Şrift:
Kədərli gözlərdən başlanan tanışlıq
12.03.2012 [11:59] - DAVAMın yazıları
Dünya Azərbaycanlıları Konqresi Ağsaqqallar Şurasının iclasında iştirak etdiyim ilk günü yaxşı xatırlayıram. Məni məclisdəkilərə qonşum və köhnə dostum, AŞ-nin üzvü, jurnalist Məhərrəm Şəmkirli təqdim etdi. “Xoş gəldiniz” deyənlərə minnətdarlığımı bildirdim.
Əksəriyyəti mənim kimi, ömrünün xeyli hissəsini yaşamış, təcrübəli ziyalılar, yaradıcı insanlar idi. Babaxan Muradov, Məhəmməd Teymurlu, Sabir Nəbioğlu, Sabir Tağıyev və b. Dünya görmüş bu insanların aydın, gülümsər gözləri, səmimi nəzərləri mənim tez bir zamanda məclisə uyğunlaşmama səbəb oldu. Söhbətləri diqqətlə dinləməyə başladım. Bu söhbətlərin mərkəzində əsarətdə yaşayan Güney Azərbaycan dururdu.Güneydə soydaşlarımızın dözülməz, ürək parcalayan vəziyyəti təsvir olunurdu. Onlara kömək əlini uzatmaq üçün yollar aranırdı.
Güneydə yaşayan qardaş və bacılarımızın sayının belə məlum olmaması dövrümüzün ən böyük paradokslarından hesab oluna bilər. Ayrı-ayrı məmbələrdə İran İslam Respublikasında (İİR-də) 30-40 milyon, hətta daha çox Azərbaycan türkünün yaşaması barədə məlumat verilir. Onların öz ana dilində orta məktəbi, universiteti, hətta qəzeti, jurnalı, telekanalı, bir sözlə heç nəyi yoxdur. Hakimiyyətdə olan bir ovuc farc şovinisti min illərlə tarixi olan bir xalqı nə qədər təhqir etməyə, alçaltmağa çalışarmış, İlahi? Ingiltərənin himayədarlığı ilə hakimiyyəti zorla ələ keçirmiş farslar böyük bir xalqı işgəncələr içərisində yaşamağa məcbur edir, dünya isə hələ susur. Bu nə ədalətsizlik, haqsızlıq, özbaşınalıqdır? Hansı insafla, hansı vicdanla bütöv bir xalq ən xırda hüquqlarından belə məhrum edilmişdir? Bu yaxınlara qədər dəfələrlə inqilab etmiş, öz torpağının sahibi, öz həyatının qurucusu olmaqda israrlı olan bir xalqın bir gün qalxıb öz haqqını, vətənini tələb edəcəyini anlamaq İİR-də başbilənlər üçün beləmi çətindir? Bu insanların qalxması, ona belə rəzalət yaşadanları məhv etməsi artıq zərurətə çevrilmişdir. Belə bir qətiyyətli addım nə Tanrının iradəsinə və nə də mövcud dünyanın konkret qanunlarına zidd deyil…
Söhbətləri dinləyə-dinləyə məclisdəki insanları nəzərdən keçirirdim. Birdən bir cüt gözdə sonsuz kədər cəmləşdiyinin şahidi oldum. Qara buludlar sıxlaşaraq günəşi görünməz etdiyi kimi, bu gözləri bürümüş kədər də həmin insanın sifətini az qala görünməz edəcəkdi. Bu insan ədəbiyyat nəzəriyyəçisi, tənqidçi alım, tərcüməçi, Azərbaycan ədəbiyyatının inkişaf etdirilməsində böyük əməyi olan, Cənubi Azərbaycanın onlarla korifey yazıçıları haqqında möhtəşəm əsərlər yaratmış filologiya elmləri doktoru Sabir Nəbioğlu (Əmirov Sabir Nəbi oğlu) idi. Doğrusu, mən əvvəlcə başa düşmədim ki, insanın gözlərinə bu qədər kədərin toplanmasına səbəb nədir, lakin sonralar Sabir müəllimi tanıdıqca hər şey aydınlaşmağa başladı.
Sabir Nəbioğlu 1926-cı ildə Şuşa şəhərində anadan olub. Atası əslən Cənubi Azərbaycanın Qaradağ mahalından, anası isə Ağdamın mömin bir ailəsinin qızı olub. Sabir müəllim Şuşa şəhərində dünyaya göz açmasından böyük qürur duyur.
1938-ci ildə İrana sürgün ediləndə ailədəki 3 uşağın sonbeşiyi olan Sabirin cəmi 12 yaşı vardı. Sabir müəllim sürgünqabağı günlərdə ailəsinin, qohumlarının, qonşularının keçirdikləri narahatlıqları, sarsıntıları, isti yuvalarının dağıdılmasını, axıdılan göz yaşlarını indi də unutmamışdır. Ailə ya parçalanmalı, ata həsrəti ilə yaşamalı, ya da onunla birlikdə İrana getməli idi. Uzun-uzadı götür-qoydan sonra bir qərara gəlmək mümkün olmur. Bəs necə, qohum-əqrəbadan ayrılıb məchul istiqamətə doğru getmək asan deyil, axı! Lakin Nəbi kişinin qan ağlayan gözlərini xanımına dikərək “Ay Taci, mən sizsiz heç yerə gedən deyiləm. Ya siz də mənimlə gedəcəksiniz, ya da özümü dənizə atacağam” deməsi ailənin bütöv şəkildə İrana köçməsi qərarının qəbul edilməsi ilə nəticələndi.
Yolun əzabından yorulmuş ailə təxminən 1 aydan sonra Təbrizə yetişir. Bir neçə ay karvansarada min əzaba qatlaşaraq yaşayan ailə, nəhayət, birotaqlı, darısqal daxma ilə təmin olunur.
Dolanışıq olduqca ağır idi. Atası yeniyetmə Sabiri bir başmaqçı ustaya şagird verir. Əmək fəaliyyətinə başlayan Sabir həm də böyüklər üçün gecə kursu məktəbində oxuyur. Bir müddətdən sonra isə HOMAM adına məktəbin birinci sinfində oxumağa başlayır. Beşinci sinifdə oxuyarkən onun təhsilə olan böyük həvəsini, səyini, hər uşaqda müşahidə olunmayan qabiliyyətini nəzərə alan sinif rəhbəri (Naxçivani adlı müəllim) onunla əlavə məşğul olur. Bunun sayəsində Sabir imtahan verərək beşinci sinifdən yeddinci sinfə keçir. HOMAM məktəbini bitirdikdən sonra Təbriz Pedaqoji Texnikumuna daxil olur. 1943-cü ildə hərbçi Sovet vətəndaşlarının uşaqları üçün Təbrizdə 10-illik orta məktəb fəaliyyətə başlayır və Sabir texnikumdan çıxaraq bu məktəbdə təhsilini davam etdirir. Sabir müəllimin dediyinə görə, bu məktəbdə dərslər yüksək səviyyədə keçirilməklə bərabər, həm də təchizat olduqca yaxşı imiş. Gənc Sabir təhsil almaqla bərabər, həm də Təbrizdə yaradılmış teatr truppasında iştirak edir. Onun qəlbində teatr sənətinə sonsuz məhəbbəti yaradan Cəfər Cabbarlının dahiyanə əsərləri olmuşdu. Elə həmin kollektivdə də Azərbaycan Demokrat Firqəsinin sıralarına keçir və qısa bir zamanda fəallığı və bacarığı ilə fərqlənir. Bu səbəbdən də onu tələbə komitəsi sədrinin müavini seçirlər.
1946-cı ildə Azərbaycan Milli Hökumətinin hərbi təhsil almaq üçün Bakıya göndərdiyi gənclər arasında Sabir də vardı. Hərbi məktəbdəki bir ay yarımlıq təhsildən sonra gənc hərbiçiyə serjant rütbəsi verilir və taqım komandirinin müavini vəzifəsinə irəli çəkilir. Hərbi məktəbdə təhsil alarkən də gənc Sabir özfəaliyyət dram dərnəyində fəal iştirak edir.
Lakin 1946-cı ildə Güney Azərbaycanda Milli hökumət süqut etdiyindən hərbi təhsili davam etdirmək mümkün olmur, Sovet İttifaqı Kommunust Partiyası və Sovet hökuməti cənublu gənclərə başqa peşələr üzrə təhsillərini davam etdirmələri üçün şərait yaradır. Bunun nəticəsində gənc Sabir 1948-ci ildə Azərbaycan Dövlət Unuversitetinin (ADU-nun) filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olur.
ADU-da təhsil aldığı illəri xatırlayanda Sabir müəllim iftixar duyur, elə bil yarıbayarı cavanlaşır. O illərin xoş xatirələri Sabir müəllimin qanına hopmuş, genlərinə əbədi həkk olmuşdur. Bu barədə Sabir müəllim deyir:
-Universitetdə keçən təhsil illərim çox mənalı və səmərəli oldu. Bircə orasını xatırladım ki, bu illərdə mən həm ali təhsil səviyyəsində elmin sirlərinə yiyələnir, həm də Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin nəzdində fəaliyyət göstərən dram kollektivinin fəal üzvlərindən idim.Tələbəlik illərində C.Cabbarlının “Yaşar” pyesində Jaşar, “1905-ci ildə“ dramında Eyvaz Əsriyan, S.Vurğunun “Vaqif”ində Vaqif, Ə.Məmmədxanlının “Od içində” dramında Azər, Faadayevin “Gənc qvardiya” pyesində Sergey Tülenin rollarını oynadım.
Gənc Sabirə həmişə baş rolların tapşırılmasından da aydın olur ki, onun səhnə fəaliyyəti olduqca uğurlu olmuşdur, düşünürsən ki, səhnə fəaliyyətini davam etdirsəydi, kim bilir, hansı zirvələri fəth edərdi. Lakin təsadüf nəticəsində səhnədə tərəf-müqabili olmuş Fatma Qədri kimi bir korifeyin də onun haqqında müsbət fikir söyləməsinə baxmayaraq, teatrdan uzaqlaşır. Sabir müəllim o günləri belə xatırlayır:
-Artistlik fəaliyyətimi C.Cabbarlının “Aydın” pyesindəki Aydın rolunu oynamaqla başa çatdırmagı əhd etmişdim. Bu arzumun göyərdiyi yadıma düşəndə indi də dəruni sevinc hissləri bütün varlığımı bürüyür.
İstər-istəməz sual yaranır, səhnəyə bu qədər bağlı olan, bir-birinin ardınca uğurlar qazanan bir gənc nə üçün qəflətən 180o dönərək sənətdən uzaqlaşıb, həm də məhz Aydın rolunu oynadıqdan dərhal sonra. Beynimdə yaranan bu sualla Sabir müəllimə müraciət etdikdə o dedi:
-Mən səhnəyə həvəskar kimi gəlmişdim, heç vaxt səhnə ustası olmaq iddiasında deyildim. Bundan ötrü məndə müəyyən göstəricilər, məsələn boy-buxun, yüksək artistizm və s. də yox idi. Nə üçün məhz Aydını oynamaqla səhnə ilə vidalaçmağımın isə bir neçə səbəbi vardı. Birincisi, Aydın özünəməxsus roldu, ondakı canlı dramatizm, dinamika məni ovsunlamışdı, Ikincisi, Aydında olan fantastic romantizm mənim də qəlbimə hakim idi. Üçüncüsü, Aydının sevgilisi Gültəkini oynayan qıza dəlicəsinə vurulmuşdum.
-Evləndinizmi?
-Xeyr. O qızla qovuşa bilmədik. Qismət olmadı…
Lakin mənə elə gəlir ki, bütün bünlarla bərabər, Sabir müəllim öz alın yazısına uyğun yola yönələrək elmin şərəfli zirvəsinə yüksəlmək üçün səhnədən birdəfəlik uzaqlaşmışdır.
1953-cü ildə Universiteti bitirdikdən sonra Sabir müəllim “Azərbaycan gəncləri” qəzeti redaksiyasında işə başlayır. Böyük zəhmət hesabına ərsəyə gələn məqalələri onun ruhunu sevinc işığı ilə nurlandırır. Qollarına qüvvət, dizlərinə taqət, ürəyinə təpər, zehninə itilik və aydınlıq verir. İşindən, peşəsindən zövq ala-ala yaşayır, yaradır.
1957-ci ildə aspiranturaya daxil olur. Bundan sonra Cabir müəllimin həyatının ən mənalı günləri başlayır. O, “Cəlil Məmmədqulu¬zadənin (Molla Həsrəddin) felyetonları, 1906-1917” mövzusunda yazdığı dissertasiya işini 1966-cı ildə müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi alır. Bundan sonra uzun müddət Azərbaycan radiosunda çalışır. Ədəbiyyat sahəsində görkəmli alim, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA-nın) Nizami adına Ədəbiyyat İnstitutunun direktoru olmuş, professor Yaşar Qarayevin dəvəti ilə Sabir müəllim 1996-cı ildən həmin institutda çalışır. Bu institutdakı elmi-ədəbi mühit Sabir müəllimi doktorluq dissertasiyası üzərində işi başa çatdırıb müdafiə etməyə həvəsləndirir. O, 2004-cü ildə “Cənubi Azərbaycan Milli-Demokratik ədəbiyyatı (1941-1990)” movzusu üzrə müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi alır.
Sabir müəllim hazırda AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbyyatı şöbəsində baş elmi işçi vəzifəsində çalışır və Güneyin Şəhriyar, Səhənd, Gəncəli Səbahi, Səməd Behrəngi, Sönməz, Haşım Tərlan, Alav, İmran Səlahi kimi qələm ustalarının yaradıcılıqları və 1920-2000-ci illərdə Güneydə tənqid və ədəbiyyatşünaslıq mövzusu ətrafında tədqiqatlarını davam etdirir.
Yuxusuz gecələr, daim axtarışda keçən narahat gündüzlər, aylar, illər, onillər 700-ə qədər məqalənin, yazılması ilə nəticələnir. Sabir müəllim indiyədək 8 monoqrafiya nəşr etdirmişdir. Güney Azər¬bay¬canda gedən ədəbi hərəkat barədə qələmə aldığı məqalələri olduqca qiymətlidir. Hazırda elmi yaradıcılığını intensiv şəkildə davam etdirən Sabir müəllim qəzet və yurnallarda məqalələr nəşr etdirir, radio və televiziyada müxtəlif problemlər barədə çıxışlar edir, 3 monoqrafiyası çapa tam hazırdır. Maddi imkansızlıq üzündən nəşr etdirilməyən bu fundamental əsərlər Azərbaycan elmi fikrinin ləngiməsi deməkdir. Səlahiyyətli və imkanı olan insanların bu əsərlərin nəşrinə köməklik etməsinə ehtiyac vardır.
Sabir müəllim 45 ildən artıqdır ki, Cənubi Azərbaycan Yazıçılar Cəmiyyətinin məsul katibidir. Bundan əlavə, o, bir sıra digər təşkilat və cəmiyyətlərin idarə heyətinin fəal üzvüdür.
Bu gün Sabir müəllimi sevindirən, həyata bağlayan səbəblərdən biri də onun övladlarıdır. Oğlu – Əmirov Azər fizika üzrə fəlsəfə doktoru, qızı – Əmirova Afət ali təhsilli həkimdir.
Bu yaxınlarda Sabir Nəbioğlunun 85 yaşı tamam olmuşdur. Sabir müəllimə can sağlığı diləyir, Tanrının verdiyi qalan ömrünü də gözəl əsərlər yaratmağa sərf etməsi üçün imkanı olmasını arzulayırıq.
Sağ olun, Sabir müəllim, Sizinlə fəxr etməmək olmur. Sağlam əqidəniz, başmaq ustasının şagirdindən elmin zirvəsinə yüksəlməniz, yüzlərlə əsərlər yaratmanız və ən əsası, təmiz adınızı, şərəf və ləyaqətinizi qoruyub saxlamanız, cəmiyyətimiz üçün tam yararlı övladlar böyütməniz həyatda hər insana nəsib olmayan xoşbəxtlikdir.



Babək XALİSTÜRK
Dosent, “Qızıl qələm” mükafatı laureatı
Bu xəbər oxucular tərəfindən 1741 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed