Şrift:
Saakaşvili niyə Rəsulzadənin adını çəkdi?
12.03.2012 [13:03] - Siyasət
Nəsiman Yaqublu: “Gürcüstan demokratik dövlətinin baniləri ulu öndərin yaxın dostları olub”

Gürcüstan prezidenti Mixail Saakaşvilinin Azərbaycana səfəri zamanı Azərbaycanın istiqlal qurucusu M.Ə.Rəsulzadənin adını çəkib onun məşhur sözləri olan “Bir kərə yüksələn bayraq, bir daha enməz ” fikrini səsləndirməsi Azərbaycan cəmiyyətində böyük maraqla qarşılandı.

Məsələyə münasibət bildirən Rəsulzadə irsinin araşdırıcısı Nəsiman Yaqublu öncə həmin kəlamın öndər tərəfindən 1918-ci il dekabrın 7-də Azərbaycan parlamentinin açılış mərasimində söylədiyini xatırlatdı: “Ümumiyyətlə, Saakaşvili Qafqaz xalqlarının tarixini ətraflı bildiyini və dəyərləndirdiyini dəfələrlə sübut edib. Bu gün onun demokratik Gürcüstan cəmiyyətini qurması buna bir sübutdur. Onun fəaliyyətində Gürcüstanda ilk demokratik dövlətini qurmuş şəxsiyyətləri dəyərləndirmək başlıca yer tutur. Özünü "Qurucu David"in varisi adlandıran Saakaşvili 1918-1921-ci illərdə Gürcüstan demokratik dövlətinin əsasını qoymuş Noy Jordaniyanın və Noe Ramişvilinin (1881-1930) və digərlərinin xidmətlərini yüksək qiymətləndirir. Onların hər ikisi Rəsulzadənin yaxın dostları idi. Təsadüfi deyil ki, Rəsulzadənin 1930-cu ildə Parisdə rus dilində çap etdirdiyi “Panturanizm haqqında” kitabına giriş sözünü Jordaniya yazmışdı. 1930-cu ildə N.Ramişvilini bolşevik xəfiyyələri qətlə yetirəndə onun dəfn mərasimində ən təsirli çıxışı Rəsulzadə etmişdi. 1917-ci ilin 26-28-də Zaqafqaziyada Ümumrusiya Müəssislər Məclisinə seçkilərdə Rəsulzadənin başçılıq etdiyi Müsavat Partiyası müstəqil demokratik qrupla birgə 615.8169 (26,9 faiz) səslə ikinci, gürcülər isə 1 faiz səs artıqlığı ilə birinci yeri tutub Qafqazda böyük nüfuz sahibi olduqlarını sübut etmişdilər. O zaman Azərbaycan-Gürcüstan əlaqələrinin möhkəmlənməsində və Azad Qafqaz Evi ideyasının formalaşmasında Rəsulzadənin böyük xidmətləri vardı".
N.Yaqublu söylədi ki, öz keçmiş tarixini və irsini uğurla yaşadan və dəyərləndirən Saakaşvili bunları yaxşı bilir: “Bilir ki, Rəsulzadənin və onun mühacirətdəki gürcü dostlarının fəallığı ilə 1952-ci il, dekabrın 11-16-da Almaniyanın Münhen şəhərində Ümumqafqaz konfransı keçirilib və Rəsulzadə orada Qafqazın gələcəyi, eləcə də Rusiyasız Qafqaz ideyası ilə bağlı çox parlaq çıxış edib. 1951-ci il, yanvarın 18-də ABŞ-ın dəstəyi ilə SSRİ xalqlarının Azadlığı Uğrunda Amerika Komitəsi yaradılanda orada öz gürcü dostları ilə kommunist rejiminə qarşı ciddi mübarizə aparanlardan biri və birincisi Rəsulzadə idi”.
Tədqiqatçı deyir ki, Saakaşvili əslində Bakıdakı çıxışı ilə heç bir möcüzə yaratmayıb, sadəcə, Azərbaycan mühitində etiraf edilməyən həqiqətləri söyləyib: “Bu da ona xalqımızda hörmət hissini gücləndirdi”.

NURLAN
Bu xəbər oxucular tərəfindən 1380 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed