Şrift:
Daşkənddəki "Kitab aləmi" Cəmiyyətində Azərbaycan guşəsi yaradılacaq
28.10.2016 [11:42] - Gündəm, Türk dünyası-Turan
Özbəkistandakı Azərbaycan Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla Özbəkistanın "Kitab aləmi" Ticarət və İnformasiya Cəmiyyətinin direktoru Şuxratcon Axundcanov arasında görüş keçirilmişdir.

Qeyd edək ki, Özbəkistanın və Orta Asiyanın ən böyük kitab satışı və informasiya mərkəzi olan "Kitab aləmi" Cəmiyyətinin Daşkəndlə yanaşı, Səmərqənd, Buxara, Fərqanə, Əndican və b. şəhərlərdə müasir filialları fəaliyyət göstərir. Cəmiyyət həm kitabların satışı, həm də onların təbliği ilə məşğul olur.

Görüş Daşkənddə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində olmuşdur.

Samir Abbasov Azərbaycan mədəniyyətinə, incəsənətinə, musiqisinə, ədəbiyyatına Özbəkistanda böyük maraq olduğunu, məhz bu səbəbdən Özbəkistanda Azərbaycanla bağlı maraqlı layihələrin həyata keçirilməsinin uğurlu olacağına inandığını bildirib. O, "Kitab aləmi" Cəmiyyəti vasitəsi ilə azərbaycanlı müəlliflərin əsərlərinin təbliği və satışı məsələləri, habelə "Kitab aləmi" Ticarət və İnformasiya Cəmiyyətinin Daşkənddəki mərkəzi ofisində "Azərbaycan guşəsi"nin yaradılmasını təklif etmişdir.

"Kitab aləmi" Ticarət və İnformasiya Cəmiyyətinin direktoru Şuxratcon Axundcanov Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini, Azərbaycan müəlliflərinin kitablarına Özbəkistanda oxucuları üçün maraqlı olduğunu və bu əsərlərə tələbatı olduğunu söylədi.

Görüş zamanı ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulması, azərbaycanlı müəlliflərin kitablarının "Kitab aləmi" Cəmiyyətində təqdimatının, imza günlərinin, görüşlərin keçirilməsi, onların kitablarının satışının reallaşdırılması, Cəmiyyətin Daşkənddəki Mərkəzi zalında "Azərbaycan guşəsi"nin yaradılması, hər il birgə prioritet mövzulara dair kitab çapı layihələrin həyata keçirilməsi razılaşdırılmışdır.

Sonda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru
Samir Abbasov Kitab aləmi" Ticarət və İnformasiya Cəmiyyətinin direktoru Şuxratcon Axundcanova "İrəvan xalçaları" kitabını hədiyyə edib.
Bu xəbər oxucular tərəfindən 510 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed