Şrift:
Güləş üzrə dünya çempionatını Azərbaycan yığması ikinci yerdə başa vurub
25.09.2016 [09:56] - Gündəm, İdman
Hərbçi güləşçilərimiz Makedoniyada ümumilikdə 9 medal qazandı.

MOİK mətbuat xidmətindən verilən xəbərə görə, Makedoniyanın paytaxtı Skopye şəhərində Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) himayəsi altında keçirilən güləş üzrə hərbçilərin 31-ci dünya çempionatı başa çatıb.

Çempionatın son günündə 80, 85, 97 və 130 kq-da mübarizə aparan yunan-Roma güləşçiləri yarışıblar. Azərbaycan hərbçi güləşçiləri ilk 3 çəki dərəcəsində mübarizə aparıb. Boris Traykovski adına İdman Mərkəzində keçirilən turnirdə güləşçilərimiz 2 medal qazanıb.

80 kq-da mübarizə aparan Rafiq Hüseynov Yunanıstandan Nikolaos Varkas, Makedoniyadan Qoran Atanasov, yarımfinalda isə Ukraynadan Andrey Belıx üzərində qələbə qazanıb. Finalda Almaniya idmançısı Paskal Ayzellə görüşdə minimal hesabla uduzan güləşçimiz çempionatın gümüş medalına sahib olub.

85 kq çəkidə yarışan İslam Abbasov ardıcıl olaraq Albaniyadan Alban Necay, Ukraynadan Aleksandr Şişman və Əlcəzairdən Aem Bucemli üzərində qələbə qazanaraq finala yüksəlib. Rusiyalı Yevgeni Saleyevlə qarşılaşan güləşçimiz gərgin keçən final görüşündə 3:4 hesabı ilə uduzub və o da çempionatı gümüş medalla başa vurub.

Xatırladaq ki, hərbçilərin dünya çempionatında yunan-Roma güləşi yarışlarının ilk günündə komandamız 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanmışdılar. Daha əvvəl isə sərbəst güləş yarışlarında Azərbaycan idmançıları üç - bir qızıl, bir gümüş və bir bürünc əldə etmişdilər. Bir sözlə, hərbçi güləşçilərimiz Makedoniyadakı dünya çempionatından vətənə 9 medalla (2 qızıl, 4 gümüş, 3 bürünc) qayıdacaq. Nümayəndə heyəti sabah səhər saatlarında vətənə qayıdacaq.
Bu xəbər oxucular tərəfindən 587 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed