxtı ilə 08.00-da eyni vaxtda Rusiyanın 52 bölgəsində səsvermə başlayır. Ən sonuncu olaraq səsverməyə saat 09.00-da Kalininqrad vilayəti qoşulacaq. Burada səsvermə ən gec, yəni Bakı vaxtı ilə saat 21.00-da başa çatacaq.
İlk dəfə olaraq demək olar ki, bütün seçki məntəqələri veb-kameralarla təchiz olunub. webvybory2012.ru saytında qeydiyyatdan keçmiş istənilən şəxs məntəqələrdə səsvermənin gedişinə baxa biləcək. Bu seçkilərdə həmçinin şəffaf seçki qutularından da istifadə olunacaq. Vətəndaşları seçkiyə cəlb etməkdən ötrü seçkilərdə adlı seçki məntəqələri də yaradılıb. Belə ki, bəzi seçki məntəqələrinə Rusiyanın məşhur xadimlərinin və yaxud tarixi yerlərinin adları verilib. Seçkiləri 685 xarici müşahidəçi müşahidə edəcək. Yerli müşahidəçilərin sayı isə yüz minlərlədir.
İlkin nəticələr Bakı vaxtı ilə 2100-dan sonra elan olunacaq. Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurovun bildirdiyinə görə, martın 5-i saat 09.00-dək bütün seçki protokollarındakı məlumatlar «Vıborı» avtomatik sisteminə daxil ediləcək. MSK seçkilərin nəticələrini ən geci martın 14-də elan etməlidir. Yeni prezident mayın 7-də öz vəzifələrinin icrasına başlayacaq.
Bu xəbər oxucular tərəfindən 1471 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed