Şrift:
Dəmir qapıdan o taydakı Azərbaycan - REPORTAJ
08.03.2012 [11:40] - Gündəm, Dərbənd
Bir qədər əvvəlin söhbətidir. Dağıstanın Xasavyurt şəhərində Azərbaycan vətəndaşı olan bir qadının 200 min rublunu (təxminən 7 min dollardan bir qədər az) oğurlamışdılar. Xasayurt polisi əvvəlcə elə oğurlanan pulun məbləğindən şübhələnmişdi. Qısa bir zamanda oğrular ələ keçəndə isə məlum olmuşdu ki, həmyerlimiz neçə vaxtdır bu şəhərə tiryək daşıyırmış. Tiryək isə heç də uzaqda yox, elə şəhərin mərkəzi bazarında satılırmış. Bəlkə də elə həmin polisin gözləri qarşısında…

Bu məqamı nahaq yerə xatırlamadıq…

***

Ötən şənbə Azərbaycanla Rusiya sərhədindəki Yalama sərhəd-keçid məntəqəsini keçəndə… necə deyərlər, kişi xeylağı qismində milləti mən təmsil edirdim. Yerdə qalanları müxtəlif ləhcələrdə danışan azərbaycanlı qadınlar idi. Boylarından üç dəfə artıq yüklə Azərbaycan tərəfdə növbə gözləyirdilər… ki, Rusiya tərəfində basabas bir az səngisin və onlar da sərhədi keçsinlər.

- Yəqin yenə Rostovdan komissiya gəlib. Yoxsa bu qədər basabas olmazdı. Onca dəqiqəyə keçib gedərdik...

Rostovdan gələn komissiya kimlərdisə və nə məqsədlə gəlmişdilərsə, bilmədim, amma belə başa düşdüm ki, hələ azı 5-6 saat Yalama sərhəd-keçid məntəqəsinin qarşısındakı palçığın içində təpik döyəcəyik. Bu adamların isə deyəsən, bir ayaqları vətəndə, o birisi Dağıstandadır. Hətta sərhəddə yubanmanın hansısa komissiya ilə əlaqəsindən də xəbərləri olurmuş.

- Əsgər, burax, keçək də.

Dərhal da cavab:

- Əsgər ölsün, əsgər kimdir, komandir var.

Səs-küyə əsgərin komandir adlandırdığı bir leytenant çıxır. İnsafən, haqlıdır.

- Ay bacılar - az qaldım qışqıram ki, burda bir qardaş da var - Rusiya tərəfində basırıqdır. Burdan buraxsam, gedib orda dayanacaqsız. Nə mənası var? Dayanmısız da burda. Gərək gedib orda da səs-küy salasız, sizi təhqir edələr. Gözləyin, yarım saata problem həll olunar.

- Həmişə belə olmurdu axı... - qadınlardan biri dillənir

- Bu gün orda prezident seçkiləridir. Ona görə belə vəziyyət yaranıb.

Turp, göyərti, uşaq papağı, sarımsaq…

Leytenant haqlı idi. Heç yarım saat keçməmiş komanda gəldi ki, üç-üç buraxın. Amma kimə deyirsən; dar qapıdan içəri, pasport yoxlanış məntəqəsinin hücrələrin doğru elə bir hücum başlayır ki, ancaq kök və cəld qadınlar liderliyi ələ keçirib pasportlarını ilk olaraq təqdim edə bilirlər. Mən hardasa pasport yoxlanışına iyirminci çatdım. Pasportumu yoxlayan sərhədçi onu özümə qaytarandan sonra növbədə gömrük nəzarəti idi. Yol yoldaşlarım arıq bir «KAMAZ» yükü üst-üstə gömrükçülərimizin qarşısına yığmışdılar. Yük deyəndə ki, o biri tərəfə əsasən turp, sarımsaq, köyərti, bir də məmədən tutmuş pəpəyədək kimi geyindirmək lazımdırsa geyim əşyaları aparılırdı. Adama elə gəlirdi ki, təkcə elə bizim tərəfdə durub növbə gözləyən - hələ Rusiya tərəfdə də onlarla qadın ağır yüklərlə o tərəfə keçmək üçün mücadilə aparırdı - bu qadınlar apardıqları ilə bütün Dağıstanı da olmasa, təkcə Dərbəndi geyindirə bilərlər.

Bu qədər yükün nə vaxt yoxlanacağını, nə vaxt mənim bu sərhədi keçəcəyimi hesablayıb - qadınların gözlərindən uzaq - gömrükçülərimizdən birinə yaxınlaşıram.

- Mənim yüküm yoxdur, keçim gedim də.

- Nəyin var?

Çiynimdəki noutbuku göstərirəm.

- Jurnalistəm seçkiləri izləməyə gedirəm, gecikirəm.

- Sən gəl bura. Kompüteri monitordan keçirir:

- Sənə yaxşı yol!

Nə yaxşı yol, qardaş, heç demə məni cəhənnəm əzabı gözləyirmiş ki!

Vətənə «hələlik» deyib, palçıqdan yerimək mümkün olmayan neytral ərazini addımlayırıq. Əvvəldən iki qadın - biri Masallıdan idi, dediyinə görə, elə bil oğlu Sədrəddinlə bir almayam iki yerə bölüblər, yaman oxşayırıqmış – geyim dolu bir çantasını, hiss olunurdu ki, uşaq papağı və şərfi aparır, bir kisə də şüyüdü mənə əmanət etmişdi ki, «rusun» postuna» çatdırım. O biri xalaya da yazığım gəldi. Özünün 45 kilo çəkisi ola-olmaya, iri bir turp kisəsini belində daşıyırdı. Açığı, artıq palçığa bulaşmış kisəni çiynimə almaq niyyətindən vaz keçdim, amma hər tərəfi «skoçlanmış» - içindəki qab-qaşıqdır, oğlum, yavaş apar - iri bir qutunu birtəhər rus sərhədçilərinin postuna qədər gətirib çıxarda bildim.

«Görmürsən, mənim uşağımdır»

Rusiya tərəfinin keçid məntəqəsindən keçmək üçün əvvəlcə onların çəkdiyi ip boyunca növbəyə düzülməlisən. İpdən bəri tay-tay yüklər və onların yiyələrindən başqa mənim kimi, necə deyərlər, əli cibində olanlar da növbə gözləməlidir. Orda durduğumuz 1 saat ərzində növbə üstündə azı iyirmi dəfə dava düşdü. Arvad söyüşünün qiyməti bir qəpikdən də aşağı düşmüşdü ki… bayaqdan seyr etdiyim bir mənzərə köməyimə çatdı. Gördüm ki, rus tərəfə «ipə» yaxınlaşan əliuşaqlıları növbədənkənar buraxırlar. Uzaqdan bir ailənin üç uşaqla bizə tərəf yaxınlaşdığını görüb, özümü onlara tərəf atdım. (Yeri gəlmişkən, onların da bir iri çantasını keçirdim - S.M.) Cavan ər-arvadın üç uşaqdan əlavə, həm də xeyli yükləri də var idi. Yaxınlaşıb, açıqca dedim:

- Uşağın birini mənə ver, çantanın da birini, keçirdim. Yoxsa burda qalacam deyəsən. Əliuşaqlıları buraxırlar.

Gəlin şübhələndi nəsə, oğlan güldü. Üç uşaqdan ancaq birinin burnundan durmadan su axırdı, məhz onu mənə verdi. Ürəklə ipə yaxınlaşıram.

- Uşaq sizindir?

Mən diplomatik cavab verdim:

- Hə, biz bir yerdəyik.

Beləcə bu baryerdən də belə xilas olduq. Uşağı isə Rusiya tərəfinin pasport yoxlanış məntəqəsində məndən aldılar.

Burada isə Azərbaycan tərəfindən fərqli olaraq, ruslar əməlli-başlı yerlibazlıq edirdilər.
İki dəqiqədən bir

«U koqo Rossiyskiy pasport»

deyibən Rusiya vətəndaşlarını haraylayır, onları növbəsiz-filansız buraxırdılar. Müqavimət göstərməyin, qışqırıb-bağırmağın xeyri yoxdur. Vəziyyət belə tələb edirdi.

Burda bizi dəmir qəfəsə salmışdılar. Təxminən 30-a yaxın qadın - hərəsinin də bir xeyli yükü, bəndəniz və sonradan mənə qoşulmuş daha iki nəfər - onlar Mahaçqalada tikintidə işləyirdilər - 20-25 kvadratmetr ərazidə bir-birimizə pərçimlənmiş şəkildə dayanıb, Rusiya tərəfinin insafını gözləyirdik. Burda da xalalar şirin dillərini işə saldılar:

- Oğlum, bu qoca xalaya kömək edərsən «veşi» keçirməyə?

- Yaxşı, bu qoca xala bu yaşında niyə evində oturmur?

- Bəxtəvərlikdən düşməmişik ki, çöllərə…

Deyəsən, inciyir dediklərimdən.

Sonradan, səhəri gün onu Dərbəndin «Semiçka bazarı» adlanan yerində küçədə alver edən görəndə dərdini bölüşməyi də unutmadı.

Mən isə elə bu xalaya kömək etdim. Noutbuku çiynimə salıb, onun iki ağır çantasını sürüyə-sürüyə keçirdə bildim. Üstəlik, miqrasiya kartını da doldurdum. Rusiya tərəfində gömrükdə isə onlardan aralanası oldum. Çünki mənim yoxlanılası və pul alınası heç nəyim yoxdur. Baxmayaraq ki, Rusiya tərəfində açıq şəkildə elan vurulub «Rüşvət təklif etməməli, əks halda cəzalandırılacaqsınız». Amma əməlli-başlı yoxlama və «rüsum» yığımı gedir. Sonradan öyrənirik ki, burda hər malın öz qiyməti var; məsələn, 50 kiloluq turp kisəsinin «qiyməti» 1500 rubldur (təxminən 50 dollardan bir qədər az), bir kisə göyərti 1000 rubl, sarımsaq isə bir qədər baha - 2000-2200 rubl. Uşaq paltarı və yaxud böyüklər üçün geyim isə müxtəlif qiymətlərlə «alver» edilir. O da baxır bizim qadınların şirin dilini necə işə salmasına . Deməyim odur ki, burda vahid «tarif» yoxdur.

***

Rus gömrüyünü də keçəndən sonra təxminən yüz metr yenə palçıqla irəliləyirik. Burda isə Dərbənd və Mahaçqalaya gedən minik axtarırıq. Taksi Dərbəndə adambaşına 200 rubla aparır. Amma «Qazel»lər 100 rubla. Xalalar, təbii ki, «Qazel»lərə üstünlük verirlər. Mən, bir Qusarlı qardaş, bir də iyirmi gün əvvəl Dərbənddə bazara mal vermiş şəkili bir xala ilə taksiyə minib Dərbəndə yola düşürük…

***

«Sən hansı bazarı deyirsən? Burda hər tərəf bazardır. Hamısı da bizimkilər. Daha doğrusu, sizinkilər. Yox e, bizimkilər. Lap məni çaşdırdın. Demək istəyirəm ki, azərbaycanlı xatunlar». Bunu bizə dərbəndli dostumuz, jurnalist Telman Saleh deyir. Və əlavə edir ki, hansı bazara, Dərbəndin harasına istəyirəmsə, məni apara bilər. Dərbəndin, bu tarixi yurd yerinin qədimliyinin şahidi olmaqdan zövq alıram. Hə, məşhur Bayat qapısında olarkən İsrafil kişi yarızarafat-yarıgerçək deyir ki, bu ərazidə bayatlar yaşayıb deyə darvaza da belə adlanır: «Birinci Pyotr Dərbəndə yürüş edəndə onun sevimli atını bayatlar oğurlayıb. Ona görə də bütün məhəlləni yandırıb”.

Yadıma Makedoniyalı İsgəndərin atının oğurlanması düşdü. Deyəsən, onun atını da Xəzərin cənubunda, indiki Rəşt tərəfdə Hindistana yürüş edərkən bizimkilər oğurlamışdı axı...

Telman təklif edir ki, köhnə avtovağzalın yanındakı bazara gedək. Sən demə, bura, necə deyərlər, səyyar bazardır. Yerli polis də ən çox burdakı azərbaycanlı qadınları incidir.
Təxminən 50-yə qədər həmyerlimiz böyük bir səkini zəbt edib burda özlərinə bazar açıblar. Təbii ki, qeyri-rəsmi icazə ilə. Bir kvadratmetr yerin gündəlik icarəsi burda 100 rubldur. Polis və ya vergi istədiyi vaxtı gəlib buranı dağıda, malları müsadirə edə bilər. Bunu da bizə Telman deyir.

- Az, Xəzəngül, şəklimizi çəkirlər e...

Bunu qarşısında özlərinin dediyi kimi «şmotka» qoyub satan bir qadın səki boyu qışqırır.
Heç veclərinə də deyil. Elə qışqırana yaxınlaşıram. Deyir, aparatı gizlət.

- Baş üstə?

- Bakıda yer tapmırsız alver eləməyə, bura gəlib çıxmısız?

- Bura sərf edir. Bakı ilə qiymətlərdə fərq var. Həm də yol yaxındır. Gəlib iki-üç gün qalıb gedirik.

- Harada qalırsız?

- Evdə... harada qalacayıq ki?

- Az, o evdimi, yalandan deyirsən – kənardan biri qışqırır.

- Qardaş kazarma kimi bir yerdir. 30-40 nəfər bir yerdə yatırıq. Heç «posteli»də dəyişmirlər. Gününə də 200 rubl pul alırlar. Deyin də, niyə durmusuz.

Deyəsən, bu xala daha çox incidilib. Adını Nailə dedi. Deyir, it zülmü çəkirik. Bir də görürsən polis gəlib malı tapdalayıb gedir. Deyirik niyə belə edirsən, deportasiya ilə qorxudur. Mənim oğlum «Sentralnı» bazarda araba sürürdü. Bazarkomla «spor» elədi, deportasiya elədilər.

- Bəs bu qədər zülmlə niyə bura gəlirsiniz?

- Neçə vaxtdır işləyirik axı. Nə qədər müştərimiz var. Özü də biz daim burda olmuruq. İki-üç gün gətirdiyimizi satıb, qayıdırıq.

- Nə qədər qazana bilirsiniz?

- Pul?

- Hə də...

- Ay qardaş, biz bura ərzağa görə gəlirik. Qayıdanda evə «produkt» aparırıq. Bir aylıq azuqəmizi çıxarsaq, bəsdi. Düzdür, beş-on manat pul da qalır. Sən bunları niyə soruşursan ki?

- Yazacam Azərbaycanda.

- Yaz, yaz, qoy bizimkilər buranın polisinə tapşırsınlar ki, bizimlə işləri olmasın.

Elə başıma yığışanların hamısının şikayəti və dərdi eynidir.

Mən onların qaldığı «kazarma»nı çəkmək istəyirəm. Qəti razı olmurlar. Əvəzində deyirlər ki, Dərbənddəki qul bazarına baş çək. Gör, hələ kişilər nə gündədir.

- Nə gündədir ki?

- Mənim ərim bir nəfərə santexnika işi görüb 1 aydır pulunu ala bilmir - deyə başqa birisi yaxınlaşır - elə bilirsən onlar ağ gündədirlər?

Yox, heç kim ağ günündən bura gəlməyib. Telmana deyirəm ki, məni «Semiçka bazarına» apar. Səbəbini soruşur. Deyirəm, bir xalaya kömək etmişəm sərhədi keçəndə, gedim görüm neyniyir?

Telman deyir ki, o bazar balaca bazardır, tapmaq çətin olmaz. Maşını bazarın qarşısında saxlayır. Bude, özü də durub.

- Tanıdın?

- Hə... nə təhərsən oğlum? Nə vaxt qayıdırsan?

- Sabah, bəs sən?

- Malımı satıb qurtarım da.

- Neçə yaşın var, xala?

- 65.

- Dünən dedim, acığına gəldi…

- (Sözümü kəsir) Oğlum, məni qınama. Məndən başqa işləyənim yoxdur. İki oğlum var, ikisi də türmədədir. Onların uşaqlarına da mən baxıram.

- Nə üstə yatırlar xala?

- Nəşə üstə…(Ağlamsınır)

***

Yuxarıdakı kiçik əhvalatı nahaq xatırlamadım. 65 yaşlı, çörək parasını zülmlə, canının, sümüyünün, iliyinin hesabına qazanan bu qadın. Və bir də asan yolla pul qazanan tiryək alverçisi…

Hər ikisi azərbaycanlıdır. Elə hamısı. «Semiçka bazarı»nda, «Sentralnı»da, səkilərdə alver edən azərbaycanlı qadınlar. Mənim deməyə sözüm qurtardı. Sizi sadəcə bayramınız münasibəti ilə təbrik edirəm. 8 Mart münasibəti ilə. Barı o gün bazarlara, səkilərə, çıxmayın. Lap o kazarmalarda, dərbəndlilər demişkən, bircə gün də olsa xatunluq edin.

Səbuhi Məmmədli,
Dərbənd
Bu xəbər oxucular tərəfindən 3381 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed