Şrift:
Nağı Mahmudi: Rəsul Rəzəvi 10 gündür aclıq aksiyasına başlayıb
15.10.2016 [11:11] - Güney Azərbaycan xəbərləri, Müsahibə, Güney Azərbaycan-Təbriz
Təbrizli fəal Rəsul Rəzəvi həbsxanada 10 gündür aclıq edir. Bu haqda AzadlıqRadiosuna onun vəkili Nağı Mahmudi məlumat verib. Vəkilin sözlərinə görə, Rəsul Rəzəvi bir ilə yaxındır həbs edilib və bu onun keçirdiyi ikinci aclıq aksiyasıdır:

– Birinci dəfə bu ilin mayında 28 gün aclıq etmişdi. Ancaq ailəsinin, dostların, həmçinin ədliyyə işçilərinin xahişiylə aksiyanı dayandırdı. Bu dəfə 10 gündür ki, aclıq edir.

Azərbaycanlı vəkil Nağı Mahmudi Azadlıq Radiosunun suallarını aşağıdaki kimi cavablandırıb.

– Tələbi nədir?

– Rəsul Rəzəvi son 10 ildə dəfələrlə həbs olunub. Bir dəfə Urmiyə gölünün qurumasına, ikinci dəfə İran televiziyasında Azərbaycan türklərinin təhqir edilməsinə etirazını bildirdiyinə görə saxlanıb. Üçüncü dəfə isə uyğur türklərinə görə. İranda Ramazan ayının son cüməsi «Qüds günü» elan olunub. Rəsul bəy də keçən Ramazanın son cüməsində bir neçə dostu ilə plakatlar asmışdı, şüarlar səsləndirmişdi. O, Çində uyğur türklərinə ağır təzyiqlər göstərildiyini və Pekinin bunu dayandırmalı olduğunu bildirmişdi. Buna görə də saxlanmışdı. Rəsul bəy dəfələrlə həbs edilməsinə və ağır işgəncələrə məruz qalmasına etiraz olaraq aclıq edir. Eyni zamanda, o, ədalətli mühakimə tələb edir.

– Bəs rəsmi qurumlardan onun vəziyyəti və tələbləriylə maraqlanan olub?

– Təəssüf ki, bu günə qədər maraqlanan olmayıb. Biz onun haqq səsini çatdırmağa çalışırıq. Bu dəfə o bildirib ki, tələbləri yerinə yetirilməyənədək aclığı dayandırmayacaq.

– Ona işgəncə verildiyini söylədiniz. Söhbət fiziki işgəncələrdən gedir?

– Həm fiziki, həm də ruhi işgəncələr verilir. Ailəsinə təzyiq göstərilir. Təəssüf ki, sırf fiziki işgəncə deyil. Özünə, ailəsinə təhdidlər var. Rəsul bəyi dəfələrlə təhqir ediblər.

– Siz hazırda Almaniyadasınız. Hansı hüquqi yardımı göstərə bilirsiniz?

– Təəssüf ki, onun İranda birbaşa hüquqlarını müdafiə edəcək imkanım yoxdur. Mən də çalışıram ki, durumu, Rəsul bəyin haqq səsini beynəlxalq mətbuata, insan haqları qurumlarına çatdırım.
Bu xəbər oxucular tərəfindən 945 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed