Şrift:
Türklərin Kəbəsi, səhrada gizlənən tarix... - SİRLƏR VADİSİNDƏN REPORTAJ
14.11.2016 [12:52] - Xəbərlər, Türkün şanlı tarixi
Bəlkə çoxlarına qəribə görünə bilər, amma bizi Monqolustana bağlayan qəribə hisslər və sıx tellər var. Dünyada Monqolustan deyincə, ilk ağla gələn Çingiz xan və böyük müharibələr olsa da, biz türklər üçün bu torpaqlar həm də ana yurdumuz, türk mədəniyyəti və dövlətçiliyinin təşəkkül tapdığı yer, ilk türk yazılı abidələrinin bulunduğu müqəddəs məkandır.
Uşaqlıq arzularımızı - müqəddəs Orxon vadisini, Bilgə Xaqan, Kültegin, Tonyukuk kitabələrini görmək, ulu babalarımızı, müqəddəslərimizi ziyarət etmək şərəfinə sahib olacağımızı Astanada yerləşən Beynəlxalq Türk Akademiyası (TWESCO) prezidenti, professor Darhan bəy Kıdıralidən duyduğum zaman sanki ayağım altından yer qaçdı, göy titrədi. Doğrudanmı, onillər boyunca bizə yasaq edilən gizli bir tarixin, həm də yazı tariximizin, dövlətçilik ənənələrimizin əks olunduğu abidələri öz gəzlərimizlə görəcək, tək Tanrı inanclı Hunların, Göytürklərin - atalarımızın məqamına yüksələcəyik?

Ən həyəcanlısı isə ictimaiyyətə geniş şəkildə məlum olmayan Şiveet Ulan məbədində yeni kəşflərə şahidlik edəcəkdik. Çünki bu məbəd qədim türklərin dinsiz olması ilə bağlı bütün fərziyyələri alt-üst etmiş, onların Tanrıçılıq inancı olduğunu faktlarla sübuta yetirmişdi. Təxminən 100 il əvvəl bu məbəd aşkara çıxarılsa da, diqqətdən kənarda saxlanmış, 15 dəfə yağmalanmaya və oğurluğa məruz qalmışdı. Bizim orta məktəblərdə oxuduğumuz dərsliklərdə isə nəinki Şiveet Ulan, artıq tədqiq olunmuş Orxon abidələri haqqında belə heç nə yazılmırdı. Çünki bu abidələr bizim zəngin mədəniyyətə, inanca, idarəçilik, dövlətçilik gələnəyinə sahib olduğumuzu bəyan edirdi, türkü özünə qayıdışa, özünü dərkə çağırırdı: “Ey Türk, üstdə göy dəlinmədikcə, altda yer yarılmadıqca, sənin ilini, törəni kim poza bilər... Titrə və özünə dön!”

Beləliklə, yolumuz Türk çöllərinə, Monqolustana, Ötükənə, Orxon vadisinədir!

* * *

Astanadan Monqolustanın paytaxtı Ulanbatora birbaşa reys yoxdur. Səbəbi eyni siyasi-iqtisadi blokda olan Rusiyanın Qazaxıstana bu uçuşlar üçün öz hava məkanından istifadəyə icazə verməməsidir. Qəribədir, deyilmi? Ona görə də Ulanbatora mənə xeyli doğma olan Bişkek üzərindən uçuruq.

Elə uçaqda ikən şahidi olduğum maraqlı müşahidəmi paylaşmaq istəyirəm. Bir neçə monqol gənci türkcə danışır. Onlarla qısa söhbətimdə Türkiyədə təhsil aldıqları məlum olur. Son illər bu ölkədən xeyli gəncin təhsil almaq üçün məhz Türkiyəyə üz tutduqlarını söyləyirlər. Maraqlı bir məqamı da qeyd edim. Uzun illər Sovet İttifaqının nüfuz dairəsində olmalarına baxmayaraq, bu ölkədə rus dilində danışan çox az insan tapmaq olar. Rusca bilənlər əsasən yaşlı monqol aydınlardır. Elə ingilis dili də o qədər yayğın deyil. Bəxtimiz onda gətirib ki, Qazaxıstanla birbaşa sərhədi olmasa da, ölkənin qərb tərəfində, Altay dağları boyunca qazaxlar yaşayır və onlar ölkənin ictimai həyatında xeyli fəaldırlar. Elə izsiz və kimsəsiz monqol çöllərində bələdçilərimiz də Monqolustan qazaxlarından olan həmkarımız Akadil Toişan və arxeoloq Napil Bazılıhandır.

* * *

Ulanbatorun Çingiz Xan adına beynəlxalq hava limanından şəhərə doğru irəlilədikcə şəhərin sürətlə inkişaf etdiyini, bir “tikinti bumu” yaşadığını seyr etmək mümkündür. Açığı, Monqolustan gözləntilərimdən daha zəngin gəldi mənə. Həm maddi, həm də mənəvi anlamda...

Amma təəssüf ki, hər şey pərakəndə, sistemsiz və dağınıq görünür. Paytaxtın mərkəzi hissələrində müşahidə olunan sürətli inkişaf elə bura ilə də məhdudlaşır. Şəhər ətrafındakı gecəqondular çox miskin, kasıb və kimsəsiz təsir bağışlayır. Monqolustan paytaxtı Bakının 20-30 il əvvəlki halını xatırladır. Şəhərin altyapısı, xüsusilə də yollar bərbad haldadır. Dar və təmirsiz küçələr artıq indidən tıxac məsələsini şəhərin bir nömrəli probleminə çevirib. Baxmayaraq ki, regionlardan gələn avtomobillərə paytaxta giriş üçün xüsusi rüsum tələb olunur (hər giriş üçün təxminən 80 qəpik), bu da problemi həll etməyib.

Səfər etdiyim hər bir şəhərdə ilk diqqət yetirdiyim məqam o şəhərin insanlarının yaşıllığa nə dərəcədə meylli olmasıdır. Şəxsi qənaətim budur ki, bir yaşayış məskənində mədəniyyət səviyyəsini ölçmək istəyirsənsə, onun arxitekturasına, müdhiş binalarına, kafe və restoran və barlarına deyil, öncə ağaclarına, yaşıllığına baxmaq lazımdır. Hələ təyyarədə ikən Ulanbator məni bu baxımdan xeyli üzdü. Amma sonra məlum oldu ki, paytaxtın yaşıllıqdan xeyli kasad olması inancla bağlı bir məsələ imiş. Əksər monqolların inancına görə, torpağı qazmaq, “incitmək” olmaz. Elə yəqin bu səbəbdəndir ki, münbit şəraitə baxmayaraq, ölkədə əkinçilik inkişaf etməyib. Əvəzində maldarlıq ən yüksək səviyyəyə çatıb. 3 milyon əhalisi olan ölkədə 55 milyon iri və xırdabuynuzlu mal-qara var. Bundan başqa, Yerin “xətrinə dəyməmək üçün” ölkənin kömür mədənlərində də yalnız qazaxlar çalışır. Mədənlərin ətrafında qazax kəndləri var. Rəsmi məlumatlara görə, qazaxlar ölkədə ikinci böyük xalqdır və əhalinin 4%-ni təşkil edir.

Monqollar demoqrafik baxımdan qonşu ölkələrə səpələnməsələr də, xeyli sayda monqolun iş üçün Cənubi Koreyaya üz tutduğu deyilir. Paytaxtın yaşadığı inkişaf bumunun səbəbi də orada varlanan monqol iş adamları və Cənubi Koreya, Yaponiyanın bu ölkəyə yatırdığı sərmayələrdir. İnvestisiya yarışına son illər nəhəng qonşu Çin də qoşulub.

Hər monqolun öz yolu var

Fikrimiz Monqolustan haqqında qeydlər yazmaq deyil. Bizim səfərin məqsədi də sadə təəssüratlardan daha alidir. Bunlar, sadəcə, yol qeydlərimizdir. Biz ortaq dəyərlərimizin, atalarımızın izi ilə “Tanrı dağından Ötükənə” gedirik...

Ulanbatordan Şiveet Ulana 490 km yol var. Ölkənin qərbinə uzanan dar və təmirsiz asfaltla xeyli irəlilədikdən sonra Orxon çayının sahilində süfrə açmışıq. Öz sükutu ilə bizə tarix nəql edən Orxon çayı... Orda keçirdiyin qəribə hissləri, yaşadığın duyğuları sözlə ifadə etmək, sadəcə, mümkünsüzdür.

Kiçik fasilədən sonra qərbə doğru yolsuz, izsiz çöllə irəliləyirik. Artıq asfalt da yoxdur və hava qaralır. Bir və ya iki çadırlıq məkanlarda qərar tutan çobanların özləri üçün açdıqları cığırlar hamısı eyni istiqaməti göstərir. Hansını seçəsən, hansı yolla gedəsən? “Hər monqolun öz yolu var” deyimi də elə burdan doğub. Gecə boyunca saatlarla gedirik. Bəzən bir istiqamətdə bir neçə dəfə gedir, dövr edir, yenidən gəldiyimiz kələ-kötür yola qayıdırıq. Ekspedisiya üzvlərini yorğunluq, həyəcan, təlaş və sevinc duyğularının qarışığından doğan qəribə hisslər bürüyüb. Gecə yarısı olmasına baxmayaraq, hamının yuxusu ərşə çəkilib, narahat yollarda mikroavtobusun atıb-tutmasından və həyəcandan içimiz titrəyir.

Amma biz müqəddəslərimizin, atalarımızın yolunu gedirik. Hər kəs bu yolun nə qədər əziyyətli, lakin bir o qədər də şərəfli olduğunun fərqindədir. Ona görə də ekspedisiya boyunca qarşılaşdığımız çətinliklər, gündüzün beyin yandıran istisi, gecələr monqol çölünün iliklərimizə qədər işləyən acımasız soyuğu, həqiqi yolu tapmaq üçün tez-tez on kilometrlərlə getdiyimiz yanlış məsafələr belə bizi yolumuzdan sapdırmır. Çünki bu yol bizi babalarımıza aparır, tək Tanrıya qovuşdurur.

Tanrı dağından Ötükənə

Ötükən qədim türk, monqol tarixində müqəddəs şəhər, türklərin ilk paytaxtı hesab olunur. Orxon çayı da mənbəyini bu yerlərdən götürür. Ötükən dağının türk mifologiyasında Namu adlı qoruyucu bir ruhu var. Elə Beynəlxalq Türk Akademiyasının təşkil etdiyi beynəlxalq ekspedisiya da belə adlanır - "Tanrı dağından Ötükənə: Böyük Çöl xalqlarının tarixi və mədəni dəyərləri".

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası (Türk Şurası) dövlət başçılarının Naxçıvan sammitində yaradılan və baş qərargahı Qazaxıstanın paytaxtı Astanada yerləşən Beynəlxalq Türk Akademiyası ötən ildən Monqolustan tərəfi ilə birgə Şiveet Ulan külliyyəsi də daxil olmaqla bir neçə yerdə ciddi tədqiqatlara start verib.

Son bir ildə Şiveet Ulanda aparılan arxeoloji qazıntılar nəticəsində türk tarixinə işıq tuta biləcək yeni qiymətli mənbələr aşkarlanıb. Akademiya prezidenti Darhan Kıdıralinin şəxsən rəhbərlik etdiyi ekspedisiya qrupunda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Rusiyadan dəyərli türkoloq və arxeoloqlar, beynəlxalq təşkilat rəhbərləri və media nümayəndələri var. Müxtəlif ölkələrdən, fərqli qurumlardan gələn insanları izsiz monqol çöllərində bir ortaq dəyər birləşdirir – Atalarımızın ruhunun daşıyıcısına çevrilən maddi və mənəvi dəyərlər!

Yaddaşım məni yanıltmırsa, hələ uşaq yaşlarında M.Qorkinin həyatından bəhs edən kitabda oxumuşam. Yazıçı uşaqkən axşam şam işığında gizlicə oxuduğu kitabda Hunlardan bəhs edən misranı oxuyur:
Gedir məzar kimi qaşqabaqlı lal,
O, Hunlar padşahı məşhur Atilla.

Qorki ev sahibəsindən soruşmuşdu. Kimdir bu Atilla, kimdir Hunlar? Qarı cavabında "onlar artıq yer üzündə yoxdur. Onlar məhv olmuş, nəsli kəsilmiş bir xalqdır" deyir.
Bəli, illər boyu bizi yanlış düşünməyə, öz babalarımızdan bixəbər yaşamağa məcbur ediblər. Amma bu gün biz - həmin Hunların, Göytürklərin övladları min illərin məbədi, Tanrıçılıq ayinlərinin icra olunduğu müqəddəs məkanda - Şiveet Ulandayıq.

Türklərin Kəbəsi

Şiveet Ulan külliyyəsi Orxon kitabələrindən sonra üzə çıxan ən böyük tapıntı hesab olunur. Türk tarixinin islamdan əvvəlki dövrü haqqında məlumatlar indiyədək əsasən Orxon daş kitabələrindən alınmışdısa, tədqiqatçılar qazıntıların davam etdiyi bu kompleksdən yeni və daha qədim kitabələrin, qiymətli məlumatların əldə ediləcəyi qənaətindədirlər.

Professor Darhan Kıdırali hesab edir ki, Şiveet Ulan məbəd kompleksi qədim türklərin, əcdadlarımızın müqəddəs bildiyi bir yer, Kutluq, İlteriş, Bilgə xaqanların, Tonyukuk vəzirin, Kültegin kimi türk sərkərdələrin gəldiyi, ibadət etdiyi bir məkandır. Bura islamiyyətdən öncə türklərin əsas inanc yeri olub. Onlar bura gələr, ayinlər icra edər, qurbanlar kəsər, qurultay keçirərdilər. Bu tapıntı indiyədək türklərin köçəri və dinsiz olması ilə bağlı fərziyyələri də alt-üst edib. Qədim türklərin Tanrıçılıq dini olduğunu və tək Tanrıya ibadət etdiyi təsdiqlənib. Ona görə də Beynəlxalq Türk Akademiyası burda aparılan qazıntılara xüsusi önəm verir. Bu məqsədlə Monqolustan Elmlər Akademiyası ilə xüsusi memorandum da imzalanıb. Qazıntılar bir ildir aparılır və bundan sonra da davam etdiriləcək. Müxtəlif ölkələr tərəfindən bir neçə dəfə məbəddə tədqiqatlara cəhd olunsa da, ilk geniş tədqiqatı aparmaq Beynəlxalq Türk Akademiyasına qismət olub.

Arxeoloqlara görə, bu məbəd Göytürklərdən öncəki vaxtlara, Hunlar dövrünə, yəni Oğuzların Orta Asiya və Qafqazlara hərəkətindən əvvəlki tarixə aiddir. Tək Tanrıya inanan türklər bura yığışar, qərarlar qəbul edər və əsas məsələləri də burda həll edərdilər. Onların inancına görə, bura dünyanın mərkəzi hesab olunurdu. Qazıntılar zamanı tapılan çeşidli daş abidələr də bunu təsdiq edir. Oxşar tapıntılara Qafqazlar və Anadoluda da təsadüf olunur. Amma tədqiqatlar həmin abidələrin ilk ünvanının bura olduğu qənaətini doğrulayır.

Kompleksdə ən diqqət çəkən abidələrdən biri qədim türk boylarının tamqalarının yer aldığı məşhur Bengü daşıdır. Burda avşar, salur, bayandur kimi 65 qədim türk boyunun tamqası yer alıb. Bengü daşında türklər varlıqlarını tarixin yaddaşına köçürmək üçün öz tamqalarını qoyurdular.

Buralar tək Tanrıya inanc gətirən Göytürklərin ibadət məkanı, Kəbəsi idi. Bengü daşı, Bilge Xaqan, Kültegin ve Tonyukukun ruhunun daşıyıcısına çevrilən danışan daşları görüncə göz yaşlarını tuta bilməyən, sevinc duyğularına boğulan həmkarlarımı görmək istər-istəməz məni də duyğular selinə qərq edir. Qəribə bir hiss adamı içdən titrədir, sanki bütün günahlardan təmizləyir, paklaşdırır.

Bilgə Xaqanın məqamında

Şiveet Ulandan ilk türk yazılı abidələrinin tapıldığı məkana gedirik. Yol yorğunluğumuzu sərkərdə Külteginin atlarının su içdiyi, ucsuz-bucaqsız səhranın nəhəng mirvarisini xatırladan Ögenur və Şağanur gölləri alır. Biz onların suyunu içirik, onlar bizim stressimizi...

Orxon vadisi türklərin bu ərazilərdə böyük bir sivilizasiya qurmasını təsdiqləyən faktlarla zəngindir. Hələ mediaya açıqlanması məsləhət görülməyən əsrarəngiz tapıntılar var. Qarşıdakı ildə tədqiqatların miqyasının genişləndirilməsi və bu tapıntıların da ictimaiyyətə açıqlanması gözlənilir. Yeni tapıntıların içərisində qiymətli yazılı mənbələrin də olduğu güman edilir.

Elmə məlum olan ilk türk yazı mənbələrini - Bilgə Xaqan, Kültegin və Tonyukuk kitabələrini TİKA qoruma altına alıb. Abidələri dağıntılardan qorumaq üçün tikilən səhra muzeyində yazıların orijinalları saxlanılır.

Bəli, bura TÜRK adının tarixə yazıldığı ilk müqəddəs məqam - Bilgə Xaqan, Kültegin daş kitabələrinin dünyanın köksünə sancıldığı yerdir! Bura Ata yurdumuz Orxon vadisidir! Bura qədim Türk dili, mədəniyyəti, tarixi və dövlətçiliyinin öyrənilməsi baxımından əvəzsiz, müqəddəs bir məkandır!

Bu kitabələrinin tədqiqatçılarından P.Melioranski təsadüfən yazmırdı ki, o dövrdə türklərin necə yüksək mədəniyyətə sahib olduğunu bilmək üçün Orxon kitabələrini oxumaq kifayətdir. Çünki yazılarda imla xətası belə yoxdur. Kitabələr səlis türk əlifbası ilə, imla qaydaları tam gözlənilməklə yazılıb.

Bu abidələrlə Bilgə Xaqanın vəziri Tonyukukun yazdırdığı nəsihət xarakterli daş kitabələrin yerləşdiyi məkan arasında 400 km məsafə var.

Orxon abidələrində yer alan fikirlər Göytürk xaqanlarının xalq üçün, dövlətçiliyin möhkəmləndirilməsi naminə gördükləri işlərin müasir dövrdə də dövlətçilik mədəniyyəti baxımından örnək ola biləcəyini göstərir.

Monqollarla kökümüz eynidirmi?

Türklərlə monqolların eyni etnik kökə sahib olub-olmaması ilə bağlı mübahisələr illərdir davam etsə də, bir məsələ dəqiqdir ki, biz eyni dil qrupuna aidik. Monqol dili də türk, tunqus, koreya və yapon dilləri kimi Altay dillər qrupuna daxildir. Adi danışıqda monqol dilindən heç nə anlamaq mümkün deyil. Amma cümlələrin fonetik və leksik quruluşu, söz sırası türk dillərində olduğu kimidir. Yeri gəlmişkən, monqollar sovetlərin təsirinə düşdükləri zamana, yəni kiril əlifbasını qəbul edənə qədər qədim türklərdə, Orxon kitabələrində olduğu kimi yuxarıdan aşağı yazır və uzun müddət qədim uyğur əlifbasını istifadə edirdilər.

Monqolca-qazaxca böyük lüğətin müəllifi, tədqiqatçı və arxeoloq Napil Bazılhan da xeyli sözlərin ortaq mənşəyinin olduğu, zaman keçdikcə fərqlərin ortaya çıxdığı qənaətindədir.

Əksər monqol tarixçilər də türklərlə monqolların qohum, Çingiz xanın da ortaq hökmdarımız olduğu qənaətini paylaşırlar.

Öz Daşlarımız - Yurddaşlarımız

Ucsuz-bucaqsız çölləri dolaşdıqca, tədqiq olunmaq üçün səhranın ortasından boy atıb boylanan, öz tədqiqatçısını axtaran əsrarəngiz kurqanları seyr etdikcə, təəssüf hissi keçirməyə bilmirsən. Son illər bəzi tarixçilərimiz arasında müşahidə etdiyim tendensiya məni qorxuya salır. Niyə biz Azərbaycan tarixini yalnız Qafqazlara, Yaxın Orta Şərqə həbs etmək istəyirik? Axı bizim tariximiz Çin səddindən, Avrasiya çöllərindən Avropanın mərkəzinə qədər uzanır. İllər boyu bu tarixi öyrənməyi bizə yasaq ediblər. Amma indi hər şey öz əlimizdədir.

Səfər boyu Türk Akademiyası adından keçirilən rəsmi görüşlər, imzalanan müqavilələr də Monqolustan rəsmilərinin Akademiyanın apardığı tədqiqatlara müsbət yanaşdığını ortaya qoyur. İndi bəlkə də tariximizi Çin, ərəb və erməni mənbələrində axtarmağa ehtiyac yoxdur. Çöldə bizə həqiqəti, tariximizi daha dəqiq danışacaq çoxlu daşlar var. Düşmən başının üstündən asılan ÖZ DAŞLARIMIZ, YURDDAŞLARIMIZ...


Füzuli Məcidli
Bu xəbər oxucular tərəfindən 1393 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed