Şrift:
Yaqub Zurufçunun Kanadada möhtəşəm konserti
25.10.2016 [14:09] - Xəbərlər, Mədəniyyət
Əməkdar Artist, tanınmış müğənni Yaqub Zurufçu Latın Amerikası ölkələrinə qastrol səfəri çərçivəsində Kanadanın ən böyük şəhərlərindən olan Torontoda möhtəşəm konsert proqramı ilə çıxış edib.

Bu barədə AZƏRTAC-a məlumat verən sənətkar bildirib ki, Kanadada fəaliyyət göstərən “Heydərbaba newspaper produktion” təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə gerçəkləşən konsertdə sözügedən şəhərdə yaşayan soydaşlarımızın qarşısında bir sıra bəstəkar və xalq mahnıları səsləndirib. Anşlaqla qarşılanan konsertdə müğənnini gənc pianoçu Təhminə Sadıqova müşayiət edib.

Azərbaycanın Kanadadakı səfirliyinin nümayəndələrinin də iştirak etdiyi konsertdə müğənni repertuarında möhtəşəm səslənən “Ayrılıq” mahnısını tamaşaçıların xahişi ilə növbəti dəfə ifa edib.

Sonda Y.Zurufçu uzun illər ölkəsinin mədəniyyətini xarici ölkələrdə yorulmadan təbliğ etdiyinə görə Kanadanın Ali Təhsil Nazirliyi tərəfindən diplomla təltif olunub.

Azərbaycan mədəniyyət və incəsənətini daha geniş təbliğ etməyi qarşısına məqsəd qoyan sənətkarın ABŞ və Kanadada hər il təşkil olunan qastrol səfəri bu dəfə iki ay davam edəcək. Müğənninin Los-Anceles, San-Fransisko və San-Dieqoda nəzərdə tutulan konsertlərində soydaşlarımızla yanaşı, bu şəhərlərdə yaşayan tanınmış musiqiçilər də iştirak edəcək.
Bu xəbər oxucular tərəfindən 626 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed