Şrift:
Quba rayonunda baş verən hadisələrlə bağlı başlanmış cinayət işi Baş Prokurorluğa verilib
05.03.2012 [17:12] - Xəbərlər, Hüquq
Quba hadisələri ilə bağlı başlanmış cinayət işi rayon Prokurorluğundan alınaraq Baş Prokurorluğa verilib.
Bu barədə Baş Prokurorıluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib. Onun sözlərinə görə, Qubada baş verən hadisələrlə əlaqədar başlanmış cinayət işinin istintaqı hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində davam etdirilir. İstintaqın gedişi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
Qeyd edək ki, Quba rayon icra hakimiyyətinin başçısı Rauf Həbibovun ötən il noyabrın 22-də sosial məsələlərin müzakirəsinə həsr olunmuş müşavirədə səsləndirdiyi bəzi fikirləri qubalılara hörmətsizlik kimi qəbul edən 1000-ə yaxın sakin 2012-ci il martın 1-də, saat 10:00 radələrində İcra Hakimiyyətinin inzibati binası qarşısında etiraz aksiyası keçiriblər.
Aksiya ilk dəqiqələrdən asayişin pozulmasına yönəlmədiyi və dövlətçiliyə dəstək xarakteri daşıdığı halda, sonradan tədbirə qatılmış ayrı-ayrı destruktiv elementlərin təhriki ilə dinc məcradan çıxaraq ictimai qaydanın kobud surətdə pozulması, şəxsi və dövlət əmlakının qəsdən məhv edilməsi, vətəndaşlar üzərində zor tətbiqi ilə müşayiət olunan hərəkətlərə keçib. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və silah qismində əşyaların istifadəsi ilə törədilmiş hərəkətlər nəticəsində İcra Hakimiyyətinin birinci və ikinci mərtəbələrinin şüşələri və orada olan avadanlıqlar sındırılıb, bir neçə yardımçı tikinti və başçıya məxsus fərdi yaşayış evi yandırılıb.
Hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmayan ayrı-ayrı aksiya iştirakçıları xidməti vəzifəsini yerinə yetirən 3 polis əməkdaşına həyat və sağlamlıq üçün təhlükəli olan xəsarətlər yetiriblər.
Hüquqazidd əməllərin miqyasının genişlənməməsi, rayon sakinlərinin konstitusion hüquqlarının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis və Daxili Qoşun qüvvələrinin gördüyü qanuni tədbirlərlə asayiş bərpa olunmuş, vəziyyət nəzarətə götürülüb.
Azərbaycan Respublikası Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin rəhbərliyindən və digər məsul əməkdaşlarından ibarət olan heyət hadisə yerinə gedib.
Fakt üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Bu xəbər oxucular tərəfindən 1208 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed